Nərimanovun yolu, Həsənquliyevin istiqaməti...
Azər QARAMANLI “Sınıq abzas”da yazır
Həftənin ən böyük məzəsi Beyləqanda yaşandı. Deməli dünyanın ən ağıllı, ən müti və eyni zamanda ən qürurlu milləti olan yaponlar Beyləqanda tualet tikmək üçün 90 min manat sərf ediblər. Jurnalist Fərahim İlqaroğlunun təbiri ilə desək, hətta “arsız-arsız müqavilə zad bağlayıblar”. Ən maraqlısı isə nanotexnologiyadan istifadə edilərək tikilən tualetlərin açılışına Beyləqanın icra başçısı Vaqif Abdullayevi də aparıblar. Bu üzdən də Vaqif müəllim Azərbaycanda tualet açılışı edən ilk dövlət rəsmisi kimi tarixə düşüb. Açığı, mənim bu 90 min dollarlıq tualet məsələsində ən çox yazığım gələn şəxs də Vaqif müəllim oldu. Yəni faktiki olaraq, adam rəsmən yaponların qurbanı oldu. İndi də dalıyca danqıldıyan, zingildəyən vedrə səslərindən qulaqlarına pambıq dürtüb Beyləqanın biçarə başçısı. Neynəmək olar ki, necə deyərlər, başa gələn çəkilər...
***
“Leş mafiyası” və Allahşükür Paşazadə. Bütün Qafqazın şeyxinə qarşı irəli sürülən iddia bu həftənin ən böyük qalmaqalı oldu. Bu iddia ilə isə dolayısı ilə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov çıxış etdi. Eyyub müəllimin fikrincə, “leş mafiyası”nı yalnız Hacı Allahşükür Paşazadə durdura bilər. O zaman təbii olaraq ortaya sual çıxır. Niyə şeyx? O ki, polis deyil, heç prokuror deyil. DTX da deyil. Şeyxin əlindən tək gələn şey fətva verməkdi ki, onu da bizim şeyximiz kolxoz şəklində verməlidi. Yəni kollektiv şəkildə. Bu üzdən də ortaya təbii olaraq belə bir nəticə çıxdı ki, “leş mafiyası”nı şeyxin adamları idarə edir. Bu anormal vəziyyətə bizim şeyximizin tükünü də tərpətməməsi isə tamam başqa mənzərə yaratdı. Daha doğrusu, iki məncərə. Birinci mənzərəyə görə şeyx belə iddialara cavab verməyi özünə sığışdırmır və buna görə də tükünü tərpətmir. İkinci mənzərədə isə görünən odur ki, Eyyub müəllim barmağını şeyxə tərəf tuşlayarkən bir şeylərdə haqqlıdır. Yəni şeyx bilir ki, danışsa, qara buludları üstünə daha çox çəkəcək. Ona görə də susmaq qızıl olub bizum şeyximiz üçün.. Bu arada mənim beynimdə bir sual elə neçə gündü ilişib qalıb. Bu leş ətlərinin gigiyenik, sanitarik tərəfin qoyaq o yana. Əgər Eyyub müəllim haqlıdısa, onda şeyx “bissmillahsız” doğranan leş ətlərini Allahın bəndələrinə yedirzdirməyi necə rəva bilir?...
***
Bəri başdan deyirəm, bilmirəm şeyxin biz Allah bəndələrinə “bismillahsız” leş ətləri yedizdirməsindəndi, yoxsa başqa bir şeydəndi, amma bizim banklarda Allahdan insaf deyilən bir şey qalmayıb. Çünki bizim banklar normalda müəllimi, akademiki, jurnalisti və dövlətdən 150-700 manat arası maaş alan qeyri filankəsləri, (mən hələ süpürgəçiləri filanı demirəm), adam yerinə qoymur. Daha doğrusu müştəri yerinə. Niyə? Deməli devalvasiyalardan sonra bəzi kredit kartlarının verilməsi dayandırıldı. Bir müddət sonra kredit kartı dollarla olan müştərilərin kartı bloklandı. Daha sonra “Bank of Baku”nun “Dostlar klubu” kartı bloka salındı. Devalvasiyaların bankların cibinə ciddi ziyan vurduğunu yaxşı bilirk. İndi “Unibank “Albalı kart” verilməsini dayandırıb. “Bank of Baku”da “Bolkart” verilməsini dayandırmışdı, amma indi yeni şərtlərlə müştərilərinə xidmət göstərirlər. Şərt bundan ibarətdir ki, əgər sən “Bolkart” istəyirsənsə, öncəliklə təqaüdçü olmamalısan. İkinci şərt, əmək haqqı 750 manat və ya bu məbləğdən yuxarı olmalıdır. Yəni, faktiki olaraq, Azərbaycanda “Bolkart”dan ancaq nazirlər istifadə edə bilərlər. Hətta icra başçıları, nazir müavinləri bu “Bolkart”ın inanılmaz xidmətlərindən yararlana bilməz. Bunun adı nədir? Ayrı-seçkilik, yoxsa “Bolkart”ımı vermirəm əl çəkin?...
***
Bu arada muştuluq! BAXCP sədri, millətmizin vəkillərindən olan Qüdrət Həsənquliyev həm öz adından, həm də partiyasının adından Qarabağ münaqişəsinin həlli yolunu tapıb. Qüdrət bəyə görə Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan təkcə Qarabağı yox, bütün Azərbaycanı Rusiyaya verməlidi. Hətta bunu Qarabağı rusların əlindən alan və ona aid olduğunu iddia edən Ermənistan da betər eləməliyik ki, Putin desin ki, tərəzinin Azərbaycan gözü daha ağır gəldi. Qüdrət bəy hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və Qarabağda müharibəni bitirməyin yolu budur. Nə demək olar? Halal olsun Qüdrət bəyə. Və şanlı partiyasına! Amma məsələnin bir tərəfi də var. Ermənilər də elə Qüdrət bəyin deyiklərini deyirlər. Yəni Kremldən aldıqları tapşırığa əsasən sözlə yox, hərəkətlə. Hə, burda başqa bir məsələ də var. Tutalım ki, Qüdrət bəy haqlıdı və biz Qüdrət bəyin bizə göstərdiyi istiqamətə gedirik. Yəni it hürən tərəfə yox, işıq gələn tərəfə. O zaman Azərbaycan Putinin tərəzisində ağır olduğu üçün və Putinin, həmçinin “rus ruhunun” təbii təbiətində tarazlıq və ədalət prinsipləri əsas olduğu üçün yüz faiz cənab Putin deyəcək ki, ədalət və tarazlıq naminə Dağlıq Qarabağı və iki rayonu verək Ermənistana. Eyni şeyi 1923-cü ildə Stalin də etmişdi. Yəni o zamanın Qüdrət bəyi olan Nərimanov Nərimanov indi Qüdrət bəyin bizə göstərdiyi yolla getdikdən və Azərbaycanı tamamən Rusiyaya bağışladıqdan sonra Stalində “rus ruhunun” təbii təbiətindən çıxış edərək ədalət və tarazlıq naminə Zəngəzuru Ermənistana vermişdi...
***
Son olaraq deyim ki, bu həftənin ən canlı və orijinal etiraflarını şair Aqşin Yenisey edib. Adam deyir ki, “istedadım məni divanəyə çevirəcək gücdə deyildi ki, mən də Bakının adiliklərinə yenildim, azadlığı rahatlığa dəyişdim”. Və daha sonra əlavə edir: “Əvvəllər xoşuma gələn bir şeiri yazanda onun şərəfinə tək içirdim və şeiri yüksək səslə güzgü qabağında bir neçə dəfə özümə oxuyurdum. Xəstələnəndən sonra hər şey məhv oldu; indi nə yaza, nə içə, nə də oxuya bilirəm”. Zəhmət olmasa, əziz və çox hörmətli oxucularım, əlinizi ürəyinizin üstünə qoyun və deyin, bu günə qədər bir yaradığı adamdan belə səmimi etiraflar eşitmişdiz. Yaradıcılarımızın qocası, cavanı, (yaşın nə fərqi var ki, misalı, yəni yaş qətiyyən fərq eləmir), bu biçarə məmləkətdə ağzını açan “mənim xalqım” deyib başlayır öz qəhrəmanlığının dastanını nəql etməyə. Amma Aqşin bəy etiraf edir ki, yaxşıca vurub yüksək səslə güzgü qabağında bir neçə dəfə şerlərini oxuyurmuş. İndi Aqşin bəy azadlığı rahatlığa qurban verib və yaxşıca vurandan sonra yüksək səslə güzgü qabağında bir neçə dəfə şerlərini oxuya bilməsə də, mənim fikrimcə, bizdə səmimi olmalı və etiraf etməliyik ki, Aqşin bəy rahatlıq naminə azadlığını itirsə də, səmimiyyətini itirməyib. Buna şükür deyək...
Azər QARAMANLI
"Milli Yol"
Digər xəbərlər
loading...