Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyev Fransa Respublikasının Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
APA-nın xəbərinə görə, Mehriban Əliyeva nümayəndə heyətinin bu səfərinin Fransada prezident seçkilərindən sonra ölkəmizə ilk səfəri olduğunu dedi və onlara uğurlar arzulayıb: “Çox sevindirici haldır ki, sizin səfəriniz ölkəmiz, həmçinin ikitərəfli əlaqələrimiz üçün çox əhəmiyyətli bir hadisə ilə üst-üstə düşür. Bu gün Bakıda Fransız-Azərbaycan Universitetinin yeni binasının açılış mərasimidir. Bu hadisə son illər xalqlarımız arasında əməkdaşlığın, xüsusilə də humanitar sahədə əməkdaşlığın davamıdır”.
M. Əliyeva universitetin ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə əlavə təkan verəcəyinə əminliyini bildirib. Qeyd edib ki, Bakıda Fransız liseyi də fəaliyyət göstərir və bu lisey bu gün artıq aparıcı təhsil ocaqlarından biridir.
Birinci vitse-prezident Fransız-Azərbaycan Universitetinin fəaliyyətini təhsil sahəsində əlaqələrin inkişafı üçün çox mühüm bir addım kimi dəyərləndirib.
M. Əliyeva əlaqələrin möhkəmlənməsi və genişləndirilməsində humanitar əməkdaşlığın vacibliyini vurğulayaraq bildirib ki, insanları, xalqları bir-birinə yaxınlaşdıran məhz bu sahədə qurulan əlaqələrdir. Birinci vitse-prezident son illər ölkəmizin bu sahədə bir çox nailiyyətlər əldə etdiyini, Azərbaycan reallıqlarının, mədəniyyətinin, tarixinin Fransada təbliğ olunduğunu deyib. Bildirib ki, bu il Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi qeyd edilir və bütün bu illər ərzində ölkələrimiz arasında bir çox sahələrdə geniş əlaqələr yaradılıb. Münasibətlərimiz qarşılıqlı hörmət və marağa əsaslanır.
Fransa Respublikasının Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan Mehriban Əliyevanın fəaliyyəti barədə məlumatlı olduğunu, iki ölkə arasında münasibətlərin dərinləşməsi üçün Parisdə və Fransanın regionlarında bir çox işlər gördüyünü qeyd edib və bu fəaliyyəti yüksək qiymətləndirib. Bildirib ki, bu, əməkdaşlıq üçün atılan vacib addımlardır.
MilliYol.Az
Digər xəbərlər
loading...