Dünyada “ofşor” deyilən kimi ilk olaraq fikrə vergidən yayınmaq imkanları geniş olan ərazilər gəlir
Amma “ofşor” həm də çoxlu sayda şirkətlərin qeydiyyatdan keçdiyi, bir çox hallarda isə fəaliyyət göstərdiyi əraziləri də ifadə edir. Bu baxımdan, Azərbaycanın da öz “ofşor” ərazisi olduğunu söyləmək olar. Həmin ərazi cənub regionundakı 2 rayonu əhatə edir – Masallı və Lənkəran. 2010-cu ildən bəri bu rayonlarda qeydiyyatdan keçib, dövlət qurumlarının tenderlərində çoxsaylı layihələr, on milyonlarla manatlıq sifariş alan yüzlərlə şirkət var.
Masallının “sehrli əli”
Tenderlərin rəsmi reyestrində və Vergilər Nazirliyinin kommersiya hüquqi şəxslərə dair bazasındakı araşdırmalar zamanı diqqətimizi çəkən bu fakt xeyli maraq doğurur. Belə ki, Masallı rayon Şıxlar ünvanında 2015-ci ilin fevralında qeydiyyatdan keçmiş “Masal-994” MMC 2015-2016-cı illərdə Masallı, Lerik, Balakən, Qəbələ, Göyçay, Hacıqabul və sair rayonlarda müxtəlif dövlət təşkilatlarının, həmçinin Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin keçirdiyi 74 tenderdə qalib olaraq, üst-üstə 3 milyon 212 361,96 manatlıq sifariş icra edib. Bu MMC-nin hüquqi təmsilçisi(faktiki rəhbəri) olan Quliyev Adil Amanxan oğlunun rəhbərlik etdiyi daha bir şirkət – “Dalğa-AA” MMC 2015-2016-cı illərdə Masallı, Astara, Lerik, Lənkəran, Balakən, Ağsu, Qəbələ, İsmayıllı, Qobustan, Şamaxı rayonlarında, Bakıda İçərişəhər İdarəsi tərəfindən keçirilən 94 tenderdən qalib çıxaraq, nə az-nə çox 5 milyon 287 830,06 manatlıq işi icra edib. Bu işlərin arasında ərzaq məhsullarının, inventarların, kənd təsərrüfatı texnikasının, nəqliyyat vasitələrininin satın alınmasından, mətbəə işlərindən, binaların cari və əsaslı təmirindən tutmuş yol çəkilişi, təmiri, elektrik xətlərinin çəkilişinədək çox geniş spektrli fəaliyyətlər var. Bir nəfərin eyni vaxtda ölkənin ən müxtəlif regionlarında ən müxtəlif sahələrdə 2 şirkət tərəfindən həyata keçirilən 200-dək layihə üzrə işlərə necə rəhbərlik etməsi çox düşündürücüdür.
A.Quliyevin rəhbəri olduğu və Masallı rayonu Şıxlar ünvanında qeydiyyatdan keçmiş daha bir MMC də tender qəhrəmanıdır. Belə ki, “Adil-Mübariz” Tam Ortaqlıq Müəssisəsi (Adil-Mübariz TOM) 2010-2014-cü illərdə 35 tenderdən qalib çıxaraq 5 milyon 266 923,92 manatlıq iş əldə edib. Bu MMC-nin xidmətlərindən yararlananlar arasında da müxtəlif rayonların icra hakimiyyətlərindən tutmuş, Meliorasiya və Su Təsərrüfatı Agentliyinədək ən müxtəlif qurumlar var.
Masallı rayonu, Şıxlar ünvanında qeydiyyatdan keçmiş daha bir şirkət – “Cənub-2000” MMC(rəhbəri Səfərov Elnur Elşad oğlu) 2010, 2011, 2013 və 2016-cı illərdə Masallı, Lənkəran, Beyləqan, hətta Qəbələ, İsmayıllı rayonlarında keçirilən 37 tenderin qalibi olaraq 2 milyon 382 709,34 manatlıq sifariş əldə edib.
Masallı rayon Yuxarı Alvadı kəndində qeydiyyatdan keçən “Mübariz-2013” MMC 2013-2014-cü illərdə Masallı rayon İH və onun strukturlarının keçirdiyi 9 tenderin qalibi olaraq 152 340,00 manatlıq iş icra edib.
Masallı rayon Yuxarı Xocavar yaşayış massivində qeydiyyatdan keçmiş “Edid Biodez” MMC Səhiyyə Nazirliyi Bərdə Müalicə Diaqnostika Mərkəzinin 2015-ci ildə keçirdiyi 6 tenderin qalibi olaraq Mərkəzdən üst-üstə 73 490 manat alıb. Yuxarı Xocavarda dövlət qeydiyyatına alınan “Alpmed” MMC Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi Bakı Şəhər Dezinfeksiya Stansiyasından 2015-ci ildə 6 tender üzrə 116994,05 manatlıq iş alıb. Hüquqi ünvanı bu yaşayış massivi olan “Epidres” MMC də Şirvan Şəhər Müalicə Diaqnostika Mərkəzindən 2015-ci ildə 4 tender üzrə 64 200 manatlıq sifariş alıb. Maraqlıdır ki, hər 3 MMC-nin rəhbəri eyni adamdır – Quliyev Elçin Murad oğlu. Hər 3 MMC eyni gündə – 29.05.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nəhayət, E.Qulieyvin adı həm də 4 başqa şirkətin – “Liven” MMC, “Veter” MMC, “Eleqant Serviz” MMC və “Volqa-2013” MMC-nin qanuni təmsilçisi kimi Vergilər Nazirliyi tərəfindən vergi borcuna görə ölkədən çıxışı qadağan olunan şəxslərin siyahısındadır.
Cəlaləddin Əliyevin rəhbəri olduğu “Elnur-C” MMC Masallı rayonu Köçəkli ünvanında qeydiyyatdan keçib. 2010- 2012-ci illərd “Ankara-Liseyi”ndən və Şuşa rayon dövlət qurumlarından 10 tender üzrə 116 460,67 manat alıb. Həmin şəxsin həmin ünvanda qeydiyyata aldırdığı “Aysel-Ay” MMC isə həmin illərdə Zəngilan və Şuşadan 5 tenderdə 45 700 manat əldə edib. Eyni qaydada C.Əhmədovun rəhbərliyində olan və Masallı rayonu, H.Əliyev 9 ünvanında qeydiyyatdan keçən “Siyat-2013” MMC 2013-2014-cü illərdə Şuşadan 2 tenderdə 45 715 manatlıq iş götürüb. Qeydiyyat ünvanı Masallı Gəyəçöl olan “Şəfa-N” MMC 2013-cü ildə Şuşa rayonu üzrə 5 tenderdən 165 973 manatla, “Sel-C” MMC 2013-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin 2 və Şuşa qurumlarının 2 tenderindən 93 070 manatla qalib ayrılıb. C.Əhmədovun rəhbərlik etdiyi və Masallı Şəhəri N.Nərimanov 8 ünvanında qeydiyyatdan keçən “Dəniz-D” MMC 2013-cü ildə Şuşa qurumlarının dəyəri 144 948,2 manat olan 4 tenderində, Lənkəran, Şiləvar ünvanında qeydiyyatdan keçən “Azat-C” MMC isə dəyəri 150 450,8 manat olan 4 tenderində qalib olub.
Xamis Dünyamalıyev adlı şəxsin rəhbərlik etdiyi və Masallı şəhəri N.Nərimanov, ev 8-də qeydiyyatdan keçən “Dalğa-N” MMC 2013-cü ildə Şuşa rayonunda keçirilən tenderlərin ümumi dəyəri 116 235,7 manat olan 3-nün, Masallı, Gəyəçöl ünvanında qeydiyyatdan keçən “Özal-D” MMC dəyəri 58026 manat olan 2-nin, “Tural-DX” MMC dəyəri 76252 manat olan 2-nin, Lənkəran, Şiləvar ünvanında qeydiyyatdan keçən “Murad-CH” MMC isə dəyəri 50341 manat olan 2-nin qalibi olub.
2014-cü ildə X.Dünyamalıyevin rəhbəri olduğu “Eleqans-D” MMC(hüquqi ünvanı Masallı şəhəri, H.Əliyev ev 9) 89 974 manatlıq 6 tenderdə qalib çıxıb.
Gələk Lənkəran rayonuna. 2013-cü ildə bu rayonun Vilvan kəndində qeydiyyatdan keçən “ALLİQATOR.M-2014” MMC 2015-ci ildə Şirvan şəhər Müalicə Diaqnostika Mərkəzi(MDM) və Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsindən 5 tender üzrə 88 639,75 manat alıb.
Yenə həmin il Vilvanda qeydiyyata alınmış “Maşuq C” MMC Siyəzən və Füzuli MDM-lərindən 7 tender üzrə 67 900,00 manatlıq sifariş götürüb. Hər iki MMC-nin rəhbəri Əliyev Teymur Mömin oğludur. Bu adam hamısı Lənkəran rayonu Vilvanda qeydiyyatdan keçmiş 32 başqa MMC-yə də qanuni təmsilçilik edib. Adı 2016-cı ilin sonunda vergi borcuna görə ölkədən çıxışı yasaqlanan şəxslərin siyahısında 32 MMC-nin təmsilçisi kimi keçir.
Lənkəran rayonu Liman, Vidadi ev 4 ünvanında qeydiyyatdan keçmiş “Berani Serviz” MMC 2016-cı ildə Nəqliyyat Nazirliyi Avtomobil Nəqliyyatı ilə Daşınmaların Təşkili MMC və Yardımlı rayonun müxtəlif dövlət təşkilatlarından 12 tender üzrə 211 345,00 AZN alıb.
Bunlar hələ bizim qeydə ala bildiyimiz faktlardır. Masallı və Lənkəranda qeydiyyatdan keçərək çoxsaylı tenderlərdə qalib olan şirkətlərin sayı bunlarla məhdudlaşmır.
Çoxsaylı şirkətlərin qeydiyyat üçün niyə məhz Masallı və Lənkərana üs tutmasının səbəblərini bilməyi çox istərdik.
Qeyd edək ki, Azərbaycanda vergitutma sahəsində regionlar arasında hər hansı differensasiya yoxdur – yəni cənub bölgəsindəki vergi rejimi digər bölgələrlə eynidir. Bu sahədə fərqləndirmə yalnız sadələşmiş vergi ödəyiciləri üçündür – harada qeydiyyatdan keçməsindən asılı olmayaraq, regionlarda fəaliyyət göstərən ödəyicilər vergini ümumi dövriyyənin 2 faizi, Bakıda fəaliyyət göstərənlər isə 4 faizi həcmində ödəyirlər. Bu baxımdan, vergi cəlbediciliyi məsələsi burada aktual deyil. Böyük ehtimalla, Cənub bölgəsində qeydiyyatdan keçən şirkətlər və onların sahiblərinin belə “uğurları”nın arxasında yüksək mənsəb sahiblərindən kimsə dayanır…
MilliYol.Az
Digər xəbərlər
loading...