Böyük Britaniyanın Baş naziri Tereza Mey Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib
BakuPost.az xəbər verir ki, baş nazir prezidenti "Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı BP-nin rəhbərlik etdiyi konsorsium ilə SOCAR arasında imzalanmış müqavilənin yenilənməsi ilə əlaqədar təbrik edib: "Bu müqavilənin yenilənməsi növbəti onilliklər üçün Böyük Britaniya və Azərbaycan arasında mövcud olan dərin və xüsusi əməkdaşlığı daha da gücləndirəcəkdir.
"Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi ilə bağlı 1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanmasından bəri Böyük Britaniya və xüsusilə də BP Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafında mühüm rol oynamışdır. Bu böyük sərmayə tarixdə ilk dəfə Azərbaycana tam suveren və müstəqil dövlət kimi, Xəzər dənizində özünün təbii sərvətlərindən tam şəkildə yararlanmağa imkan yaratmışdır.
2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tamamlanması Azərbaycan neftinin beynəlxalq bazarlara fasiləsiz surətdə təhlükəsiz nəqlinə imkan yaratmış növbəti mühüm hadisə olmuşdur.
2020-ci ildə başa çatdırılması nəzərdə tutulan Cənub Qaz Dəhlizi Azərbaycanın Avropaya təbii qaz nəql edən mühüm ixracatçıya çevrilməsinin yekun mərhələsi olacaqdır. Həmin boru kəmərləri şəbəkəsinin enerji təhlükəsizliyinin təmin edilməsinə verəcəyi töhfə Böyük Britaniya tərəfindən alqışlanır.
Təəssüflər olsun ki, sentyabrın 14-də mən Bakıda "Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı müqavilənin yenilənməsini Sizinlə bir yerdə qeyd edə bilməyəcəyəm. Bu mühüm uzunmüddətli sərmayə bizim enerji sahəsində strateji tərəfdaşlığımızı daha da möhkəmləndirməyə yardım edəcək və gələcək illərdə birgə firavanlığımıza töhfə verəcəkdir.
İmzalanma mərasimi ilə bağlı Sizə uğurlar diləyir və yaxın zamanda görüşmək imkanı əldə etməyə ümidvaram”.
MilliYol.Az
Digər xəbərlər
loading...