Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vanbo Aurelienin cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rahib Salmanov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək V.Aurelienin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası oktaybrın 4-nə təyin edilib.
Qeyd edək ki, bu ilin fevralında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən vətəndaş tanımadığı şəxslərin onun etimadını qazanaraq 20000 ABŞ dollarını guya xüsusi kimyəvi vasitələrlə 40000 ABŞ dollarına çevirəcəkləri adı ilə aldadaraq pulunu dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. İdarə əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Kamerun Respublikasının vətəndaşı Vanbo Aurelien saxlanılıb. O, bir qrup şəxslə əlbir olaraq, beynəlxalq miqyaslı idman yarışları, eləcə də tədbirlər ərəfəsində Bakı şəhərinə çoxlu sayda turistlərin səfər edəcəyini bildiklərindən qeyd olunan üsulla əcnəbi qonaqların və yerli vətəndaşların pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini bildirib.
Vanbo Aurelienin Xətai rayonu ərazisindəki yaşadığı evə baxış zamanı oradan kimyəvi maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Məhkəmə prosesində V.Aurelien ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilmədiyini, zərərçəkmiş Məmməd Məmmədovu əvvəlcədən tanıdığını, onun mənzilində kirayədə yaşadığını deyıb: "O pulu mən yox, mənim yerlim Luma Kables alıb. Məmməd pulu Lumaya verib və o da bu ilin yanvar ayından Bakıdan gedib. Ondan sonra əlaqə saxlamaq mümkün olmayıb. Mən onunla Bakıda tanış olmuşdum. İttihamda yazılanları mən törətməmişəm. Anam bu xəbəri eşidəndən sonra dünyasını dəyişdi ".
MilliYol.Az
Digər xəbərlər
loading...