Prezident İlham Əliyev Neftçala şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Neftçala rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, Neftçala Sənaye Məhəlləsi yaradılmış, iri istehsal və emal müəssisələri açılmış, Rayon Mərkəzi Xəstəxanası, Şəhər Mədəniyyət və İncəsənət Sarayı, Uşaq-Gənclər Şahmat Məktəbi əsaslı təmir olunmuş, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 64 mənzilli 3 yaşayış binası inşa edilmiş, təhsil ocaqları və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, 31 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılmış, yeni yollar çəkilmiş, Kür çayı sahilində bulvar salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Neftçala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:
1. Neftçala şəhərində 35 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Neftçala Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Dövlət başçısı Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Otuz yeddi min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 21,5 milyon (iyirmi bir milyon beş yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
MilliYol.Az
Digər xəbərlər
loading...