Müəllimlərin işə qəbulu ilə bağlı keçirdiyi imtahanda müvafiq balı toplayaraq Gədəbəyin ən ucqar kəndi olan Göyəlli kəndinə müəllim kimi işləməyə gedən İsmayılova Günel Tohid qızı məktəb direktoru tərəfindən təhqir olunub.
Pedaqoji Universitetini magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirən gənc qızın atası Tohid İsmayılov bu barədə "Qaynarinfo"ya danışıb:
"Qızım ayın 12-də məktəblə tanış olmaq üçün gedib. Lakin direktor çox kobud şəkildə "sən kimsən ki, gəlmisən. Bilmirsənmi qəbul necə olur? Sənin əmrin yoxdu. İmtahanı harada vermisənsə, oradan tələb elə" deyərək yola salıb".
O, Təhsil Şöbəsinin rəhbərinə zəng vuraraq, məsələnin əslini öyrənməyə çalışdığını, burada isə özünün təhqir edildiyini deyib:
"Təhsil Şöbəsinin müdirini şəxsən tanıdığım üçün birbaşa ona zəng vurdum. Dedi ki, mən əmri göndərməmişəm, ona görə belə deyiblər. Dedim ayın 15-i dərs başlayırsa, necə ola bilər ki, əmr gedib çıxmasın?! Bir də incitsələr şikayət edəcəyimi bildirdim. O isə kobud şəkildə, "sən artıq həddini aşırsan" dedi. Özüm Qarabağ əliliyəm, ehtiyatda olan zabitəm. Oranın ilk bölük komandirlərindən biri mən olmuşam. Şöbə müdirinin sözündən belə çıxdı ki, mənim nəyisə tələb etməyə hüququm çatmır. Əvvəllər Gədəbəyin İcra Hakimiyyətində işləyirdim, indiki şöbə müdiri də o zaman savxoz direktoru idi. Əgər qəbul etmək istəmirlərsə, Təhsil Nazirliyinə zəng vurub desinlər ki, qəbul etmək istəmirik. Dəqiq deyə bilmərəm. Ola bilsin köhnə müəllimdən nəsə alıb, onu yerində saxlamaq istəyirlər".
"Qaynarinfo" məsələ ilə bağlı Gədəbəy rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb. Şöbə müdiri Baxış Nağıyev açıqlamasında heç bir problem olmadığını, sadəcə müəllimlərin işə qəbulu ilə bağlı təhsil nazirinin müvafiq məktubunu gözlədiklərini söyləyib:
"Biz həmin müəlliməni qeydiyyata götürmüşük. Cənab nazirin məktubunu gözləyirik. Həmin məktub bizə çatan kimi məktəblərə göndərəcəyik. Heç bir problem yoxdur. Valideynlə də danışanda aramızda ciddi problem olmayıb".
MilliYol.Az
Digər xəbərlər
loading...