Saatlı rayonunda məmur özbaşınalığı və huqiqi nihilizmlə bağlı redaksiyamıza məlumat daxil olub
Saatlı rayon Naharlı kənd sakini, 1991-cil dən Məzrəli kənd tam orta məktəbində müəllim işləyən, 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü Həsənova Sara Malik qızı cumhuriyyet.az-a ünvanladığı məktubda başına gələnləri nəql edir. Baş verənlər isə nəinki bir vətəndaşın hüququnun pozulması, həm də müəllim olan bir xanıma məmur həqarəti, YAP üzvünə qarşı rayon rəhbərliyinin sayğısızlığıdır. Beləliklə, şikayətə diqqət edək:
İcra nümayəndəsi müəlliməyə: “gedin bir-birinizi öldürün, itin dişi, donuzun dərisi”
S.Həsənova şikayət məktubunda rayon rəhbərliyindən hüquqlarının bərpası üçün heç bir tədbir görülmədiyindən iki dəfə dövlət başçısına müraciət etdiyini bildirir. Bu il avqust ayının 4-də edilən müraciətdə deyilir: “Sizə müraciət edən ali təhsilli müəllimə, kimsəsiz qadın, hal-hazırda ev-eşiyindən didərgin düşmüş bir insandır. Mərhum atam tərəfindən qamışdan tikilmiş uçuq evimə gələn yolum qonşum Rafail Həsənov tərəfindən bağlanmışdır. Dörd gündür ki, evimə gedə bilmirəm. İcra hakimiyyətinin yaşadıgım Məzrəli ( Naharlı) kənd üzrə nümayəndəsi, həmçinin Sizin nümayəndəniz Müfəzzil Mustafayevə bu məsələ ilə əlaqədar müraciət etdim. Lakin icra nümayəndəsi bu məsələnin həlli ilə baglı heç bir təşəbbüs göstərmədi və mənə “Bu mənim işim deyil, gedin bir-birinizi öldürün, itin dişi, donuzun dərisi” dedi Mən ona yuxarılara müraciət edəcəyimi dedikdə cavabı bele oldu: “Bu kənddə mənim qanunlarım rol oynayır, yuxarıların yox. Əgər şikayət etsən səni işdən qovduracağam və kənddən də çıxartdıracağam!” Kənd icra nümayəndəsi Müfəzzil Mustafayevin mənə belə cavabı məni evsiz-eşiksiz qalmaqdan daha çox hiddətləndirib. Belə kobud, cavabsız, intellektual səviyyəsi aşağı olan insanın Sizin səlahiyyətli nümayəndəniz olmasına görə ən azindan xəcalət hissi keçirirəm. Sizdən bu məsələnin araşdırılması üçün müvafiq orqanlara göstəriş vermənizi xahiş edirəm”.
Saatlı icra başçısı kuratorun göstərişini belə saymır
Bu müraciətə heç bir cavab verilmədiyindən S.Həsənova avqustun 9-da ölkə rəhbərliyinə ikinci müraciətini göndərir. Müraciətin mətni belədir: “Yaşadıgım kənddə və rayonmuzun məmurları tərəfindən başıma gətirilən oyunlar, təhqir olunmağım, hətta kəndədə dəfələrlə döyülməyim barədə yuxarı instansiyalara yazdığım şikayət məktubları, qaynar xətlərə etdiyim zənglər cavabsız qalıb. Hal-hazırda doğma ev eşiyimdən didərgin düşmüşəm. Sizdən Ulu Öndər Heydər Əliyevin yolu ilə gedərk məni qəbul etmənizi xahiş edirəm. Siz hər bir azərbaycanlının Prezidenti kimi mənim-ali təhsilli müəllimənin bir qrup nadan insan və yerində olmayan məmur tərəfindən döyülməsinə və təhqir olunmasına razı olmazsınız”.
Elə həmin gün S.Həsənova Prezident Adminstrasiyasında olur və daxili telefonla Saatlı rayon üzrə kuratora baş verənlər haqda məlumat verir. Şikayətçiyə icra başçısına onu qəbul etməsi ilə bağlı göstəriş verildiyi deyilir. Amma…
Amma nə həmin gün, nə ondan sonra Saatlı rayon icra hakimiyyətindən S.Həsənovaya heç bir reaksiya verilmir. 26 illik təhsil staji olan müəllimə öz şəxsi evinə gedə bilməməsinə laqeyd münasibətə etiraz olaraq icra hakimiyyətinin qarşısındakı parkda gecələmək qərarı verdikdən sonra, 14 avqustda onu icra başçısının müavini Reyhan Ocaqova qəbul edir.
Hüquq şöbəsinin müdiri icra hakimiyyətində müəlliməni söyür və döyür
Şikayətçini icra hakimiyyətində 6 nəfərlik heyət qəbul edir: İcra Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir Reyhan Ocaqova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Azər Həsənov, hüquq şöbəsinin müdiri Nurəddin Abdiyev, Memarlıq və tikinti şöbəsinin müdiri Yusifəli İsgəndərov, rayon təhsil şöbəsinin müdiri Seyidağa Kazımov və Naharlı kənd icra nümayəndəsi Müfəzzil Mustafayev. S.Həsənovanın “məni icra başçısı niyə qəbul etmir?” sualına müavin R.Ocaqovanın cavabı lokanik olur: “Başçı tapşırıb ki, mənə çiy işdən danışma, işi bişirin sonra mənə deyin”. Bunun ardınca isə hüquq şöbəsinin müdiri N. Abdiyev hər kəsin gözü önündə vətəndaşı təhqir edərək ona fiziki təzyiq göstərməyə başlayır. Ardınca baş verənləri isə S.Həsənova cumhuriyyet.az-a belə nəql edir: “Nurəddin Abdıyev məni ağır təhqiredici sözlər dedi, məni dəli adlandırıb tehsil şöbəsinin müdüri Seyidağa müllimə bildirdi ki “bu dəlini niyə işdən çıxardıb dəlixanaya atdırmırsan?!!! Daha sonra ayağa qalxıb oradakılarin gözü qarşısında başıma 3 dəfə yumruq atdi. Təhsil şöbəsinin müdiri Seyidağa müəllimin müdaxiləsindən sonra onun təhqir və təhdidləri dayandı və beləcə məni icra hakimiyyətindən çıxartdılar”
Saatlı məmurları YAP üzvünü və 26 illik müəlliməni dəli çıxarır
Saatlı rayon Naharlı kənd sakini, 1991-cil dən Məzrəli kənd tam orta məktəbində müəllim işləyən, 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü Həsənova Sara Malik qızının tək istəyi yaşadığı evə gedə bilməkdir. Hazırda onun evinə gedən yol bağlanıb və heç bir dövlət qurumu bu problemi həll etmir. Şikayətçinin sözlərinə görə rayon hüquq mühafizə orqanları da baş verənlərə laqeyd yanaşır. S.Həsənova problemi həll etməkdənsə məmurların onun özünü hədəfə götürüblər: “Gizli sövdələşmələrlə məni dəli çıxarıb canların qurtarmaq istəyirlər. Bu işə isə icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Nurəddin Abdiyev rəhbərlik edir. Bu o N.Abdiyevdir ki, 93-cü ilde Ulu Öndər Heydər Əliyev hərbi səfərbərlik elan edəndə o həkim qohumlarinin əli ilə saxta xəstəlik kağızı alaraq hərbi xidmətdən yayınıb. Mən isə 20 ilə yaxındır YAP üzvüyəm. 26 ildir dərs deyən, YAP üzvünü dəli çıxardıb nə demək istəyirlər?”
Məmur laqeydliyindən və qanunsuzluqdan bezən S.Həsənova dərsə öz evindən gedə bilmədiyinə görə şagirdlərindən utandığını bildirir: “Mən müəlliməyəm, sinif otaqlarında şagirdlərə ədalətin zəfərindən, dövlətimizin həqiqətlərindən danışıram. Bu durumda mən onlara nə danışacam? Bu ölkədə öz evimə də getmək haqqım tanınmırsa mənim müəllimliyimin, YAP üzvülüyümün nə anlam? Belə davam edəcəksə mən xarici ölkələrdən sığınacaq istəmək məcburiyyətində qalacam. Azərbaycan dövlətçiliyi üçün utanc sayılacaq bu halın məsuliyyəti isə Saatlı rayon rəhbərliyi üzərinə düşür”
P.S. Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq
MilliYol.Az
Digər xəbərlər
loading...