Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün universitetin tələbələrinə ali təhsil haqqında diplom verilməyəcək. MilliYol.Az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsi səlahiyyətlərini icra edən Elnur Əliyev APA-ya müsahibəsində deyib.
Elnur Əliyev Təfəkkür Universitetində təhsillərini davam etdirən tələbələrə digər ali təhsil müəssisələrinə köçürülmək üçün yenidən imkan yaradılacağını bildirib: "Bildiyiniz kimi, 2016-cı ildə "Təfəkkür" Universitetinin akkreditasiya müddəti bitib. Həmin səbəbdən bu ali məktəb 2016-2017-ci tədris ilində akkreditasiyası keçiriləcək təhsil müəssisələrinin qrafikinə salınıb, müvafiq Akkreditasiya komissiyası yaradılıb və müvafiq tədbirlərin görülməsinə başlanılıb. Lakin "Təfəkkür" Universitetinin rəhbərliyi ötən ilin oktyabr ayında Təhsil Nazirliyinə müraciət edərək maliyyə problemləri ilə əlaqədar Təsisçilər Şurasının 2017-ci ilin iyul ayından universitetin fəaliyyətinin dayandırılması barədə qərar qəbul etdiyini bildirib. Buna uyğun olaraq, universitet akkreditasiyadan keçmədiyi üçün ali təhsil müəssisəsinə tələbə qəbulu proqnozlaşdırılmayıb. Yay tətili ərzində universitetin 190 tələbəsi ümumi qaydada transfer.edu.az portalından istifadə etməklə digər ali təhsil müəssisələrinə köçürülüb. Bununla yanaşı təhsil hüquqlarını təmin etmək üçün mövcud qanunvericiliyə uyğun olaraq portala müraciət etməyən və hazırda Təfəkkür Universitetində təhsillərini davam etdirən tələbələrə digər ali təhsil müəssisələrinə köçürülmək üçün yenidən imkan yaradılacaq. Həmin tələbələr bu məqsədlə transfer.edu.az portalına müraciət edə bilərlər. Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün universitetin tələbələrinə ali təhsil haqqında diplom verilməyəcək".
MilliYol.Az
Digər xəbərlər
loading...