Çingiz Qənizadə: "Qalib Salahzadə dediklərini sübut etməsə, həbs olunmalıdır"
Milli Məclisin deputatı Çingiz Qənizadə keçmiş həmkarı, son günlər mətbuatda ona qarşı ağır ittihamlar səsləndirən Qalib Salahzadəni xüsusi ittiham qaydasında məhkəməyə verməyə hazırlaşır.
Məsələ ilə əlaqədar Modern.az-ın əməkdaşı Çingiz Qənizadə ilə əlaqə saxlayıb. Onunla söhbəti təqdim edirik:
- Çingiz müəllim, Qalib Salahzadəni məhkəməyə verəcəyiniz barədə mətbuatda məlumat yayılıb. Biz bilmək istərdik ki, onu hansı maddələrlə məhkəməyə verirsiniz, vəkiliniz kimdir?
- Məlumdur ki, bəzi mətbuat orqanlarında Qalib Salahzadə mənim haqqımda bir neçə istiqamətdə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar verib. Birincisi, mənim Bakı şəhər prokuroru işlədiyim vaxtda guya, ondan 30 min manat və ya dollar almağımla bağlı məlumat açıqlayıb. Guya, o, həmin pulu vaxt qoyaraq məndən geri alıb. Bu həqiqətə uyğun olmayan bir məlumatdır.
İkincisi isə qeyd edir ki, Çingiz Qənizadənin el-obasından gedib maraqlansalar, məlum olar ki, onun necə utanverici keçmişi var. Bu, nə deməkdir? Mən çox istəyərdim ki, bu açıqlamalarına izahat versin. Ona görə də Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə, yəni, böhtan və təhqirə görə, həm də şərəf və ləyaqətin alçaldılması ilə bağlı fikirlərini xüsusi ittiham qaydasında məhkəməyə verməyə hazırlaşıram. Bununla bağlı dünən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasında çalışan və kollegiyanın üzvü Raqif Mustafayevlə müqavilə bağlamışam. Materialları ona təqdim etmişəm.
Mənə suallar olunur ki, onun böhtan dolu fikirlərini dərc edən mətbu qurumları da məhkəməyə verəcəksiniz? Təbii ki, mən buna “yox” deyirəm. Mən bütün hallarda özümü mətbuatın dostu hesab edirəm. Baxmayaraq ki, 4-5 mətbuat orqanında onun bu fikirləri öz əksini tapdı. Amma mən o mətbuat orqanlarına qarşı hər hansı bir iddia ilə çıxış etməyəcəm. Qalib Salahzadə bayaq dediyim iki fikir barədə söylədiklərini sübut etməlidir. Bunu təsdiq edə bilməyəcəksə, xüsusi ittiham qaydasında onun həbs edilməsini tələb edəcəm.
Bilirsiniz ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə ötən il dəyişiklik edilib. Elektron informasiya resurslarında, KİV-də insanın şərəf və ləyaqətini alçaldan, ona böhtan atan məlumatların yayılmasına görə cəzalar sərtləşdirilib. Xüsusilə 147-ci maddədə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələmək, nüfuzdan salmaq məqsədilə KİV-də və informasiya resurslarında yalan informasiyaların yayılması məhz bu maddənin tərkib hissəsini yaradır. Belə hesab edirəm ki, Qalib Salahzadə fikirlərinə ya aydınlıq gətirməli və dediklərini sübut etməlidir, ya da məsuliyyətə cəlb olunmalıdır. Həmin maddədə iki ilədək həbs cəzası nəzərdə tutulur. Həmçinin alternativ cəzalar var.
- Ola bilərmi ki, məhkəmədə qalib gəldiyiniz təqdirdə dostlarınız, yaxınlarınız tərəfindən sizdən xahiş oluna və humanist addım ataraq onu bağışlayasınız?
- Dünən parlamentdə deputat həmkarlarım mənə bu addımı atmamağı tövsiyyə etdilər. Həmçinin, dünən şeyxin yeznəsi, tələbə yoldaşım Şərif Əsədullayev məndən bu addımı atmamağı istədi. Onlar bildirdilər ki, hamı-hamını yaxşı tanıyır. Mən bütün dostlarıma da bildirmək istəyirəm ki, burada şərəf və ləyaqətdən söhbət gedir. Hər şeydən yüksək budur. Ona görə də bu məsələdə hər hansı xahiş mənim tərəfimdən qəbul edilməyəcək. Özüm üçün də maraqlıdır ki, hacı Qalibdə olan informasiyalar cəmiyyətə açıqlansın. O da əgər varsa...
- Maraqlıdır, bu prosesə qədər sizin aranızdsa hər hansı bir soyuqluq olmuşdumu?
- Mən Bakı şəhər prokuroru işləyən zaman hacı Qalib daxili işlər orqanları tərəfindən həbs edilmişdi. O, bilgəhli Ramizin ölümündə şübhəli bilinirdi. Bir neçə adam da həbs olunmuşdu. O dövrdə biz onu və digərlərini 5-6 ay həbsdə saxladıq. İstintaqın gedişində məlum oldu ki, cinayəti həbs edilənlərdən biri törədib. Onun təşkilatçılığı şübhə altındaydı. Digər şəxs də ədalətli cəzasını aldı.
Mən bu adamı hörmətli şeyximizin bir neçə dəfə məclislərində görmüşəm. İndiyə qədər də onunla bir stəkan çay belə içməmişəm, heç bir ünsiyyətim və dostluğum olmayıb. O, ötən çağırışda parlamentin üzvü olarkən mənimlə dəfələrlə görüşüb. Əgər dedikləri həqiqətiydisə, onda mənimlə niyə görüşürdü? Hesab edirəm ki, onun mənə bu cür yalan və böhtan atmasının arxasında bir neçə gün bundan öncə oğlunun həbsi ilə bağlı hüquq-mühafizə orqanlarına qarşı ədalətsiz, qərəzli açıqlamalarına yanaşmam olub.
Mən bir ay bundan əvvəl də onunla bağlı açıqlama vermişdim. O demişdi ki, Həcc ziyarətinə 500 nəfər göndərib. Əvvəla bildirdim ki, adam etdiyini deməz. Daha sonra dedim ki, əgər belə imkanın varsa, ali məktəblərə imtahan verib yüksək bal toplayan gənclərimiz var ki, maddi imkansızlıqdan təhsil haqqını ödəyə bilmir. Getsin onlara yardım etsin.
Onun bu cür açıqlamalarının mənasız olduğunu bildirmişdim. Hacı Qalib də buna görə dostum vasitəsilə mənə öz narazılığını bildirmişdi. Həmin narazılıqların fonunda mənim barəmdə ciddi bir fikir söyləməyə ümid edərək, bu cür böhtana yol verib.
Hesab edirəm ki, cəmiyyətdə tanınan adamam, yüzlərlə, minlərlə dostum, tanışım var, seçicilərim var. Bu adam dediklərini sübut etməlidir. Ya da qanun qarşısında məsuliyyət daşımalıdır. Mən ona ağzından çıxan sözün məsuliyyətini dərk etmək qabiliyyətini öyrədəcəm. Özü də qanunun aliliyi ilə hüquqi yolla.
MilliYol.Az
Digər xəbərlər
loading...