Bakı klanı fövqəlnazirin media və biznes imperiyasını əlindən alır
Məşhur misal var - inqilab öz balalarını yeyir. Bu, məğlubiyyətdən sonra fədailərin tək-tək dənlənib işgəncələrə məruz qalmasına, sındırılmasına aiddir.
Azərbaycan iqtidarı da öz balalarını yeməklə saraydaxili inqilabi dəyişikliklər prosesində onları qurban verir. Sistem öz içindən təmizləndikcə qüdrətli görünən iri fiqurlar buxarlanıb sovrulurlar.
Siyasi hakimiyyət onlara göstərdiyi xidmətə görə “dünən üçün sağ ol, bu gün lazım deyilsən, getmək vaxtındır” mesajını verir, sonra ətrafındakı halqanı daraldır, səlahiyyətlərini azaldır, biznes resurslarına bir-bir əl qoyur, gedişi çiban kimi yetişəndə döşünə orden taxıb yola salır.
Vəssalam, əzəmətli görünən və yenilməz sayılan, gur-gur guruldayan odioz fiqurlar, generallar, nazirlər bir ilin içərisində muma çevrilərək əridilir. Əslində, komandanı radikal şəkildə dəyişmək cəhdləri zaman-zaman olub.
Amma müxtəlif qruplaşmalar və Rusiyaya söykənən klanların müqavimətini qırmaq mümkün olmayıb. Ona görə də “B” variantı işə salınıb, yəni mərhələli dəyişikliklər üçün islahat paketi götürülüb.
Bu nəzəri və ezop dilində olan analizin arxasındakı açar söz növbəti iri fiqur, fövqəlqüvvəyə çevrilmiş Fövqəladə Hallar naziri, general Kəmaləddin Heydərovun təntənəli şəkildə “vurulması” deməkdir. Artıq fövqəlnazirlə bağlı bütün şifrələr açılıb və siyasi hakimiyyətin kluarlarında onun çamadanı hazırlanır.
Hakim elitanın nüfuzlu və güclü nazirlərindən olan K.Heydərovun kurasiyasındakı bölgələr əlindən çıxıb, illərlə maliyyələşdirdiyi media orqanları, holdinqlər, qəzet və xəbər portalları alınıb, iqtisadi resursları nəzarətə götürülüb, rıçaqları məhdudlaşdırılıb.
K.Heydərov hakimiyyətə sadiq və etimad göstərmiş nazirlərdən biridir. Onun fəaliyyəti də aşağılarda və yuxarılarda ciddi narazılıq doğurmayıb. İnhisarçı nazir olması ilə bərabər iqtidarın xəzinəsinə həmişə mənfəət verən, xəzinəyə kəm gözlə baxmayan bir fiqurdur. Amma yuxarıda deyildiyi kimi, “dünən üçün sağ ol, bu gün artıq onları bizə verməlisən”.
Ona görə də FHN şefinin kurasiyasındakı Qəbələ və digər regionlar nəzarətindən çıxıb, mediası yoxdur, təsir imkanları azalıb.
Bu gedişat Heydərovun idman və başqa sahələrdə, o cümlədən gömrük kimi mühüm sektorda hökmranlığına da son qoyulacağını şərtləndirir. Hətta onun rəhbərlik etdiyi nazirliyin səlahiyyətlərinin azaldılması, Heydərovun vəzifədən gedişi fonunda FHN struktrunun tamamilə dəyişməsi mümkündür. Çünki hakimiyyətin yeni idarəçilik modulu istefaya göndərdiyi məmurlarla birgə onların rəhbərlik etdikləri qurumları da ləğv etməkdir.
Buna bariz nümunə Milli Təhlükəsizlik Nazirliyi, Nəqliyyat Nazirliyi, Torpaq və Xəritəçəkmə Komitəsi (energetika naziri post növbədə - müəllif) və s. göstərmək olar. Eləcə də FHN strukturu məhz K.Heydərovun personası fövqündə şişirdildi, mühüm bir nazirliyə çevrildi. Nə təsadüfdürsə, məhz bu nazirliyin təsisindən sonra gömrük sistemi arxa plana keçdi, fövqəladə hadisələr (meşə yanğınları, zəlzələ, sel-daşqın) artmağa başladı, nazirliyə böyük səlahiyyətlər verildi, aparıcı bir quruma çevrildi.
Və Heydərovun gedişindən sonra bu nazirliyin adi bir struktur olacağı, yanğından mühafizə sisteminin əvvəlki qaydada işləyəcəyi, hətta bu nazirliyin səlahiyyətlərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində bir struktur yaratmaqla ona birləşdiriləcəyi istisna deyil. Çünki FHN fövqəlnazirin sayəsində süni nəfəs verilmiş bir orqandır.
Son zamalnlar müxtəlif mənbələrin verdikləri məlumatlarda isə bir məsələ ciddi olaraq hallanmaqdadır. K.Heydərovun yaratdığı “Gilan” holdinq, “Qafqaz” otel brendləri də əlindən çıxa, səhmləri “Paşa” holdinqin nəzarətinə keçə bilər. Fövqəlnazirin tərk-silah edilməsi, zəiflədilməsi prosesi məhz onun biznes imperiyasını damla-damla Paşayevlərə təslim etməsi ilə müşayiət olunur. Bu, indiki halda hakimiyyət daxilindəki bəzi dairələri sevindirə bilər. Amma onların sevinci də əsassızdır. Əvvəla Heydərovun “vurulması” heç də ona qarşı olan nazirləri gücləndirmir. Əksinə, FHN şefi kimi iqtidarın iqtisadi meneceri və nüfuzlu bir adamı da komandadan uzaqlaşdırılırsa, növbə digərlərinə də çatacaq.
Üstəlik, o nazir ki Türkiyə və Rusiya prezidentlərinin barışmasında vasitəçilik edib. Yəni, kifayət qədər siyasi əlaqələrə malikdir.
Amma 2018-ci il yolunda getdikcə möhkəmlənən Bakı-Şirvan qruplaşması qarşısındakı sədləri aşmaqda davam edir.
Bu hasarlardan biri də Naxçıvan klanında əhəmiyyətli rola malik olan K.Heydərovu “zərərsizləşdirmək” idi.
Hətta hakim ailəyə yaxın olması, bakı klanı ilə müəyyən işbirliyi də Heydərovun əlindəki biznes imperiyasını saxlamağa zəmanət vermir.
Göründüyü kimi, ona daha çox menecer-nazir gözü ilə baxan Bakı klanı Heydərovun qurub düzəltdiyi resursları indi geri tələb edir.
Deməli, 2018 projesini gerçəkləşdirən qruplaşmanın hakim komandasında Kəmaləddin Heydərova adına yer yoxdur. Hətta seçki ilində səs-küylü istefalardan biri reallaşa bilər.
Rəşadət Tağıyev
MilliYol.az
Digər xəbərlər
loading...