Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı “Qafqazinfo”ya müsahibə verib
MilliYol.Az həmin müsahibəni təqdim edir:
- Söhbətimizə Elza Seyidcahanın şeir müsabiqəsində iştirakı ilə bağlı yaranan qalmaqaldan başlamaq istəyirəm. Düzdür, siz də bizim sayt vasitəsilə məsələyə münasibət bildirmişdiniz. Amma bir xalq şairi, şeir bilicisi olaraq sizdən şeirə bu cür münasibət sərgiləyən xanıma qarşı sərt reaksiya gözləyirdik. Yəni, hər kəsə öz yerini göstərmək baxımından...
- Burada söhbət Elza Seyidcahandan getmir. O, Azərbaycanın tanınmış bir müğənnisi, əməkdar artistidir. Mənim bir-iki şeirimə də mahnı yazıb. Onun öz auditoriyası var. Şeir yazmağına da pis baxmıram. Deyir ki, uşaqlıqdan şeir yazmağa başlayıb. Ola bilər ki, müəyyən məsələləri qəsdən elə yazır. Bunu əks-səda doğurmaq üçün edir. Burada əsas məsələ “Xalqın şairi “ adlı televiziya proqramıdır. Onlar guya unudulmuş, rayonda yaşayan, şeir yazan adamları seçəcəklər. Mən bu seçimə qarşıyam. Şair doğular, şair seçilməz. Burada məqsəd nədir? Bəlkə Azərbaycanda şairlər qalıb kənarda, siz onları ortalığa çıxartmaq istəyirsiniz? Mətbuat şeirlə doludur, bu gün şeir problemi yoxdur. Niyə onda “Xalqın aparıcısı” adlı veriliş açmırsınız ki, görək bu televiziyaların normal aparıcısı varmı? O cümlədən, “ Xalqın naziri”, “Xalqın icra başçısı” və. s kimi verilişlər də açıb müəyyən etmək olar ki, hansı yaxşı işləyir? Ancaq şairlik istedad işidir. Elza Seyidcahanın da daxil olduğu komanda şairi seçə bilməz. Orada şeiri bilən iki adam var. Baba Vəziroğlu və Qulu Ağsəs.
- Deyirsiniz ki, o sənətkardır, yazır. Onun indiyə kimi yazdığı hansı şeirində məntiq görmüsünüz? Lap elə götürək, axırıncı yazdığı, böyük qalmaqala səbəb olan şeirini...
- Mən ona dedim ki, sən o şeiri niyə yazmısan? Qeyd edir ki, daxilindən gələn bir duyğudur. Əgər özü o şeiri özünə rəva bilirsə, mən ona nə deyə bilərəm?
- Tutaq ki, bir şeir kitab çap eləsə, sizdən xahiş etsə ki, ora bir ön söz yazın, yazarsız?
- Mən onun şeirləri ilə tanış deyiləm. Yığar şeirlərini, gətirər bir qovluqda baxaram. Əgər içində görsəm ki, doğrudan da yaxşı şeirlər var, bəlkə də yazaram. Amma o qədər şeir yazanlar var ki. Bəlkə də Elza onların içində daha yaxşılarından biri ola bilərdi.
- Bir növ belə şeylər gündəmdə qalmağa xidmət edir. Çünki zamanla anlayırlar ki, sabah unudulmaq təhlükəsi var. Ona görə belə yollara əl atırlar...
- O geyimində, oxumağında fərqli eksperimentləri sevir. Bu da onun yoludur. Musiqiylə məşğul olanların gündəmdə qalmaq axtarışları normal bir şeydir.
- Bu gündəm elə məsələdir ki, insanların illərlə yığdığı hörməti bir günün içində puça çıxara bilər. Məsələn, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əlinin Lütfi Zadə kimi dünya şöhrətli alimə “fındıqbaş” deməsi kimi. Belə şeyi demək olarmı?
- Mən Akifi uzun illərdir ki, tanıyıram. Onu mədəni, ağlı başında olan biri bilirdim. Ancaq bəzən bir ifadə insanın içini açır da. Lütfi Zadəni bütün dünya tanıyır. 94 yaşı olub. Hələ bilmirəm, Akif 94 yaşa çatanda onun başı fındıq boyda qalacaq, yoxsa bir az daha kiçik olacaq? Mən bilmirəm. Təbii ki insan yaşa dolanda boyu da kiçilir, əzələlər də quruyur. İnsan bu cür fikir deyəndə öz gələcəyini düşünər. Lütfi Zafə kimi bir alimə onun xarici görünüşünə tərbiyəsiz bir ifadə ilə qiymət vermək olmaz. Mən bunu tərbiyəsizlik və millətin dəyərlərinə sayğısızlıq hesab edirəm. Sən Nazirlər Kabinetində oturursan, Mətbuat Xidmətinin başçısısan. Hökumətin dilmancısan. Nə olub sənə birdən-birə içindən çirkab püskürürsən? Sonra fındıqbaş az oldu, balqabaqbaş dedi. Görünür, bu adamın içində elm adamlarına, Lütfi Zadəyə qarşı bir problemi var. Ola bilsin başı yerindədir, amma içi yerində deyil.
- Özü də onun harada dəfn olunmasının gündəmdə olduğu bir vaxtda belə bir ifadə işləndi, yəqin ki, bu onun ailə üzvlərinə də çatacaq. 1 rəsmi şəxsin belə bir münasibətini bilmiş olacaqlar. Bu onlar üçün də zərbədir...
- İnşallah, bu məsələlər gedib Amerikaya çatmaz. Ancaq 1 nəfərin belə bir sərsəm ifadəsi ölkənin fikrini ifadə etməz. Ölkənin prezidenti, baş naziri var. Həm də Lütfi Zadənin vəsiyyəti var. Mənə elə gəlir ki, vəsiyyət daha önəmlidir. Güman edirəm ki, onun oğlu Akif səviyyəsində düşünməz. Onun harada dəfn olunması məsələsində də tərəddüd olmamalı idi. O, istənilən bir xalqın başucalığı ola bilərdi. Bakıda doğulmuş bir adamdır. İnsan nə qədər şöhrət sahibi olur-olsun, onu həmişə öz torpağı çəkir. Öz ulularının ruhunun dolaşdığı yerlərdə dəfn olunmaq istəyir.
- Musa Yaqubun Vətən torpağı ilə bağlı bir şeiri var. Orada deyir ki, “Ölsəm də, qoynunda qoy ölüm ki, mən. Çürüyüm bir ovuc torpağın artsın!” Bəlkə də bu məqsədlə belə bir vəsiyyət verirlər...
- İnsan ömrünün sonunda kövrəlir, xatirələr canlanır. Onu elmi həyatı böyük dövlətlərə bağlamışdı. Ona bu şərait Bakıda yaradılsaydı, yəqin ki, burada yaşayırdı. Nə yaxşı ki ora getdi və dünya elm tarixində yeni bir iz açdı. Onun nəşi hökmən Azərbaycan torpağına qarışmalıdır.
- Lütfi Zadənin vəsiyyətindən danışdıq, indi isə sizə keçək. Sizin yazdığınız bir vəsiyyət varmı?
- Vallah, nə vaxtsa bir vəsiyyət yazmışdım. Amma sonra onu itirdim. Üstündən 10-15 il keçir. Bəlkə də evdəkilər götürüb, onları əsəbiləşdirir bu haqda danışmağım.
- Nə yazmışdınız?
- Unutmuşam, hər halda, qeyri-adi bir şey olmazdı, onda nə yazmışdımsa, indi də onu yazardım. Vəsiyyət yüngüllükdür. Ailəsində ciddi problemləri, çoxlu sərvəti, bölünməz malı-mülkü olan insanlar üçün vəsiyyət mühümdür. Mənim belə bir sorunum yoxdur. Yazılarımın məndən sonrakı taleyi ilə bağlı narahatlığım ola bilər. Harada dəfn olunmaq barədə düşünmək sadəlövhlükdür. Vətən torpağı olandan sonra şəhər, kənd, fərq etməz...
- Ailənizlə, nəvələrinizlə gününüzü neçə keçirirsiniz? İndi millət vəkili də deyilsiniz. Onlarla vaxt keçirməyə zamanınız çoxalıb?
- Mənim 8 nəvəm var. Böyük nəvəm bu yaxınlarda əsgərlikdən gəlib. Balaca qızım Aydanın bu yaxınlarda körpəsi olub. Mən bu baxımdan bir az çətin adamam. Yoldaşım, uşaqlarım mənə dözürlərsə, onlar qəhrəmandırlar. Çünki heç vaxt ürəyimcə ailəyə vaxt sərf edə bilməmişəm. Hətta bir evdə otururuq. Mən çardaqdakı otağımda işlə məşğul oluram. Bəzən saatlarla bir-birimizin səsini eşitmirik. Tənzilə xanımın getmək istədiyi yerə mən gedə bilmirəm. O da bir iş adamıdır. İstəyirəm ki, nəvələrimlə bir vaxt keçirim. Onlar məni, mən də onları daha yaxşı tanıyım. Ancaq buna da imkan olmur. Böyük bir ailəyik. Şübhəsiz ki, imkan tapdıqca onlarla görüşürəm. Ailəylə keçirilən vaxt insanın ən xoşbəxt zamanlarıdır. Sevinirəm ki, onlar mənim vəziyyətimi başa düşürlər. Sadəcə özümə ağır gəlir ki, niyə uşaqlarıma, ailəmə çox vaxt ayıra bilməmişəm.
- Ailəyə vaxt çox az ayırdığınıza görə, yəqin ki, qohumlarla da vəziyyət belədir. Məsələn, qudanız Ziya Məmmədovla görüşə bilirsiz?
- Onunla nə vəzifədə olanda, nə də indiki vəziyyətdə xüsusi görüşməyə ehtiyac yoxdur. Ancaq xeyir-şər məclislərində, ehtiyac olanda görüşmüşük. İkimizin də tez-tez görüşməyə vaxtımız yoxdur. Anca Ziya Məmmədov qohum-əqrəbalarına, tanıdığı insanlara qarşı çox diqqətcil və həssasdır.
Uşaqlarım mənə sataşırlar, deyirlər ki, kim sənin övladın olduğumuzu eşidirsə tez xatirələr canlanır: “vaxtilə sənin atanla filan erdə görüşmüş, filan yerdə çörək kəsmişik və s. sən nə qədər yaşamısan ki, bütün bu adamlara vaxt tapmısan?”. Məsələ burasındadır ki, mən bütün ömrüm boyu xalqın arasında olmuşam, adamlara xeyirxahlıq və yaxşılıq eləməyə çalışmışam. Heç kimi qapıdan qaytarmamışam. Bu o deməkdir ki, vaxtım, sağlamlığım, imkanım parça-parça kəsilib adamlara paylanıb. Bunun qədri bəzən bilinir, bəzən unudurlar. Amma heç kim mənim diqqətsizliyimdən, biganəliyimdən gileylənə bilməz.
- Stolunuzun üstündə pəhriz saxlama qaydaları ilə bağlı kitab görürəm. Həmin kitab əsasında pəhriz saxlayırsınız?
- Mən ömrüm boyu pəhrizin nə olduğunu bilməmişəm. Həkim dostum var idi, o mənə dedi ki, atan, baban necə yaşayıbsa sən də elə yaşa.
Pəhrizi izafi, yəni artıq olandan qorunmaq üçün saxlayırlar, biz belə harınlıqdan uzaq olmuşuq. Mənim pəhrizimi vaxt müəyyənləşdirir; az yeyirəm, günortalar ümumiyyətlə yemək yada düşmür. Kənd ənənəsinə uyğun, süfrəmizin bərəkəti ağartı və göyərtidir. Xüsusi məclislər olmasa, məni restoran çəkmir. Əvvəlki dost çevrəm də yoxdur. Dostlarım- qardaşlarımdır. Həftə sonları yemək-içmək niyyətiylə yox, dərdləşməyə yığışırıq...Yüngülvari yemək də mane olmur.
Stolumun üstündəki kitablar, o cümədən Pəhriz haqqında bütün reseptlərin toplandığı məcmuə “Qanun” nəşriyyatının son məhsullarıdır.. Maraq üçün götürmüşəm. Təəssüf ki, ailələrimizdə uşaqların bu kitabları oxuması barədə az düşünürlər. Halbuki, təkcə uşaqlar üçün yox, böyüklər üçün də maraqlı kitablardır.
- Millət vəkilliyindən gedəndən sonra dostlarınızın sayı azaldı?
- Heç orda da mənim çox dostum yox idi. Sadəcə üzə-üzə gəlirdik, həmkar idik. Bir-birmizin xoş, qəmli günündə bir yerdə idik. Milli Məclisdə mehriban mühit var. Onların içində də gündəlik oturub durduğum adamlar o qədər çox deyildi. Olanlarla yenə münasibətlərim davam edir.
- Bir ara siz Kürdə qayıqla ətrafdakı rayonları gəzirdiz. Maraqlı bir səyahətdir. Təəssüratlarınız necə oldu?
- Bu, çoxdankı arzum idi. Rezin qayıqla Kürün insanların həyatından necə keçdiyini görmək istəyirdim. Bizim millətin dənizi var, ancaq onunla əlaqəsi zəifdir. Ancaq yaydan yaya çimirlər orda. Amma dənizdə adalardan biri abadlaşdırılsa, camaat gedib görsə, dəniz gəzintisi imkanı yaransa çox yaxşı olar. Mən axşam sıxıntıdan sonra ürəyim istəyir, sahildə bir karterə oturum, Nargində enim, orda çay içim. Belə çıxır ki, dənizimiz də çayımız da torun içindədir. Balıq mövsümündə Kürdə hər tərəf tordur. Ancaq Ekologiya və Təbii Sərvətlər nazirliyi sağolsun ki, mənim üçün o yolu açdı. Neftçaladan başlayaraq Kür yuxarı üzdük. Hava çox isti idi. Səfər yarımçıq qaldı. Havalar sərinləşəndə davam etdirəcəyəm. Mən Kürü hiss elədim. Bu sahildən o sahilə avarçəkən qadınları gördüm. Kürün dibindən qum götürən qurğuları gördüm. Kürboyu saysız-hesabsız yerli istehsal balaca qayıqlar gördüm. Hər 15-20 kilometrdən bir Kürün üstündə sağa-sola su götürən nasosları gördüm. Düşündüm ki, bu yazıq Kür hələ də qurumayıbsa, demək, dünyanın ən nəhəng çayıdır. Hər qurgu bir balaca çayın, kanalın suyunu götürür Kürdən. Kür Bakınınmı suyunu versin, suvarmayamı su çatdırsın. Belə getsə, Kür buna tab gətirməz. Görünür, gələcəkdə Azərbaycanda ən ciddi məsələlərdən biri içməli su problemi olacaq. Suvarma üçün Xəzərin suyunu təmizləməməkdən başqa yolmuz qalmayacaq.
- Bir müddət cizgi filmlərinə ssenarilər yazırdız, şeirlərinizə çox mahnılar bəstələnirdi...
- Vallah, başım qarışdı. Son illərdə 5-6 roman yazdım. Bu romanlar mənim çox vaxtımı aldı. Hətta son vaxtlar mahnı da yazdırmıram. Bir çox məşhur müğənnilər mənim şeirlərimə mahnı oxuyur. Mənim bəstəkarları axtarmağa vaxtım yoxdur. Kimin əlinə keçib mahnı yazırsa, çox sağolsun. Ancaq cizgi filmləri uşaqlarımız üçün çox önəmlidir. Bu işə yenə məmnuniyyətlə qoşularam. Vaxtilə mənə zarafata demişdilər. Ancaq bir gecədə 4 cizgi filmi ssenarisi yazdım. Onun 4- nü çəkdilər.
- Səhv etmirəmsə, kürəkəniz Elçin Cəfərov da sizin şeirinizə mahnı bəstələyib...
- Tale elə gətirdi ki, Elçin mənim kürəkənim oldu. Yaxşı müğənnidir, özü də bəstəkardır. Mənim sözlərimə mahnı bəstələməyib. Ürəyi istəsə, edər. Özləri üçün qızımla bir yerdə mahnı bəstələmişdilər. Toylarında oxudular. Sonra o mahnı çox populyar oldu.
- O zamanlar da hamıya maraqlı gəldi ki, Sabir bəy qızının şou aləmindən olan biri müğənni ilə evlənməsinə razılıq verib...
Mən o düşüncədən də uzağam ki, sənət adamları aşağı sinif insanlardır, biz qızlarımızı bunlara verə bilmərik, və s.Yuxarı səviyyədə olan adamları da tanıyırıq. İnsanın ağlı, səviyyəsi, tərbiyəsi, taleyi səviyyələrlə bağlı deyil. Elə varlı-karlı ailələrin övladları var ki, onlara etibar edib bir keçi də vermək olmaz. O məsələdə uşaqların zövqünə, taleyə inanıram. Qismət beləymiş. Elçin çox tərbiyəli, ağıllı bir ailə başçısıdır. Öz üzərində işləsə daha yaxşı olar. Onun sənət işinə də qarışmıram. Amma daima deyirəm ki, sənətində ciddi ol. Yalnız toy müğənnisi olma. Əgər ömrünü bu sahəyə həsr etmisənsə, ciddi mahnılar yaz və oxu. Qızım da kifayət qədər zövqlüdür. Onun elə-belə boş şeylər yazması ilə razılaşmaz .
- Sevgi şeirlərindən ibarət kitabınız da var. Həyatınızda sevgi çox olub?
- İndi ondan danışmazlar, qaldı keçmişlərdə. Mən kənddən gəlmişdim. Bakıda kimsəsi olmayan, bir ünvan da tanımayan, kasıb bir gənc idim. Amma sevgi sarıdan kasadlıq çəkməmişəm. Xanımların çoxu mənə həm də etibarlı dost olub. Ailə qurulana kimi olan mərhələdən söhbət gedir. Tək Azərbaycanda deyil, bütün Türk dünyasında sevənlərim olub. Birinə sevgili, birinə dost, birinə sirdaş deyə bilərsən.
- Belə başa düşdüm ki, sevgi yarası da almamısız...
- Yox, yaralar da olub. Bütün yaralar ya öldürür, ya sağalır Amma sonra gələnlər onu çox sürətlə sağaldıblar.
MilliYol.Az
Digər xəbərlər
loading...