“Mən bir anayam və bu haqsızlıqla barışa bilmirəm”
Sumqayıtın icra başçısı Zakir Fərəcov tərəfindən şərlənərək həbs edilən iş adamı, “Azər-İnşaat-2009” MMC-nin direktoru, hazırda həbsdə olan Müqayis Verdiyevin həyat yoldaşı Verdiyeva Kifayət Tapdıq qızı Ölkə başçısına və Baş prokurora müraciət ünvanlayıb.
Həbsdə olan iş adamının xanımının prezidentə müraciətində həyat yoldaşının qanunsuz həbsindən bəhs etməklə baş verənlərin nəzarətə götürülməsini və icra başçısı Zakir Fərəcovun sifarişli qərarlarının qarşısının alınmasını xahiş edib. İş adamının ailəsi Müqayis Verdiyevin 11 aydır qanunsuz həbsuinə toxunaraq keçirilən mənəvi sarsıntıların onların həyatında yaratdığı çətinlikdən bəhs edir.
Verdiyeva Kifayət həyat yoldaşının Sumqayıt üçün gördüyü işlərdən qürur hissi keçirdiklərini yazmaqla sonda icra başçısı tərəfindən haqsızlığa məruz qalması ilə barışmadıqlarını önə çəkir. O bir ana kimi Prezident və Baş prokurordan həyat yoldaşı Müqayis Verdiyeva qarşı edilən haqsızlığa hüquqi qiymət verilməsini xahiş edir. Realliq.info həmin müraciəti diqqətinizə çatdırır:
“Hörmətli cənab Prezident!
Mən Sumqayıt icra başçısı Zakir Fərəcovun sifarişi ilə həbs olunan iş adamı Müqayis Verdiyevin həyat yoldaşıyam. 11 aydır ki, ailəmizin başçısı Müqayis Verdiyev bir məmurun qanunsuz qərarlarının qurbanı kimi həbsxana həyatı yaşayır.
Həyat yoldaşım Sumqayıtda aparılan abadlıq işlərini həyata keçirən iş adamıdır. Onun əməyi sayəsində Sumqayıtda analoqu olmayan Dənizkənarı Bulvar salındı. Şəhərdə 3 bayraq meydanı da onun əməyinin bəhrəsidir. Mən bu gün də unutmamışam. O deyilən işləri həyata keçirən dövrdə səhərə qədər evə gəlmirdi, gecəni də çalışırdı. Evə gələndə ancaq toz və palçığa bürünmüş partarını dəyişməyə gəlirdi. Həmişə tələsirdi ki, işi nəzarətsiz buraxmasın. Elə gecələr olurdu ki, fəhlələrin yanında qalırdı.
Mən bu gün də bir ana, bir Azərbaycan qadını kimi fəxr edirəm ki, onun gördüyü işlər dövlətimiz üçün önəmli işlərdir və düşünürəm ki, Müqayis Verdiyev gördüyü işlərlə tarixə düşüb. Onun ucaltdığı bayraqlara bir abidə kimi baxıram və qürur hissi keçirirəm.
Hörmətli cənab Prezident!
Bu gün Müqayis Verdiyevin həbsdə olmasının səbəbi Zakir Fərəcovun qanunsuz və sifarişli qərarının nəticəsidir. Onlarla insan bir ildən çoxdur ki, icra başçısından pullarını ala bilmirlər. Onlar hər yerə müraciət edirlər, lakin nəticə yoxdur. Müqayis müəllim kimi onlarla iş adamını müflis edən icra başçısı fəhlələrin də əmək haqqlarını vermir. Əmlaklarını girov qoyan insanlar Zakir Fərəcovla bacara bilmir. Onlar işgəncələrə, təzyiqlərə məruz qalırlar.
Mən Müqayis Verdiyevin həyat yoldaşı olmaqla yanaşı bir anayam və ədalətsizliklə barışa bilmirəm. Sizin ölkəmiz və xalqımız üçün gördüyünüz işləri hamı görür və dəstəkləyir. Bizim ailə Sizin tərəfdarınız və siyasətinizi dəstəkləyən ailədir.
Hörmətli cənab Prezident!
Mən bir ana kimi Müqayis Verdiyevin haqsız həbs edilməsi ilə barışa bilmirəm. Əgər onun günahı olsaydı susardım və cəzasını çəkməsini istəyərdim. Amma Müqayis Verdiyevin günahı yoxdur və o bir məmurun qəzəbinin qurbanıdır. Milyonlarla pulunu xərcləyən iş adamının haqqını tələb etməsi 11 aydır qanunsuz həbsi ilə nəticələnib. Zakir Fərəcov həmişə ona dostum deyirdi və işlər bitəndən sonra bütün iş adamlarının pullarını verəcəyinə söz vermişdi. Sizin Sumqayıta səfəriniz və Dənizkənarı Bulvarın açılışında iştirakınızdan sonra həyat yoldaşım həbs olunub. Zakir Fərəcov iş adamlarının və fəhlələrin pulunu verməmək üçün, Dövlətin ayırdığı pulları mənimsəmək üçün Müqayis Verdiyevi və digərlərini susdurmağa çalışır.
Hörmətli cənab Prezident!
Bu gün ailəmiz, uşaqlarım mənəvi sarsıntı keçirirlər. Onlar atalarının haqsız həbsi ilə barışa bilmirlər. Mən inanıram ki, Siz belə məsələlərə ciddi yanaşır və qanunsuzluğa qarşı barışmaz rəhbərsiniz. Ona görə Sizdən bir ana kimi xahiş edirəm. Müqayis Verdiyevə qarşı haqsızlığa son qoyulmasına və həbsdən azad edilməsinə göstəriş verəsiniz.
Sizə öncədən təşəkkür edirəm”. (realliq.info)
MilliYol.az
Digər xəbərlər
loading...