"Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Edmund Herziq 2017-ci il aprel ayının 15-də Kaliforniya Dövlət Universitetində “Nizami Gəncəvi Azərbaycanın milli şairinə necə çevrildi? ” (How Nizami Ganjavi became an Azerbaijani National Poet) mövzusunda məruzə ilə çıxış edib. Məruzə, alimin öz sözləri ilə desək, “Fars şairi Nizaminin” Sovet dövlətinin siyasəti nəticəsində “azərbaycanlaşmasından” bəhs edir və E.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabı ətrafında cərəyan edir. E.Herziq bu kitabın bir siyasət nəticəsində meydana çıxdığını iddia edir".
MilliYol.Az publika.az-a istinadən xəbər verir ki, bu məlumatı sosial şəbəkədəki hesabında Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru Aida Qasımova paylaşıb. O bildirib ki, məruzədə 30-cu illərdə Azərbaycan intellektual tarixinin bir sıra mühüm məsələləri də öz əksini tapıb:
"Məruzəçi Mircəfər Bağırovun dövründə Azərbaycan tarixinin yenidən yazılmasından, bu zaman linqivistik istiqamətdən coğrafi istiqamətə bir dönüş olmasından danışır və qeyd edir ki, indiyədək “türk” kimi tanınan Azərbaycan əhalisi Türkiyə ilə Sovet dövlətinin münasibətlərinin pisləşməsindən sonra “azərbaycanlı” adlanmışdır. Məruzədə 30-cu illərdə Azərbaycanda “panturkist” damğası ilə bi çox ziyalıların məhv edilməsindən bəhs edilir.
Məruzəçi iddia edir ki, Sovet milli siyasəti erməni və gürcülərlə müqayisədə “çox da qədim olmayan” (less ancient) Azərbaycan xalqına uydurma tarix və mədəni irs “düzəltməyi” tələb edirdi. Guya, məhz bu məqsədlə də azərbaycanlılar albanlar və xəzərlərlə əlaqələndirildi. Bu zaman bir milli şairə də ehtiyac duyuldu. Çünki, digər sovet xalqıarının belə bir şairi var idi, o cümlədən, gürcülərin Şota Rustavelisi, ermənilərin Sasunlu Davidi var idi. Müttəfiq respublikalar içərisində yalnız Azərbaycan bu barədə problematik idi. Herziqin fikrincə, “Azərbaycan yeganə respublika idi ki, onun milli şairi yox idi. Məhz bu zaman şərqşünaslıq elminin liderlərindən olan E.Bertelsə Nizamini “azərbaycanlaşdrmaq” tapşırıldı".
Professor bildirib ki, Herziq məruzəsinin sonunda istehza ilə müasir azərbaycan alimlərinin Nizamini “türkləşdirmək” sahəsində ciddi-cəhd göstərdiyini qeyd edir:
"Bütün məruzə bu istiqamətdə davam edir və o, Azərbaycanı milli irsi, mədəniyyəti olmayan bir xalq kimi təqdim edir. Herziqin bu çıxışı heç də təəccüblü deyil. Alimin ermənilərlə sıx dostluğu və əməkdaşlığı var. O, “The Armenians, Past and Present in the Making of National İdentity” kitabının redaktoru və “Ön söz”ünün müəllifidir. Digər tərəfdən, o, fars ədəbiyyatı üzrə mütəxəssisdir və fars ruhu üzərində köklənib. Buna görə də, onu Bertels kimi nüfuzlu bir alimin Nizamini Azərbaycan şairi kimi tədqiq etməsi və həmin kitabın da Oksford Universitetinin özündəki Nizami Gəncəvi mərkəzində ingilis dilinə çevrilməsi, görünür, çox narahat edib.
Elmi dairələrdə sözü keçən bu cür tanınmış alimin xalqımızı və mədəniyyətimizi bu dərəcədə aşağılaması bizi düşündürməyə bilməz. Onun bu cür iddialarına tutarlı elmi cavab hazırlanmalı, Nizaminin öz əsərləri əsasında şairin Azərbaycanla bağlılığı və onun Azəbaycan mədəniyyətini təmsil etməsi sübuta yetirilməlir. Eləcə də, Gəncənin məhz Azərbaycanın bir parçası olması da ərəb mənbələri əsasında vurğulanmalıdır. Azərbaycanda bu işlərin öhdəsində uğurla gələ biləcək Mehdi Kazımov, Rafael Hüseynov, Nüşabə Araslı kimi alimlərimiz var. Bu cavab ya Qərb universitetlərindən birinin triunasından səslənməli, ya da nüfuzlu jurnallardan birində nəşr edilməlidir".
A.Qasımova qeyd edib ki, mədəni irsimizə, klassik ədəbiyyatımıza sahib çıxmağın vaxtıdır:
"Şəxsən mən türkdilli ədəbiyyatımıza – Nəsimiyə, Qazi Bürhanəddinə, Xətai, Füzuli və Kişvəriyə sahib çıxmaq sahəsində kifayət qədər iş görmüşəm və Avropa və Amerikanın nüfuzlu jurnallarında bu barədə dörd məqalə nəşr etdirmişəm. Növbə farsşünaslarındır".
Həmin mühazirənin linklərini təqdim edirik: http://www.international.ucla.edu/apc/event/12311
MilliYol.Az
Digər xəbərlər
loading...