YAP-dan Qüdrət Həsənquliyevə cavab
“Yeni Azərbaycan Partiyası heç zaman özünü dövlət partiyası və eyni zamanda, hakimiyyətin bir qolu kimi aparmayıb”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin “iqtidar partiyası ilə dövlət aparatı birləşib” fikrinə münasibət bildirən Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Aydın Mirzəzadə deyib.
Qeyd edək ki, BAXCP sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat” qəzetinə müsahibəsində qarşıdan gələn prezident seçkilərində dövlət başçısı İlham Əliyevin alternativinin olmadığını açıq mətnlə söyləyib.
O, İlham Əliyevin növbəti dönəmdə də ölkəyə rəhbərlik etməsinin zəruriliyini əsaslandırmaq üçün “iqtidar partiyası ilə dövlət aparatının birləşdiyini” vurğulayıb:
“Ağlı başında olan adam başa düşməlidir ki, hazırda İlham Əliyevdən başqa – mən bunu tam səmimiyyətlə söyləyirəm – ölkəni qansız-qadasız, sabitlik pozulmadan yeni bir mərhələyə keçirtməyə qadir başqa birisi yoxdur. İqtidar daxilində İlham Əliyev yeganə birləşdirici fiqurdur.
Nəzərə alsaq ki, iqtidar partiyası ilə dövlət aparatı birləşib (iqtidar partiyası eyni zamanda dövlət aparatı deməkdir), deməli, dövlət aparatında da, YAP-da da birləşdirici fiqur məhz İlham Əliyevdir. Yalnız o, inqilabsız islahatlar həyata keçirtməyə qadirdir”.
Qüdrət Həsənquliyevin bu fikirləri ilə bağlı Yenicag.az-a açıqlama verən Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Aydın Mirzəzadə təmsil etdiyi təşkilatda hələ seçki hazırlığına başlanılmadığını, ancaq YAP-ın növbəti seçkidə də qalib gəlmək əzmində olduğunu söyləyib:
“Qüdrət Həsənquliyev müxalifət partiyalarından birinin rəhbəridir və aydın məsələdir ki, indiki hakimiyyətə müxalifətin cinahlarından birinin qiymətini verir.
Qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyası da təbii ki öz namizədi ilə iştirak edəcək və yenidən qələbə çalmaq əzmindədir.
Keçirilən sosioloji sorğular da göstərir ki, Yeni Azərbaycan Partiyası və onun lideri, ölkə prezidenti cənab İlham Əliyev böyük nüfuza malikdir.
Hələlik partiyamızda seçki ilə bağlı hər hansı bir hazırlıq işinə başlanılmayıb. Gələn il isə Seçki Məcəlləsinə uyğun olaraq, partiyamız öz hazırlıq işlərini görəcək və namizədini irəli sürəcək”.
Mirzəzadə deputat həmkarının hakim partiya ilə dövlət aparatının birləşməsinə dair fikirlərinin yanlış olduğunu bildirib:
“O ki qaldı, partiya ilə hakimiyyətin birləşməsi iddiasına, hesab edirəm ki, deputat həmkarım yanlışlığa yol verir. Yeni Azərbaycan Partiyası heç zaman özünü dövlət partiyası və eyni zamanda, hakimiyyətin bir qolu kimi aparmayıb.
Bu başqa məsələdir ki, müxalifət, o cümlədən, Qüdrət Həsənquliyev belə bir halın baş verməsini çox istərdi və onlar hakimiyyətə qarşı daha bir arqumentdən istifadə etsinlər.
Yeni Azərbaycan Partiyası özünü sıradan bir siyasi partiya kimi aparır və fəaliyyətində heç vaxt dövlət hakimiyyətinə göstərişlər verə biləcək qərarlar qəbul etməyib. Partiyamız sırf qanunların, həmçinin Nizamnaməsinin imkan verdiyi çərçivədə hərəkət edir.
Ancaq nəzərə alınmalıdır ki, Yeni Azərbaycan Partiyasının üzvləri dövlət hakimiyyətində bir çox postlardadırlar – bu, belə də olmalıdır. Partiyamızın namizədi prezident seçilib, dövlət başçısıdır. Yeni Azərbaycan Partiyası parlamentdə və bələdiyyələrdə yerlərin əksəriyyətini qazanıb.
Bu baxımdan, dövlət hakimiyyətində Yeni Azərbaycan Partiyasının nümayəndələrinin olması tamamilə başa düşüləndir. Hesab edirəm ki, bu gün heç kəs YAP-ın fəaliyyətində özünü dövlət qurumu kimi apardığını təsdiqləyən amil tapa bilməz.
Bununla belə, əlbəttə ki, hakim partiya olaraq, nümayəndələrimizin seçkiqabağı vədlərinin yerinə yetirilməsi üçün fəaliyyət göstərməsi tam normal haldır”.
MilliYol.Az
Digər xəbərlər
loading...