Ölkə təhsilini uğursuz “təcrübə laboratoriyası”na çevirən Mikayıl Cabbarov daha bir idman federasiyasının rəhbərliyinə gətirilib
Yenicag.az xəbər verir ki, Badminton Federasiyasının prezidenti olan təhsil naziri Mikayıl Cabbarov ötən gün Qılıncoynatma Federasiyasının da prezidenti seçilib.
Burada “seçilib” sözü əlbəttə ki yerinə düşmür. İdman federasiyalarının bürokratik aparatın tərkibində “əridildiyini” nəzərə alsaq, Cabbarovun yeni “prezidentliyi” də administrativ təyinatdan başqa bir şey deyil.
Əslində, Qılıncoynatma Federasiyası ətrafında son aylarda dolaşan korrupsiya qoxulu söz-söhbətlərin böyüməsi ilə qurumun sabiq rəhbəri – diaspora naziri Nazim İbrahimovun hökmü verilmişdi.
İbrahimovun mümkün xələfləri sırasında qılıncoynatma idmanında sözünü demiş atletimizin olub-olmadığını söyləyə bilmərik.
Hər halda, adıçəkilən Federasiyanın vitse-prezidenti olmuş Yaşar Məmmədov postundan uzaqlaşdırılandan sonra o qurumda nə vaxtsa əlinə qılınc götürmüş birinin qaldığına inanmıram.
O baxımdan, zor-xoş bu və ya başqa nazir-məmurun himayəsinə verilən Qılıncoynatma Federasiyasının yeni rəhbərinin də rəsmi statuslu şəxs olacağı şübhə doğurmurdu.
Vəziyyətə real baxaq. Bildiyim qədər, hazırda Uşu Federasiyasının prezidenti Azər Həsənsoydan və Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevdən başqa hansısa peşəkarın federasiya rəhbəri olduğuna dair nümunə yoxdur.
Yəni Qılıncoynatma Federasiyasının prezidenti postunda da İbrahimovun, yaxud digər nazirin oturması soldakı sıfır qədər əhəmiyyətsiz detaldır. Ancaq…
Diqqət edək, fövqəladə hallar naziri Kəmaləddin Heydərov uzun müddətdir, boks və taekvando federasiyalarının prezidentidir.
Heydərovun adının zaman-zaman müəyyən qalmaqallarda hallanmasına baxmayaraq, ortada az-çox nəticə var. Düzdür, yaxın Dağıstandan və uzaq Kubadan boksçu-legionerlər gətirilsə də, milli boks məktəbi mövcuddur.
SOCAR prezidenti, “fidbol sevdalısı” Rövnəq Abdullayev Azərbaycan futbolunu yerlərdə süründürsə də, paralel rəhbərlik etdiyi Cüdo Federasiyasında nəyin hesabına olursa-olsun, nəticə verməkdədir.
Vergilər naziri Fazil Məmmədovun kurasiyasında olan Güləş Federasiyasında da tez-tez “tozanaq” qopmasına baxmayaraq, bu milli idman növü hələ nəfəs alır. Yeri gəlmişkən, Otüstü Xokkey və Velosiped federasiyaları da vergilər nazirinin rəhbərliyi-himayəsi altındadır.
Beynəlxalq dopinq qalmaqallarının episentrindən çıxmayan Ağır Atletika Federasiyasını isə AZAL prezidenti Cahangir Əsgərov çoxdan və deyəsən, ömürlük “özəlləşdirib”.
Siyahını uzatmağa ehtiyac görmürəm.
Bu sıralamanı aparmaqla demək istəyirik ki, qılıncoynatma kimi qədim ənənəyə malik döyüş ruhlu idman federasiyasını elə “cəngavər” nazirlərimizdən birinin himayəsinə vermək olardı.
Yoxsa, Mikayıl Cabbarov… O adamı əlində qılınc oynadan vəziyyətdə təsəvvür edə bilərsiz? Doğrudur, ona qalsa, Kəmaləddin Heydərov rinqdə, Rövnəq Abdullayev tatamidə, Cahangir Əsgərov isə podiumda təsəvvürə gəlmir.
Lakin bu məmurların heç olmasa, hakim komanda daxilində, cəmiyyətin müəyyən təbəqələrində özlərinə görə neqativ-pozitiv obrazı, sanbalı var. Cabbarovu onlarla müqayisə etmək yalnız Jüll Vernin, ya da Ayzek Əzimovun təxəyyülünə gələ bilər.
Ən əsası, ölkə təhsilinin indiki ağlamalı vəziyyətinə baxanda istər-istəməz sual yaranır: Cabbarov, bu federasiya prezidentliyi sənin harana yaraşır?
Adam bir dəfə qılınca toxunsa, öz əlini beş yerdən yaralayar…
Mikayıl Cabbarov… Təhsil naziri… Həm də Qılıncoynatma Federasiyasının prezidenti… Parodiyanın bu qədəri…
MilliYol.Az
Digər xəbərlər
loading...