“Bank Standard” QSC-nin lisenziyasının ləğv olunması, bankının idarə heyətinin sabiq sədri Səlim Krimanın ölkədən qaçması, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun isə həbsi Heydər Babayevdə ciddi panika yaradıb
2008-ci il prezident seçkilərindən sonra hökumətin tərkibindən uzaqlaşdırılan sabiq iqtisadi inkişaf nazirinin qurduğu biznes imperiyasına ciddi təhlükə var. Qeyd edək ki, hazırda Baş Prokurorluq “Bank Standard”la bağlı başlamış cinayət işinin istintaqını davam etdirir.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölmüşdür. Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Heydər Babayevin ailəsinə məxsus “AB Standard” QSC-nin tərkibinə lizinq, sığorta, bank, hüquq, istehsal, hotelçilik və digər sahələrə aid bir neçə şirkət daxildir. Hazırda holdinqə “Standard Lizinq” QSC, “Standard Kapital” MMC, “AJC” MMC (daşınmaz əmlak idarəçiliyi), “AB Skybell” MMC (telekommunikasiya-bu şirkət çoxdan fəaliyyət göstərmir), “Dərnəgül Boru Zavodu” QSC və “Lənkəran Mehmanxana” QSC daxildir.
Başqa oliqarxlardan fərqli olaraq, H.Babayev holdinqin səhmlərinin 100 faizinin ona aid olduğunu gizlətmirdi. Ötən ilin sentyabrında “Bank Standard”ın lisenziyasının ləğvi, həbslər və müştərilərə olan borcun hələ də qaytarılmaması isə H.Babayevi başqa taktika seçməyə məcbur edib. AzadlıqRadiosunun son araşdırmasında deyilir ki, “Standard Lizinq” 2016-cı ildə 1.3 milyon manat zərərə uğrayıb. Dərnəgüldəki plastik boru zavodunun 2016-cı ilin əvvəlinə ödənilməmiş zərəri 8 milyon manata çatırdı. Lənkəranda “Qala” adı ilə tanınan mehmanxana da holdinqə xeyir gətirmir.
H.Babayevin vəziyyəti son aylar daha da pisləşdiyindən bir neçə gün əvvəl holdinqin rəhbərliyində müəmmalı dəyişiklik olub. Uzun illər “AB Standard” QSC-yə rəhbərlik etmiş Oruc Heydərov bu yaxınlarda vəzifəsini Hadi Məmmədova ötürüb. Vergilər Nazirliyinin məlumat bazasında da bu fakt təsdiqini tapıb. O.Heydərov bu ilin aprelində təyinat aldığı “Standard Insurance” sığorta şirkətində Müşahidə Şurasının sədri vəzifəsində qalır. Yeri gəlmişkən, mediada H. Babayevin sahibi olduğu “Standard İnsurance Georgiya” şirkətinin onun tərəfindən gizli şəkildə öz həyat yoldaşı Aliyə Babayevaya satıldığı barədə xəbər yayıb.
Holdinq ərtafında çənbərin daralması, Respublika Prokurorluğunun “digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri” barədə bəyanatı H.Babayevi özünü “sığortalamağa” məcbur edib. Şirkətlə bağlı yuxarıda qeyd etdiyimiz dəyişikliklər də buna işarə ola bilər.
“Yeni Müsavat”a etibarlı mənbədən sızan xəbərlər də kifayət qədər sensasiondur. Bildirilir ki, H.Babayevin özünün 100 milyon manatdan çox borcu var. Bura “Standard Bank”ın müştərilərinə olan borcu daxil deyil. Yada salaq ki, Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, “Bank Standard”ın 1,2 milyard manat borcu var. Bunun yalnız 462 milyon manatını sığortalanan əmanətlər təşkil edir.
Heydər Babayevin şirkəti “AB Standard” isə bu zərərlərə görə yalnız təsisçi kimi onun kapitalına sərmayəsi həddində – 75 milyon manat həcmində öhdəlik daşıyır. Yəni qanunvericiliyə görə, holdinqdən onun başqa əmlakını bu bankın zərərini ödəməyi tələb etmək olmaz.
***
Məhz bu və hələ ki məlum olmayan digər səbəblərdən H.Babayev yavaş-yavaş “yoxa çıxır”. İddialara görə, sabiq nazir bütün əmlakını satıb ölkədən getmək istəyir. Bu xəbərlər ləğv prosesində olan “Bank Standard”ın Kreditorlar Komitəsinin bir neçə gün əvvəl prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdiyi bir vaxta təsadüf edir. Belə güman etmək olar ki, “Bank Standart” maxinasiyası “Beynəlxalq Bank işi” qədər sensasion həbslərlə müşahidə oluna bilər. Bildirilir ki, H.Babayevin əmlaklarını satması barədə xəbər dərhal hakimiyyətdə müəyyən dairələrin narazılığına səbəb olub. H.Babayevin ona vaxtilə verilən səlahiyyətlərdən istifadə edərək özünə böyük bir biznes şəbəkəsi qurması, indi isə az qala yarıgizli şəkildə bunları satışa çıxarması və ya təsisçilərini dəyişməsi iqtidarı narazı salıb. Mənbə deyib ki, sabiq nazirə “heç nəyi sata bilməzsən” mesajı da artıq verilib.
Bəs bundan sonra nə olacaq? H.Babayev üçün hansı yol görünür? Yolun sonuna gəldimi?
Güman ki, yaxın günlərdə bu suallara böyük ölçüdə aydınlıq gələcək.
MilliYol.Az
Digər xəbərlər
loading...