Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin APA-ya müsahibəsi
- Cinayət Məcəlləsinə təklif edilən son dəyişikliklər kifayət qədər mühüm maddələri əhatə edir, cəza mexanizmində ciddi dəyişiklikləri özündə əks etdirir. Bu barədə rəyinizi öyrənmək istərdik.
- Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ölkə qarşısında duran mühüm vəzifə dövlətçiliyin daha da möhkəmləndirilməsindən, həm hüquq, həm də qanunvericilik sisteminin təkmilləşdirilməsindən və bütün bunların əsasında hüquqi dövlət qurmaq yollarını müəyyən etməkdən ibarət olub. Sosial həyatın bütün sahələrində olduğu kimi, qanunvericiliyin yeniləşdirilməsi və hüquq-mühafizə orqanları infrastrukturunun yenidən qurulması sahəsində aparılan islahatlar, məhkəmə islahatı son dövrün mühüm nailiyyətləridir. 2000-ci ildə qüvvəyə minən yeni Cinayət və Cinayət-Prosessual Məcəllələri şəxsiyyətin hüquq və azadlıqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi, ölkənin cinayət və cinayət-prosessual qanunvericiliyinin demokratikləşdirilməsi sahəsində irəliyə atılan böyük addım olub. Qanunvericiliyin təyinatı insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, cinayətkar qəsdlərdən qorumaqdan, cinayətlərin qarşısını almaqdan, habelə Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməkdən ibarət olub. Lakin aparılmış təhlillər göstərir ki, cinayət təqibi gedişində cinayət prosesini həyata keçirən orqanlar tərəfindən zərurət və qanunvericilikdə nəzərdə tutulan konkret əsaslar olmadan həbs qətimkan tədbirinin seçilməsinə və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə üstünlük verilir, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların və xüsusilə ictimai işlər cəzasının icrasına formal yanaşılır. Cinayətkarlıqla mübarizə hər bir demokratik cəmiyyətdə dövlətin qarşısında duran, həmin dövlətin ümumi siyasətinin, o cümlədən hüquq siyasətinin əsas istiqamətlərindən birini təşkil edən prioritet məsələlərdən biridir. Belə mühüm mübarizənin ciddi qanun çərçivəsində aparılması, təqsirkarların vaxtında aşkar edilib ifşa olunması və təqsiri olmayan hər bir kəsin əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsi, şəxslərin azadlıq hüququnun ön plana çıxarılması, cəzanın tətbiqi prosesində ədalət və humanizm prinsiplərinə əməl edilməsi prezident İlham Əliyevin həyata keçirdiyi humanist siyasətinin tərkib hissəsidir.
Layihədə cəzanı yüngülləşdirən halların dairəsi də genişləndirilib və təkmilləşdirilib, eləcə də cinayət məsuliyyətindən azad etmə ilə bağlı qüvvədə olan normalar liberallaşdırılıb. Həmçinin mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə və narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə ilə bağlı yeni maddələr də əlavə edilib.
- Bununla bağlı Azərbaycan prezidenti bu ilin əvvəlində müvafiq sərəncam da imzaladı. Ümumiyyətlə, qanunvericilikdə bundan irəli gələn hansı yeni layihələrin müzakirəsi nəzərdə tutulur?
- Bildiyimiz kimi, cənab prezident tərəfindən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncam imzalanıb. Bu sərəncam prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquq islahatlarının, onun həyata keçirdiyi ədalətli, humanist siyasətinin davamı olmaqla, cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması və şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilmələrinə şərait yaradılması məqsədi daşıyır. Sərəncamda cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə bir neçə istiqamət üzrə tədbirlərin görülməsi müəyyən edilib. Bu istiqamətlərə uyğun olaraq prezident tərəfindən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklərin edilməsi haqqında qanun layihələri Milli Məclisə daxil olub. Cinayət Məcəlləsinin həm ümumi, həm də xüsusi hissələrinə təklif edilən dəyişikliklər cəza tətbiq etmə və ümumilikdə cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı liberallaşdırmanı, həmçinin iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasını, müvafiq maddələrin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəza olaraq azadlığın məhdudlaşdırılması cəzasının əlavə edilməsini nəzərdə tutur. Bununla bağlı bir neçə dəyişikliyi xüsusi qeyd etmək istəyirəm. Residivin müəyyən edilməsi zamanı nəzərə alınmayan məhkumluqların sırasına azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqların da əlavə edilməsi təklif edilir. Belə ki, əvvəllər hansı cinayətin törədilməsindən asılı olmayaraq, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməklə məhkum olunmuş şəxs tərəfindən yenidən hər hansı bir cinayət törədildikdə bu artıq residiv yaratmayacaq. Həmçinin, əvvəllər qəsdən ağırlıq dərəcəsindən asılı olmayaraq hər hansı bir cinayəti törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən böyük ictimai təhlükə törətməyən cinayəti törətməsi də residivin yaranmasını istisna edəcək.
- Son vaxtlar cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də ömürlük cəzalarla da bağlıdır. Bununla bağlı nə nəzərdə tutulur?
- Ömürlük azadlıqdan məhrum etmə cəzası ilə bağlı qeyd etmək istəyirəm ki, təklif olunan dəyişikliyə görə məhkəmə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növü on ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər. Cinayət Məcəlləsinin qüvvədə olan 57.4-cü maddəsinə əsasən bu müddət on beş ildir. Ümumiyyətlə, layihədə cəzanı yüngülləşdirən halların dairəsi də genişləndirilib və təkmilləşdirilib, eləcə də cinayət məsuliyyətindən azad etmə ilə bağlı qüvvədə olan normalar liberallaşdırılıb. Həmçinin mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə və narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə ilə bağlı yeni maddələr də əlavə edilib.
Eyni zamanda İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər ictimai işlər növündə cəzanın formal icrası təcrübəsinin qarşısının alınması, ictimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarətin təmin edilməsi məqsədilə təklif olunub. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər ictimai işlər növündə cəzanın və inzibati tənbehin icra edildiyi yerin işəgötürəni tərəfindən məhkum üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edilməməsinə, yaxud işlədiyi saatların uçotunun aparılmamasına və ya düzgün aparılmamasına, habelə ictimai işlərin yerinə yetirilməsindən boyun qaçırma halları barədə icra məmuruna məlumat verilməməsinə görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edir.
- Bu dəyişikliklə bağlı ictimaiyyətin məlumatlandırılması, ictimai rəyin öyrənilməsi ilə bağlı hansı addımlar atılır?
- Bununla bağlı kütləvi informasiya vasitələrində çıxışlar olub, müzakirələr aparılıb. Hazırda da bu davam edir. Bundan başqa, sentyabrın 29-da biz bu dəyişikliklərlə bağlı geniş ictimai dinləmələr təşkil edəcəyik ki, orada bu məsələ geniş müzakirə olunacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...