“Azərbaycan və Türkiyə pilotlarının birgə iştirakı ilə artıq 5-ci dəfədir ki, keçirilən bu təlimlər böyük əhəmiyyətə malikdir”
Bunu “Report”a Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) baş şturmanı, polkovnik Faiq Əliyev bildirib.
Onun sözlərinə görə, təlimlərdə Azərbaycanla yanaşı Türkiyənin hava qüvvələri bazasından da helikopter və döyüş təyyarələri iştirak edib: “Artıq bizim birgə təlimlərimizdə, şərti olaraq döyüş tapşırıqlarını birgə yerinə yetirməkdə heç bir problem yoxdur. Biz artıq döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirmə vəziyyətinə çatmışıq. Hazırda aerodromda Türkiyə tərəfindən 3 ədəd F-16, 2 ədəd “Sikorski S-70” helikopteri, dəniz qüvvələrinin təyyarələri və yük təyyarələri, Azərbaycan tərəfindən çoxlu sayda MiQ-29, Su-25 təyyarələri və helikopterlər uçuşları yerinə yetirir”.
Baş şturman əlavə edib ki, təlimlərə ümumilikdə 30-dan çox döyüş texnikası cəlb edilib: “Təlimlərdə Türkiyədən 170-dən çox şəxsi heyət iştirak edir. Bu təlimlərin Azərbaycan hava qüvvələri üçün çox böyük üstünlükləri var. Biz çalışırıq ki, çoxmillətli birgə beynəlxalq təlimlərə hazırlaşaq. Hazırda bu təlimləri Türkiyə ilə birgə həyata keçiririk. Biz gələcəkdə Türkiyədə 15-ə yaxın ölkənin birgə iştirakı ilə keçirilən “Anadolu Qartalı” təlimlərində də təmsil olunmaq istəyirik. Biz sovet taktikasını bilirik. NATO taktikasını da artıq öyrənmişik. İndi bizim aviasiya qüvvələri bu iki taktikanın birləşməsindən yeniliklər əldə edir. Sovet və NATO təyyarələrində elektronika sistemi, sürət və hündürlükölçmə, naviqasiya sistemləri fərqlidir. Pilotların öyrədilməsi metodu da fərqlidir. Azərbaycan və Türkiyə arasında ilk təlimlərlə müqayisədə artıq bizim pilotlarımız indiyədək bir çox işləri öyrəniblər. Təlimlər zamanı ortaq öyrətmə metodundan istifadə edirik. Pilotlarımız bir-birini tez başa düşür, tapşırıqlara düzgün və sərbəst şəkildə əməl edə bilirlər. Artıq bərabər uçuşlarımızda heç bir çətinlik yoxdur. Gürcüstan Hərbi Hava Qüvvələrinin nümayəndələri bu təlimləri izləmək üçün aerodroma gəliblər. Onların gəlişində məqsəd gələcəkdə Gürcüstan təyyarəçilərinin də “TurAz Qartalı” təlimlərinə qoşulmasını müzakirə etməkdir”.
MilliYol.Az
Digər xəbərlər
loading...