Donald Tramp BMT Baş Assambleyasının 72-ci sessiyasında ölkəsinin yaxın gələcək üçün izləyəcəyi strategiyanı açan maraqlı çıxış səsləndirib
Amerika prezidentlərinin ənənəvi dünyaya hökmranlıq edən bir ölkənin rəhbərinin nitqi üslubunda hazırlanmış çıxışın mətni bir çox məqamlarıyla diqqətçəkicidir.
Trampın həmin çıxışının tam mətnini oxuculara təqdim edirik:
****
Cənab Baş katib, cənab sədr, dünya liderləri və dərinsayğılı nümayəndələr, Nyu-Yorka xoş gəlmisiniz!
Mənim doğma şəhərimdə Amerika xalqının təmsilçisi kimi çıxış etmək və dünya xalqlarına müraciət etmək böyük şərəfdir. Milyonlarla həmvətənim ölkəmizə zərbə vurmuş dağıdıcı qasırğanın nəticələrindən əzab çəkməkdədir və mən vəziyyətdən istifadə edib, bu zaldakı kömək və yardım təklif etmiş bütün rəhbərlərə minnətdarlığımı bildirmək istəyirəm.
Amerika xalqı güclü və mətindir. O, həmişə olduğundan daha böyük qətiyyət göstərib bu çətinlik və müsibətdən keçir. Xoşbəxtlikdən Birləşmiş Ştatlar 8 noyabr seçkilərindən sonra özünü çox yaxşı hisss edir. Fond bazarı rekordlar müəyyən etməklə maksimal qeyddədir. İşsizlik son 16 ildə ən aşağı səviyyədədir. Bu gün ABŞ-da normativ-hüquqi aktlar və digər islahatlar sayəsində nə vaxtsa olduğundan daha çox adam işləyir. Şirkətlər qayıdaraq elə bir məşğulluq səviyyəsi təmin edir ki, ölkəmiz belə bir şeyi lap çoxdan görməmişdi. Lap bu yaxınlarda elan səslənib ki, biz ordumuza və müdafiəyə, təxminən, 700 milyard dollar xərcləyirik. Silahlı qüvvlərimiz tezliklə həmişəkindən daha güclü olacaq.
70 ildən artıq bir dövrdə bu Assambleyanın sessiyalarında barış və savaş vaxtlarında ölkə, hərəkat başçıları və dini liderlər çıxış edib. Mən də onlar kimi, bu gün üzləşdiyimiz ən ciddi təhlükələrə, həmçinin hələ işə salınmamış və öz saatını gözləyən əzəmətli potensiala diqqət yetirmək niyyətindəyəm.
Biz fövqəladə imkanlar dövründə yaşayırıq. Elm, texnika və tibbdə sıçrayışlı kəşflər əvvəlki nəsillərin öhdəsindən gələ bilmədiyi xəstəlikləri müalicə və problemləri həll etməkdə yardım olur. Lakin hər bir gün özü ilə dəyərləndirdiyimiz və qoruduqlarımızın hamısını təhdid edən daha ciddi təhlükələr haqda xəbərlər gətirir. Terrorçular və ekstremistlər güc toplayır və bütün planetə yayılır. Bu zalda da təmsil olunan “yad” rejimlər təkcə terrorçuları dəstəkləmir, həm də insanlıq tarixində ən dağıdıcı silahlarla başqa ölkələri və öz xalqını hədələyir. Hakimiyyət və avtoritar rejimlər münaqişələri dəf edən və II dünya savaşı dönəmindən bəri dünyanı azadlığa aparan sistem və alyanslaırn dəyərlərini sarsıtmağa səy edir. Beynəlxalq canilər narkotik, silah, adam alveri edir, kütləvi mühacirət törədir, sərhədlərimizi təhdid edir və vətəndaşlarımızıqorxutmaq üçün innovasiya texnologiyalarından yararlanaraq təcavüzün yeni biçimlərini yaradırlar. Sadə desək, görüşümüz böyük ümid və əzəmətli təhlükələr məqamında keçir. Və dünyanı yeni yüksəkliklərə qaldırmağı bacarmaq və yaxud hərc-mərcliyə yuvarlanmağa imkan vermək yalnız bizdən asılıdır. İstəyimiz olsa, milyonlarla adamı yoxsulluqdan xilas etməyi, vətəndaşlarımızı öz arzularını həyata keçirməkdə yardım olmağı tam bacarar, elə edə bilərik ki, yeni nəsillər zorakılıq, nifrət və qorxunu tanımasın.
Bu təşkilat iki dünya savaşından sonra qurulub ki, daha yaxşı gələcək yaratmağa yardım olsun. O, müxtəlif ölkələrin öz suverenliklərini qorumaq, təhlükəsizlik və inkişafını təmin etmək qəsdilə əməkdaşlıq edə biləcəyi haqda təsəvvürə söykənir. Birləşmiş Ştatlar düz 70 il qabaq Marşall planını hazırlayıb ki, Avropanın bərpasına kömək etsin. Onun təməlində gözəl anlayışlar – sülh, suverenlik, təhlükəsizlik və tərəqqi durur. Marşall planı ölkələr güclü, müstəqil və azad olanda dünyamızın təhlükəsiz olacağı haqda comərd ideyaya əsaslanıb. O zaman konqresdə çıxış edən prezident Trumenin dediyi kimi, bərpa prosesində Avropaya göstərdiyimiz yardım BMT-yə göstərdiyimiz dəstəyə tam uyğundur. Birləşmiş Millətlər Təşkilatının uğuru bu günün çətinliklərini dəf edən və gələcəyin ümidlərini gerçəkləşdirən üzvlərinin gücündən aslıdır. Həm də biz keçmişin müdrikliyindən başlamalıyıq. Bizim uğurumuz öz suveren, müstəqil, firavanlıq və sülhü qoruyan, özünün və bütün dünyanın maraqlarında hərəkət edən güclü və müstəqil dövlətlərin koalisiyasından asılıdır.
Biz nəzərdə tutmuruq ki, müxtəlif ölkələrin mədəniyyəti, ənənələri və hətta dövlət idarəçilik sistemləri eyni olacaq. Amma hesab edirik ki, dünyanın bütün ölkələri iki əsas öhdəliyi yerinə yetirəcək: öz xalqlarının maraqları və digər suveren millətlərin hüquqlarına əməl edəcək. Bu təşkilatın çox gözəl konsepsiyası belədir. Və bu, əməkdaşlıq və uğurun özülüdür. Güclü, suveren ölkələr imkan yaradır ki, müxtəlif dəyərli, mədəniyyətli və ümidli müxtəlif dövlətlər təkcə yanaşı yaşamasın, həm də qarşılıqlı sayğı prinsipini rəhbər tutaraq çiyin-çiyinə işləsin.
Güclü, suveren dövlətlər xalqlarına öz gələcəyini qurmaq və taleyini idarə etmək imkanı verir. Güclü, suveren dövlətlər insana Allahın bəxş etdiyi tam həyatla yaşamaq imkanı verir.
Biz Amerikada heç kimi öz həyat tərzimizə vadar etməyə can atmırıq, lakin elə edirik ki, hər kəs üçün parlaq örnək olsun. Bu həftə qürur üçün özəl səbəbimiz var. Biz sevimli Konstitusiyamızın, dünyada qüvvədə olan ən qədim konstitusiyanın 230-cu ildönümünü qeyd edirik. Zamana tabe olmayan bu sənəd amerikalılar və bütün dünyada ölkəsinin Amerika konstitusiyasından, insan təbitəinə, ləyaqətinə və qanunun hakimiyyətinə sayğılı münasibətindən ilham aldığı, minyonlarla insan üçün sülh, tərəqqi və azadlığın təməlini qoyub. ABŞ konstitusiyasının ilk kəlmələri ən böyük, ən gözəl sözlərdir. O, belə səslənir: “Biz – xalqıq”.
Amerikalıların çoxsaylı nəsilləri özlərini qurban veriblər ki, bu sözlərin, ölkəmizin və tariximizin əzəmətini təsdiq etsin.
Amerikada xalq idarə edir. Adamlar idarə edir. Və bu insanlar müstəqildirlər.Məni burada hakimiyyəti ələ almaq üçün deyil, haqqıyla Amerika xalqına məxsus olan hakimiyyəti ona vermək üçün seçiblər. Biz beynəlxalq məsələlərdə suverenliyin bu təməl prinsipini dirçəldirik. Dövlətimizin əsas borcu xalqın qarşısındadır. Vətəndaşlarımızın qarşısındadır. Təhlükəsizliyi təmin etmək, onların hüquqları və dəyərlərimizi qorumaqdadır.
Mən Birləşmiş Ştatlaırn prezidenti kimi, Amerikanı həmişə birinci yerə qoyacağam, siz də – dövlət başçıları, öz ölkənizin maraqlarını həmişə birinci yerə qoyacaqsınız.
Bütün məsul rəhbərlər öz vətəndaşlarına qulluq etməyə borcludur, dövlət isə insanların həyatını yaxşılaşdırmaq üçün səmərəli alət olaraq qalır. Lakin insanların həyatını yaxşılaşdırmaq üçün bütün xalqlar üçün hamımız birlikdə daha təhlükəsiz və dinc gələcək yaradaraq sıx harmoniya və vəhdətdə işləməliyik. Birləşmiş Ştatlar bütün dünya və xüsusən də öz müttəfiqləri üçün həmişə böyük dost olacaq. Lakin biz daha heç kimə bizdən təmənnalı maraqlar üçün istifadə etməyə və Birləşmiş Ştatların əvəzində heç nə əldə etməyəcəyi birtərəfli sazişlər bağlamağa imkan vermərik.
Nə qədər ki mən bu vəzifəni tuturam, hər şeydən əvvəl Amerikanın maraqlarını müdafiə edəcəyəm. Amma ölkələrimiz qarşısında vəzifəmizi yerinə yetirərkən anlayırıq ki, bütün ölkələrin suveren, tərəqqi edən və müdafiə edilmiş ola biləcəyi bir gələcək qurmaq bzim ümumi marağımızdadır.
Amerika danışmaqdan çox, BMT Nizamnaməsində ifadə olunmuş dəyərləri müdafiə edərək iş görür. Bizim vətəndaşlarımız bəzən öz həyatları bahasına təmsilçiləri bu zalda olan xeyli başqa ölkələrin azadlığını qoruyur. Amerikanın azadlığa sədaqəti kişi və qadınlarımızın vuruşduqları və müttəfiqlərimizlə birgə özlərini qurban verdikləri döyüş meydanlarında sınaqdan keçir. Onlar bunu Avropa sahillərində, Yaxın Şərq səhralarında və Asiya cəngəlliklərində ediblər. Hətta müttəfiqlərimizlə birlikdə tarixdə ən qanlı müharibədə qələbə çaldıqdan sonra ərazi işğalına can atmadığımızı, öz həyat tərzimizə məcbur etmədiyimizi Amerika xarakterinin ləyaqəti saymaq olar. Əvəzində Birləşmiş Millətlər Təşkilatı kimi institutlar yaratmağa, suverenliyi, təhlükəsizliyi və hamının əmin-amanlığını qorumağa yardım etmişik.
Bizim ümidlərimiz, dünyanın ən müxtəlif ölkələrinin ümidləri bu cürdür.Bizə münaqişə və düşmənlik deyil, harmoniya və dostluq gərəkdir. Biz ideologiyanı deyil, nəticələri rəhbər tuturuq. Biz ümumi dəyərlər, maraqlar və hədəflərə əsaslanan prinsipial realizm siyasəti aparırıq. Bu cür realizm bvu zaldakı bütün rəhbərlərin üzləşdiyi suala cavab aramağa vadar edir. Bu, qabağından qaçılacaq, üz çevriləcək sual deyil.
Çağırış və təhlükələrə və hətta yolumuzda meydana çıxa biləcək müharibələrə göz yumub arxayınlıq və laqeydlik yoluna yuvarlanacağıqmı? Yaxud gücümüz və qürurumuz yetəcək ki, vətəndaşlarımızın sabah sülh və firavanlıqdan həzz alması üçün artıq bu gün bu təhlükələrə üstün gəlməyə girişək?
Öz vətəndaşlarımızı ruhlandırmaq, tarixin təqdirli hökmünü əldə etmək istəyiriksə, bu halda sədaqətlə təmsil etdiyimz adamlar qarşısında müqəddəs borcumuzu yerinə yetirməyimiz lazımdır. Biz öz ölkəmizi, maraqlarını və gələcəyini qorumalıyıq. Biz suverenliyə Ukraynadan Cənubi Çin dənizinədək mövcud olan təhdidləri rədd etməliyik. Biz qanuna, sərhədlərə riayəti, mədəniyyətə sayğını və yekunda meydana çıxan dinc qarşılıqlı fəaliyyəti dəstəkləməliyik.
Bu təşkilatı quranların niyyətlərinə əsasən, birgə işləməli və bizi hərc-mərclik, iğtişaşlar və terrorla təhdid edənlərlə mübarizə aparmalıyıq. Birləşmiş Millətlər Təşkilatının qurulduğu bütün prinsiplərin pozan kiçik “yad” ölkələr qrupu bu gün planetimiz üçün bəladır. Onlar nə öz vətəndaşlarına, nə də öz ölkələrinin suveren hüquqlarına sayğı göstərirlər. Vicdanlı çoxluq əxlaqsız azlıqla mübarizə aparmasa, dünyada şər üstün gələr. Namuslu adamlar və ölkələr kənar müşahidəçi olanda, şər qüvvələr və dağıntılar nüfuz və güc toplayır.
Şimali Koreyanın əxlaqsız rejimi qədər heç kim başqa ölkələrə və öz xalqının rifahına bu cür nifrət sərgiləmir. O, milyonlarla şimali koreyalının acından öldüyünə, həmçinin işgəncələr, qətllər, saysız-hesabsız adamın həbsi və sıxıntısına görə məsuliyyət daşıyır.
Heç bir günahı olmayan amerikalı tələbə Otto Uormbir (Otto Warmbier) ölərkən hamımız bu rejimin qanlı cinayətinin şahidi olmuşuq. Beynəlxalq aeroportda yasaqlanmış əsəb-iflic qazı vasitəsilə diktarorun qardaşı qətlə yetiriləndə də bu cinayətlərin şahidi olmuşuq. Biz bilirik ki, onlar 13 yaşlı yapon qızını öz ölkəsindəki çimərlikdən oğurlayıb köləyə və Şimali Koreya casuslarının dil müəlliminə çeviriblər. Şimali Koreya rejiminə bu da bəs etməyib. O, bu gün düşünmədən nüvə silahı və ballistik raketləri sınayır, bütün dünyanı təhdid edir və külli miqdarda insan qurbanı təhlükəsi yaradır. Bəzi ölkələr bu cür rejimlə nəinki ticarət aparır, həm də silahlandırır, təchiz edir və onun dünyanı nüvə münaqişəsi ilə təhdid etdiyini bilə-bilə ona maliyyə dəstəyi göstərirsə, bu, hiddət doğurur. Planetimizdə heç bir ölkə istəmir ki, bu cinayətkarlar bandası nüvə silahı və raketlərlə yaraqlansın. Birləşmiş Ştatların gücü və səbri çoxdur, amma Amerikanı və müttəfiqlərini müdafiə olunmağa vadar etsələr, bizim Şimali Koreyanı tamamilə məhv etməkdən savayı seçimimiz qalmır.
İnsan-raket özü və rejimi üçün intihar yoluna girib. Birləşmiş Ştatlar hazırdır və zərbəni dəf etmək iqtidarındadır, lakin ümid edir ki, buna ehtiyac olmayacaq. Birləşmiş Millətlər Təşkilatının bütün mənası bundadır. O elə bunun üçün yaradılıb. Baxaq, onlar özlərini necə aparacaqlar.
Şimali Koreyanın anlamaq vaxtıdır ki, nüvə silahından imtina yeganə məqbul gələcəkdir. BMT Təhlükəsizlik Şurası bu yaxınlarda iki səsvermə keçirərək Şimali Koreyaya qarşı sərt qətnaməni yekdilliklə təsdiqləyib. Mən Çin və Rusiya BMT TŞ-nın digər üzvləri ilə birlikdə sanksiyalar tətbiqinə səs verdiyi üçün onlara təşəkkür etmək istəyirəm. Bütün iştirakçılara və bu səsverməyə dəxli olanlara təşəkkürlər. Amma biz daha çox iş görməliyik.
Kim öz təcavüzkar və düşmənlik fəaliyyətindən imtina edənə qədər bu rejimin təcridi üzrə dünyanın bütün ölkələrinin birgə işə başlamalı olduğu vaxt yetişib. Bu cür qərarı təkcə Şimali Koreyaya nisbətdə qəbul etməməliyik.
Dünya ölkələrinin kütləvi qətllərdən açıq danışan, Amerikanı məhv etməyə, İsraili dağıtmağa və bu zalda olan bir çox dövlət liderlərini məhv etməyə çağıran digər düşüncəsiz rejimə qarşı çıxış etməyinin çoxdan vaxtıdır. Tehranda demokratiya maskası altında korrupsiyalaşmış diktatura gizlənib.O, çoxəsrlik tarixi və mədəniyyəti olan ölkəni yarı daığdılmış itisadiyyatlı didərgin ölkəyə çevirib, ixracatın əsas maddəsi zorakılıq, qan tökmək və xaosdur. İran rəhbərlərinin əsas qurbanı isə bu ölkənin xalqı olub. Tehran neft satışından gəlirləri iranlıların həyatını yaxşılaşdırmağa yönəltmək əvəzinə “Hizbullah”ı və məsum müsəlmanları öldürən və ərəb ölkələrində və İsraildə dinc qonşuların üzərinə hücum edən digər terrorçu təşkilatları maliyyələşdirmək üçün istifadə edir.
İranın bu ölkənin xalqına məxsus sərvəti Bəşər Əsəd diktarutasının dəstəklənməsinə, Yəməndə vətəndaş müharibəsinin davamına və bütün Yaxın Şərqdə sülhü pozmağa gedir. Biz yol verə bilmərik ki, bu qaniçən rejim sabitsizləşdirici fəaliyyətini davam etdirsin, eyni zamanda təhlükəli raketlər yaratsın. Və biz nüvə proqramının davamı üçün pərdə olan sazişi yerinə yetirə bilmərik.
İranla saziş ən pis və Birləşmiş Ştatların nə zamansa bağladığı qeyri-bərabər hüquqlu sazişlərdən biridir. Düzünü desək, bu müqavilə ABŞ üçün rüsvayçılıqdır. Və düşünürəm ki, bu, hələ son deyil, mənə inanın. Bütün dünyanın bizə birləşərək İran hökumətindən ölümə və dağıntılara can atmağı dayandırmağı tələb etməyinin vaxtıdır. Bu rejimin qanunu tapdalayaraq həbsdə saxladığı bütün amerikalıları və başqa ölkələrin vətəndaşlarını azad etməyinin vaxtıdır. Və İran hökuməti hər şeydən qabaq terrorçulara dəstəkdən imtina etməli və öz xalqına xidmətə başlamalı, həmçinin qonşu dövlətlərin suveren hüquqlarına sayğı ilə yanaşmalıdır.
Bütün dünya anlayır ki, İranın çox gözəl xalqı dəyişikliklər istəyir və onun liderləri Birləşmiş Ştatların nəhəng hərbi gücündən savayı öz xalqından qorxur. Bu, rejimi internetə çıxışı məhdudlaşdırmağa, sputnik antenləri sökməyə, etiraz mintinqlərinə qatılan əliyalın tələbələri güllələməyə və siyasi islahat tərəfdarlarını həbsə atmağa məcbur edir. Repressiv rejimlər əbədi yaşaya bilmir və xalqın seçim qarşısında durduğu gün gələcək.
İran xalqı nəyi seçəcək: bundan sonra da yoxsulluq cığırı ilə getməyi, qan tökməyi və terroru və yaxud ölkəyə keçmiş sivilizasiya mərkəzi şöhrətini, mədəniyyət və insanların yenidən xoşbəxt, sərvət içində və ehtiyacsızlıqda yaşadığı firavanlığı qaytarmağı?
İran rejimi terrora dəstəyi ilə əksəriyyəti terrorizmlə mübarizə və onun maliyyələşdirilməsinin dayandırılması üzrə öhdəlik götürmüş qonşularından kəskin şəkildə seçilir.
İlin əvvəlində Səudiyyə Ərəbistanında olarkən 50-dən çox ərəb və müsəlman ölkəsinə müraciət etmək şərəfinə nail oldum. Biz razılığa gəldik ki, məsuliyyətli ölkələrin hamısı birlikdə terrorizm və onu ruhlandıran islam ekstremizminə qarşı durmalıdır. Biz radikal islam terrorizmini durduracağıq, çünki millətimizi və bütün dünyanı tikə-parça etməyinə yol verə bilmərik. Biz terrorçuları təhlükəsiz sığınacaqlardan, maliyyələmədən, yerdəyişmə yollarından mərhum etməli və kinli, əxlaqsız ideologiyalarına dəstəyi rədd etməliyik. Onları öz ölkələrindən qovmalıyıq. Heç bir günahı olmayan adamları məhv edən “əl-Qaidə”, Taliban və “Hizbullah” kimi qruplaşmaları dəstəkləyən və maliyyələşdirən ölkələri ifşa etmək və məsuliyyətə cəlb etməyin vaxtı çatıb.
Birləşmiş Ştatlar müttəfiqləri ilə birgə Yaxın Şərqdə işləyir ki, heç bir perspektivi olmayan terrorçuları sarsıtsın və xalqlarımıza zərbə endirə biləcəkləri etibarlı sığınacaqlarının bərpasına imkan verməsin. Mən keçən ay Əfqanıstanda bu şərə qarşı mübarizədə qələbə əldə etmək üçün yeni strategiyanı elan etmişəm. Bundan sonra hərbi əməliyyatların sürəkliliyi və miqyasları siyasətçilərin təyin etdiyi hansısa ixtiyari müddət və qrafiklərlə deyil, təhlükəsizlik maraqlarımızla müəyyən olunacaq. Mən, həmçinin “Taliban”a və başqa terrorçu qruplaşmalara qarşı hərbi əməliyyatlaırn aparılma qaydalarını tamamilə dəyişdirmişəm.
Biz Suriya və İraqda İŞİD-ə qarşı mübarizədə böyük uğurlara nail olmuşuq. Ölkəmiz İŞİD-lə mübarizədə son səkkiz ayda xeyli illər ərzindəkindən daha çox iş görüb. Biz Suriya münaqişəsinin deeskalasiyası və Suriya xalqının iradəsi nəzərə alınacaq siyasi həllə çalışırıq. Öz vətəndaşlarına və hətta məsum uşaqlara qarşı kimyəvi silah işlədən Bəşər Əsədin cinayətkar rejiminin fəaliyyəti vicdanlıı insanların hamısını sarsıdıb.
Yasaqlanmış kimyəvi silahın yayılması davam edirsə, heç bir cəmiyyət özünü təhlükəsizlikdə hiss edə bilməz. Birləşmiş Ştatlar kimyəvi hücumun həyata keçirildiyi aviabazaya məhz bu səbəbdən zərbə endirib. Biz İŞİD-dən azad edilmiş bölgələrdə mühüm humanitar yardım göstərən BMT idarələrinin fəaliyyətini yüksək qiymətləndiririk.
Biz Suriya münaqişəsindən qaçan adamları yerləşdirən İordaniya, Türkiyə və Livana birinci növbədə minnətdarıq.
Birləşmiş Ştatlar bu cür yardımlara milyardlarla dollar xərcləmiş həssas bir ölkədir. Qaçqınların yerləşdirilməsinə gəlincə, biz bu ümidsiz insanlara yardım edəsi, vaxt keçdikcə evlərinə qayıtmaq və bərpa prosesinə qatılmaq imkanı verən bu cür yanaşmaya tərəfdarıq. Bir qaçqının ABŞ-a köçünə gərəkən pulla öz ölkəsindəki və ya bölgədəki 10 qaçqına yardım edə bilərik. Biz qəlbimizin çağırışı ilə hərəkətlənərək bölgənin onları yerləşdirən bütün ölkələrinə maliyyə yardımı təklif edirik.
Biz həmçinin “Böyük iyirmilik” ölkələrinin bu yaxınlarda əldə etdiyi və qaçqınların doğma ölkələrin ilə yanaşı yerləşdirilməsini nəzərdə tutan sazişini dəstəkləyirik. Bu, təhlükəsiz, məsul və insaflı yanaşmadır. Birləşmiş Ştatlar on illiklər boyu həm ölkə daxilində, həm də bütün Qərb yarımkürəsində miqrasiya problemlərini həll edir.
Biz aydınlaşdırdıq ki, nəzarətsiz mühacirət qaçqınların çıxdığı və onların qəbul edildiyi ölkələrə böyük ziyan vurur. Qaçqınların tərk etdiyi ölkələrdə zəruri siyasi və iqtisadi islahatlar keçirmək üçün stimullar aşağı düşür. Bundan başqa, onlar bu islahatların gerçəkləşdirilməsi üçün gərəkən insan kapitalından olur. Qaçqınları qəbul edən ölkələrdə nəzarətsiz mühacirətdən aşağı gəlirli vətəndaşlar hamıdan çox zərər görürlər, kütləvi informasiya vasitələri və dövlət hakimiyyəti isə onların maraq və problemlərinə tez-tez etinasız yanaşır.
İnsanları öz evlərini tərk etməyə vadar edən problemin həlli çərçivəsində BMT-nin apardığı işə haqq qazandırıram. BMT və Afrika Birliyinin rəhbərliyi altında sülhməramlı missiya durumun sabitləşməsi və Afrikada münaqişələrin kəsilməsinə misilsiz töhfə gətirir. Birləşmiş Ştatlar əvvəlkitək humanitar yardım göstərilməsi, o cümlədən Cənubi Sudanda, Somalidə, Nigeriyanın şimalında və Yəməndə aclığın aradan qaldırılması və nəticələrinin ləğvi üzrə beynəlxalq səylərə rəhbərlik edir. Biz bütün dünyada QİÇS xəstələrinə yardım edilən PEPFAR, Malaria Initiative, Global Health Security Agenda, Global Fund to End Modern Slavery və Women Entrepreneurs Finance Initiative kimi proqramlar həyata keçirərək əlçatan səhiyyəyə öz töhfəmizi veririk.
BMT suverenlik, təhlükəsizlik və tərəqqiyə təhdidin aradan qaldırılmasında effektli tərəfdaş olmaq istəyirsə, islah edilməli olduğu haqda etirafına görə Baş katibə təşəkkür edirik. Bu təşkilat öz işində nəticəyə deyil, çox tez-tez bürokratik prosesə yönəlir. BMT-nin xeyirxah məqsədlərini pozmağa can atan bəzi dövlətlər bir sıra hallarda bu hədəfləri müdafiə etməli olan sistemlərin özünü ələ keçirir. Məsələn, insan haqlarını biabırçı şəkildə pozan bəzi ölkələrin bu təşkilatda BMT-nin insan hüquqları üzrə Şurasının işində iştirak etməsi böyük pərtlik və çaşqınlıq doğurur.
ABŞ BMT-yə 193 üzv ölkədən biridir, biz isə onun büdcəsinin 22%-ni, bəzən isə çox ödəyirik. Əslində, təsəvvür ediləcəyindən xeyli çox ödəyirik. Xərclərin ədalətsiz yükü ABŞ-ın üzərinə düşür. Lakin düzünü desək, bunun sayəsində BMT-nin bəyan edilmiş bütün məqsədlərinə, birinci növbədə sülhə çatmaq mümkün olsa, onda bu məsrəflər tamamilə doğrulacaq.
Dünyamızın əksər bölgələri münaqişə durumundadır. Bəziləri isə faktiki olaraq cəhənnəmə yuvarlanır. Lakin bu zaldakı nüfuzlu adamlar BMT göstərişlərinə uyğun və himayəsində hərəkət edərək bu ciddi və çətin problemlərin çoxunu həll edə bilərlər. Amerika xalqı ümid edir ki, BMT haçansa bütün dünyada insan ləyaqəti və azadlığı müdafiəsi uğrunda çıxış edən daha hesabatlı və effektli qurum olacaq. Bununla belə, hesab edirik ki, dünyanın heç bir ölkəsi həm maliyyə, həm də hərbi baxımdan ağırlığın əndazəsiz payını daşımamalıdır.
Dünya ölkələri öz bölgələrində təhlükəsiz və tərəqqi edən cəmiyyətləri daha fəal dəstəkləməlidir. ABŞ Qərb yarımkürəsində Kubada korrupsiyalaşmış və sabitsizlik yaradan rejimə qarşı məhz buna görə durur və kubalıların azad həyat haqda çoxdankı arzusunu salamlayır. Mənim administrasiyam bu yaxınlarda məlumat verib ki, Kuba hökuməti əsaslı islahatlar keçirməyincə onun üzərindəki sanksiyaları götürməyəcək.
Biz həmçinin əvvəllər firavan olan milləti tam iflasa çatdırmış Maduronun Venesueladakı rejiminə qarşı yeni, lakin ciddi şəkildə ölçülüb-biçilmiş sanksiyalar tətbiq etmişik. Nikolas Maduronun sosialist diktaturası bu ölkənin xalqına dəhşətli ağrı və əzab verir. Bu əxlaqsız rejim hökm sürməyə başladığı bütün ölkələrdə yoxsulluq və iztirab doğurmuş, baş tutmamış ideologiyaya məcbur etməklə çiçəklənən ölkəni məhv edib. Daha pisi budur ki, Maduro özünün fəlakətli rejimini saxlamaq xatiruinə seçilmiş təmsilçilərdən hakimiyyəti oğurlayaraq nümayişkaranə şəkildə öz xalqının iradəsinə tabe olmur.
Venesuela xalqı aclıq çəkir, ölkəsi isə çökür. Demokratik institutlar məhv edilir. Bu durum tamamilə qəbuledilməzdir və biz kənarda qalıb baş verənləri müşahidə edə bilmərik. Məsul və qonşu bir ölkə kimi bizim və başqa ölkələrin məqsədi var. Bu məqsəd yenidən azadlıq əldə etmək, ölkəni dirçəltmək və demokratiyanı bərpa etməkdən ibarətdir. Bu zala yığışmış rəhbərlərə təşəkkür etmək istərdim ki, Venesuela rejimini pisləyib və Venesuela xalqına çox mühüm dəstək verirlər.
Birləşmiş Ştatlar bu rejimi məsuliyyətə çağırmaq üçün önəmli addımlar atıb. Venesuela hökuməti avtoritar hakimiyyəti xalqa bənd etməklə inad göstərsə, biz sonrakı fəaliyyətə keçməyə hazırıq. Bəxtimiz gətirib, çünki rəhbərləri bura toplanmış Latın Amerikası ölkələrinin əksəriyyəti ilə inanılmaz dərəcədə etibarlı və sağlam ticarət münasibətlərimiz var. Bu gün iqtisadi münasibətlərimiz sülhün qorunması və bütün xalqların, bütün qonşularımızın inkişafı üçün mühüm və möhkəm təməllər yaradır. Bu gün burada təmsil olunmuş bütün ölkələrdən bu olduqca gerçək və ciddi böhrandan çıxmaq üzrə sonrakı fəaliyyətə hazırlaşmağı xahiş edirəm. Biz Venesuelada demokratiya və siyasi azadlıqların tam bərpasını tələb edirik.
Venesuelanın problemi onda deyil ki, orada sosializm ideyaları yanlış şərh olunur və həyata keçirilir. Problem bundadır ki, sosializm ideyaları orada təkid və sədaqətlə həyata keçirilir.
Həqiqi sosializm və kommunizm ideyaları Sovet İttifaqından başlayaraq Kuba və Venesuelada qurtarmaqla harada həyata keçirilibsə, orada iztirab, dağıntı və iflasa səbəb olub. Özünü nüfuzdan salmış bu ideyaların ehkamlarını təbliğ edənlər bu qəddar sistemin əsarəti altında yaşayan adamların yalnız əzablarını uzadırlar. Amerika müstəbid rejimlərin hökmü altında yaşayan bütün adamların tərəfində çıxış edir. Bizim suverenliyə sayğılı münasibətimiz də fəaliyyətə çağırışdır. Hər bir xalq onun təhlükəsizliyi, maraqları, rifahı və tərəqqisinin qayğısına qalan hakimiyyətə layiqdir.
Biz Amerikada xeyirxah iradəli bütün ölkələrlə işgüzar və ticari münasibətləri möhkəmləndirməyə səy edirik. Amma bu cür ticarət ədalətli və qarşılıqlı olmalıdır. Amerika xalqına hədsiz dərəcədə uzun müdətdə deyiblər ki, nəhəng, çoxtərəfli ticarət sazişləri, heç kimə hesabat verməli olmayan beynəlxalq tribunallar və nüfuzlu beynəlxalq bürokratik aparatlar onun üçün uğurun təminatında ən yaxşı üsuldur. Lakin bu vədlər səsləndikcə ölkə milyonlarla iş yerindən və minlərlə fabrik-zavoddan olub. Sistemi aldadan və qaydaları pozanlar da tapılırdı. Nə zamansa Amerika rifahının sarsılmaz əsasını təşkil etmiş böyük orta təbəqəmiz unudulub və atılıb. Lakin bu, daha təkrar olunmayacaq. Bu adamlara daha heç kim etinasız yanaşmayacaq.
Amerikalılar bundan sonra da başqa ölkələrlə əməkdaşlıq və ticarətə can atacaqlar, amma biz yenə də hər bir hökumətin əsas öhdəliyi, vətəndaşlarımız qarşısındakı borcu haqda bəyan edirik. Bu bağlar bu gün bu zalda təmsil olunan hər bir məsuliyyətli ölkə kimi həmişə Amerikanın güc qaynağı olub.
BMT qarşımızda duran problemlərin uğurla öhdəsindən gəlməyə ümid edirsə, prezident Trumenin 70 il öncə dediyi kimi, üzv ölkələrin gücünə güvənəcək.
Gələcəyin imkanlarından istifadə və mövcud təhlükələri birlikdə dəf etmək istəyiriksə, öz tarixini xatırlayan və taleyi haqda düşünən güclü, suveren və müstəqil ölkələrdən savayı bunu heç kim daha yaxşı edə bilməz. Ram etməli olacağı düşmən qazanmaq deyil, alyanslar yaratmağa cəhd edən ölkələr. Vətənsevərlərin, vətən, həmvətənləri və insan qəlbindəki ən yaxşı hər şeyin naminə özünü qurban verməyə hazır olan adamların yaşadığı ölkələr.
BMT-nin yaranmasına səbəb olmuş böyük qələbəni yada salaraq şərlə vuruşan və bütün qəlbləri ilə sevdikləri ölkələr uğrunda döyüşən qəhrəmanları heç vaxt unutmamalıyıq. Vətənsevərlik Polşanın xilası naminə polyakları həlak olmağa, fransızları azad Fransa uğrunda döyüşməyə, britaniyalıları isə Britaniyanı mətinliklə müdafiə etməyə məcbur edib. Bu gün özümüzü, qəlbimizi, ağıl və canımızı öz ölkəmizə həsr etməsək, möhkəm ailələr, təhlükəsiz məhəllələr və sağlam cəmiyyətlər qurmasaq, bunu bizim yerimizə heç kim etməyəcək. Hansısa uzaq bir ölkədən hansısa bir bürokrat və yaxud yad bürokratiya bizə bunda yardım etməyincə biz gözləyə bilmərik. Bu, bizim üçün yolverilməzdir. Öz problemlərimizi özümüz həll etməli, rifahımızı özümüz yaratmalı, gələcəyimizi müdafiə etməliyik. Əks halda bizi tənəzzül, istismar və məğlubiyyət təhdid edəcək.
Bu gün Birləşmiş Millətlər Təşkilatı, özü və övladları üçün ən yaxşı yaşayışa ümid edən bütün dünya xalqları qarşısında duran əsas məsələ sıradakından ibarətdir: Biz əvvəlkitək vətənsevərikmi, vətənin suverenliyini qorumaq və gələcəyi uğrunda vuruşmaq üçün onu yetərincə sevirikmi, maraqlarını qorumaq, mədəniyyətini saxlamaq və vətəndaşlarına sülhü təmin etmək üçün ölkəmizə yetərincə sayğılıyıqmı?
Amerikanın ən böyük vətənsevərlərindən biri Con Abrams yazırdı ki, Amerika inqilabı vətəndaş müharibəsindən qabaq başlanıb. Bu inqilab insanların qəlbində və ağlında idi. Bu – biz ətrafa boylanıb vahid millət olduğumuzu anlarkən, kim olduğumuzu, nəyi dəyərləndirdiyimizi və həyatımızı nəyə görə qurban verməyə hazır olduğumuzu başa düşərkən Amerikanın oyanış anı idi.
Amerika tarixi ta əzəldən insanların öz gələcəklərini öz əllərinə alarkən nəyi etməyin mümkünlüyünün tarixidir. Birləşmiş Ştatlar dünya tarixində xeyirin ən böyük gücü və suverenliyin, təhlükəsizliyin, tərəqqinin ən böyük müdafiəçisidir. Biz bu gün dünya ölkələrini böyük oyanışa, ruhun dirçəlişinə, məğrurluğa, vətənsevərliyə çağırırıq.
Tarix soruşur: bu vəzifəyə gücümüz yetərmi?
Cavabında iradənin gücünü ortalığa çıxarmalı, qətiyyət və işə sədaqət sərgiləməliyik. İnsanlığın düşmənlərini darmadağın etməyimiz və həyatın özünün potensialını açmağımız lazımdır. Biz məğrur və müstəqil, öz borcunu yerinə yetirən, dostluğa can atan, başqalarına sayğı göstərən və hamının marağı üçün ümumi iş uğrunda mübarizə aparan ölkələrin sözünə və işinə ümid bəsləyirik. Layiqli gələcəyin və çox gözəl Yer planetimizin bütün xalqları üçün sülh uğrunda. Birləşmiş Millətlər Təşkilatının həqiqi niyyəti və təyinatı bu cürdür. Bütün adamların qədim iradəsi və hər bir müqəddəs qəlbin içində yaşayan dəruni cəhdləri bu cürdür. Onda, qoy, bu, bizim missiyamız olsun.
Qoy, bu, bizim dünyaya ismarıcımız olsun: birlikdə mübarizə aparacaq, birgə qurban gedəcək, barış, azadlıq, ədalət, ailə, insanlıq, hamımızı yaratmış Qadir Allah uğrunda birgə çıxış edəcəyik.
Sizə təşəkkür edirəm. Rəbbimiz sizi uğurlasın. Ya Rəbbim, dünya ölkələrini uğurla!
Tanrı, Amerika Birləşmiş Ştatlarını uğurla. Çox sağ olun.
MilliYol.Az
Digər xəbərlər
loading...