Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamenti Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsünə şərhlə cavab verib
Novator.az-ın məlumatına görə, sentyabrın 21-də yayılan şərhdə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı məsələdən söhbət gedir.
Sentyabrın 19-da ÜAK-nın Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti üzrə proses başa çatıb. Ali Məhkəmənin Apellyasiya Kollegiyası şikayəti təmin etməyib, birinci instansiyanın qərarı qüvvədə qalıb. Rusiya Ali Məhkəməsi bu il mayın 15-də Ədliyyə Nazirliyinin istəyi ilə ÜAK-nin qeydiyyatının ləğvinə qərar verib. Ədliyyə Nazirliyinin iddiasında 2001-ci ildən fəaliyyət göstərən ÜAK-da nəzarət-təftiş tədbirləri zamanı Rusiya qanunvericiliyinin və qurumun nizamnaməsinin pozuntularının aşkarlandığı, nöqsanların aradan qaldırılması tövsiyələrindən nəticə çıxarılmadığı əsas gətirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a müsahibəsində deyib ki, Azərbaycanla Rusiya arasında humanitar əlaqələrin inkişafında mühüm rol oynayan ÜAK-nın ləğvi barədə qərar siyasi baxımdan qeyri-dost addımıdır: “Bu, Rusiya və Azərbaycan tərəfindən bəyan olunan və iki ölkə arasında strateji tərəfdaşlıq zəminində inkişaf edən yüksək səviyyəli əlaqələrə ciddi zərbə vurur. Rusiya Federasiyasının Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qeyri-dost xarakterli qərarının məqsədini başa düşmək çox çətindir. Xüsusilə o halı nəzərə almalıyıq ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və bu status tərəflərə münasibətdə tarazlı yanaşmanın nümayiş etdirilməsini tələb edir. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə Rusiyada yaşayan Azərbaycan icması nümayəndələrinə münasibətdə qeyri-ədalətli yanaşma tətbiq olunduğu halda Rusiya Erməniləri İttifaqına tam dəstək göstərilir və bu qurum fəaliyyətini davam etdirir. Hər bir halda Rusiya Federasiyasının Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv etmək siyasəti təəccüb, ciddi sual və dərin təəssüf doğurur”.
Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamentinin 21 sentyabr şərhində qeyd olunur ki, ÜAK-nın məhkəmə qaydasında ləğvi qurumun fəaliyyətində çoxsaylı qanun pozuntuları ilə bağlıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyevin məsələ barədə şərhinə toxunan Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamenti bildirir ki, Rusiya məhkəməsinin öz ölkəsinin ictimai təşkilatı ilə bağlı qərarını Azərbaycana qarşı qeyri-dost addımı saymaq heyrət doğurur. Rusiya XİN ÜAK-nın qeydiyyatının ləğvinin Dağlıq Qarabağ münaqişəsində Rusiyanın vasitəçilik missiyasına kölgə sala biləcəyi iddiasını da heyrətamiz sayır.
Açıqlamada qeyd olunur ki, Rusiyada azərbaycanlıların maraqlarını qoruyan 260 ictimai təşkilat var, bu qurumların 4-ü ölkə səviyyəsində fəaliyyət göstərir. Rusiya ilə Azərbaycanın strateji tərəfdaş adlandırıldığı açıqlamada vurğulanır: “Bizim ölkələrimizin ikitərəfli və beynəlxalq səviyyədə əməkdaşlığının geniş perspektivləri var. Bu perspektivləri uydurma problemlərlə zədələməyə dəyərmi?”
MilliYol.Az
Digər xəbərlər
loading...