Xalq artisti Faiq Ağayevlə əməkdar artist Röya Ayxan yeni qalmaqala imza atıb
Belə ki, Röyanın jurnalistlərlə görüşü zamanı F. Ağayevin “Azərbaycanda 3 müğənni konsertdən real gəlir və izləyici toplayır ki, onlardan biri də mənəm” sözlərinə münasibəti sərt olub.
Axşam.az-ın məlumatına görə, Röya Faiqin fikirləri ilə razılaşmadığını, özünü birinci gördüyünü deyib:
“Faiq Ağayev konsertdən real gəlir əldə edən 3 müğənnidən birinin özü olduğunu söyləyib. Digərlərinin isə adını açıqlamayıb. Lakin demək istəyirəm ki, Azərbaycanda verdiyi konsertdən real gəlir və izləyici yığan müğənnilərdən birincisi elə özüməm. İkincini axtarıram”.
Əməkdar artistin bu açıqlamasından sonra Ağayev rəsmi instaqram hesabından paylaşım edib.
O, konsertindən görüntülər yayımlayaraq “Sizi də sadəlövh sayıb, özünü də, ətrafı da yəqin ki, aldatmaq istəyənlər olub. Yaxın keçmişə səyahət” şərhini yazıb.
R. Ayxan həmkarının paylaşımından sonra instaqramda video paylaşıb və Faiq Ağayevə məsləhət görüb:
“Bu günə kimi hörməti qoruyub saxlamışamsa, elə də olacaq. Amma çox qaşıma”.
Daha sonra Ağayev geniş açıqlama yayıb:
"Əslində, xoşagəlməz haldır. Görünür, istəməsəm də, mövqe bildirməliyəm. Röya 2000-ci illərdə səhnəyə gəldiyi ilk, əzəl gündən məndən yalnız səmimi rəğbət, əməli dəstək görüb. El-aləmin onu kəsib-baltaladığı, kəskin tənqid etdiyi bir dönəmdə sənət aləmində ancaq mən ona arxa-dayaq durdum.
Məlum açıq-saçıq klipi ucbatından yaranan qalmaqaldan sonra ATV-də yayımlanan Yusif Ağayevin "106 HOUSE" verilişinə zəng edib, canlı yayımda olan hələ gənc, peşəkar səhnədə yenicə addımlamağa başlayan Röyaya bunu dedim:
"Ona çılpaqmı deyirsiz? Düz deyirsiz. Bəli, Röyanın qəlbi çılpaqdır, o maskalanmış halda qarşınıza çıxmır, dəstəkləyirəm onu!".
Bundan sonrakı illərdə də onu aşırı istedadlı, zəhmətkeş həmkarım sayıb, barəsində yalnız xoş, səmimi, sevgi dolu ifadələr işlədib, müxtəlif həlledici məqamlarında yanında dost, böyük qardaş kimi olmuşam.
Əgər jurnalistlərimizə inansaq, yaşı sənət stajım qədər olan Röya dünən bu ifadələri işlədib:
"... demək istəyirəm ki, Azərbaycanda verdiyi konsertdən real gəlir və izləyici yığan müğənnilərdən birincisi elə özüməm, ikincini axtarıram".
İbtidai sinif şagirdi də primitiv riyazi hesablamalar aparsa, bəllidir ki, 1991-ci ildən bu yana heç bir çağdaş müğənnimiz keçirdiyim solo-konsert sayına, gələn tamaşaçı, qazanılan qonorar, dövlətə ödənilən verginin miqdar və miqyasına çatmayıb. Bu məsələdə müasir estradamızda rəqibim birmənalı, mübaliğəsiz şəkildə yoxdur.
2007-də keçirdiyim 5 günlük anşlaqlı solo-konsert rekordumu da hələ ki, heç kim nə əldə edib, nə də ki yeniləməyib.
Röyanın uğurla keçirdiyi konsertlərini, layihələrini heç vaxt kölgəyə alıb, böyük zəhmətini danmamışam, incikliyinə səbəb olmamışam. Əksinə, həmkarımı çəkinmədən səmimi təbrik edib, sevinmişəm nailiyyətlərinə. Və, çox güman ki, o, dediklərini (əgər doğrudan da belə deyibsə) əslində özünə qarşı yönəlmiş, növbəti media qalmaqalı üçün əvvəlcədən düşünülmüş təhrik (provokasiya) tələsinə düşərək, bilmədən söyləyib. Mən bu dəqiqəyə kimi məhz belə düşünmək istəyirəm.
Çünki, belə deyilsə, çox ayıb bir mənzərə yaranır. Ədalətsiz iddia, əsassız təkəbbür, utancverən əda və lovğalıq. Nə yüksək "Əməkdar Artist" adına, nə xalqın gerçək sevimlisi statusuna, yaraşmaz belə səbəbsiz "ixtira"".
MilliYol.Az
Digər xəbərlər
loading...