Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilən bloger Aleksandr Lapşinin anası Bella Lapşina Bakıdadır
Bu barədə Trend-ə A.Lapşinin vəkili Eduard Çernin məlumat verib.
Onun sözlərinə görə, B.Lapşina gecə saatlarında Bakıya gəlib.
Vəkil bildirib ki, B.Lapşina və A.Lapşin yaxın günlərdə İsrailə gedəcək: “Onlar əvvəlcə Türkiyəyə, oradan isə İsrailə gedəcək. Ola bilsin ki, bu gün, ya sabah Türkiyəyə getsinlər”.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapşin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.
O, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın ərazisi – Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. A.Lapşin Azərbaycan Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunub.
Xatırladaq ki, sentyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev A.Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin.
MilliYol.Az
Digər xəbərlər
loading...