"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin adı mətbuatda tez-tez hallanan sədr müavini Elsevər Dünyamalıyev ətrafında gərginlik yaranıb
BakuPost.az-ın əldə etdiyi məlumata görə, AzTV-nin "boz kardinalı” kimi məşhurlaşan E. Dünyamalıyevlə Arif Alışanov arasında "soyuq müharibə” başlayıb. İddia olunur ki, buna səbəb Alışanovun müavininin onun yerinə göz dikməsi və televiziyada, həmçinin aidiyyəti orqanlarda buna dair əlaltından işlər aparmasıdır. Onun gizli işlərindən xəbər tutan Arif Alışanov dərhal hərəkətə keçib və birdən-birə yüksək etimad göstərdiyi Dünyamalıyevin səlahiyyətlərini azaldıb.
Əldə etdiyimiz məlumata görə, sədr müavini ilk növbədə televiziyanın əsas departamenti sayılan və bütün dövlət qurumlarıyla əsas işlərin aparıldığı, əlaqələrin qurulduğu "Xəbərlər”ə nəzarəti itirib. Belə ki, departamentin direktoru Məqsəd Nurun TV-dən getməsindən sonra buradakı nəzarəti E. Dünyamalıyev ələ keçirmişdi. Hətta o, rəsmi təyinatsız nəzarət etdiyi "Xəbərlər”dən xeyli sayda əməkdaşın işdən çıxarılmasına səbəb olmuşdu. Alışanovla arasında yaranmış gərginlikdən sonra isə o, kanalın yeni tikilmiş və "Xəbərlər” departamentinin də yerləşdiyi korpusdakı dəbdəbəli otağından çıxmaq məcburiyyətində qalıb. Vəziyyət o qədər gərgin olub ki, Dünyamalıyev otağındakı əşyalarını əsas qapıdan deyil, arxa qapıdan, gizli çıxarmalı olub. Arif Alışanov onu əsas korpusdan uzaqlaşdırmaqla "zərərsizləşdirib”. Sədr müavini yenidən "İdman Azərbaycan” televiziyasının yerləşdiyi korpusdakı otağına yerləşib.
"Xəbərlər”ə nəzarət isə AzTV-nin keçmiş sədr müavini, "Televiziya Akademiyasının” rektoru, əməkdar jurnalist Faiq Hüsiyevə tapşırılıb. F. Hüsiyevin bir müddətdir ki, "Xəbərlər” departamentinin yerləşdiyi binaya köçdüyü və əsas işləri oradan idarə etdiyi bildirilir.
Elsevər Dünyamalıyevin "gedişindən” sonra isə əsas adamları da TV-dən, əsasən də "Xəbərlər”dən uzaqlaşdırılmağa başlayıb. Məlumata görə, onun özündən sonra işə qəbul etdiyi əməkdaşlar pərən-pərən salınıb, yaxud da İTV-yə "transfer” olunub.
Məşhur aparıcı Alidə Mustafayeva da kanaldan "transfer” olunanlar siyahısındadır. O, E. Dünyamalıyevin "Xəbərlər”dən uzaqlaşdırılması ilə İTV-yə keçib. Aparıcı dünən İTV-də ilk efirinə çıxıb.
A.Alışanov yerinə göz dikdiyini hesab etdiyi müavininin AzTV-dəki adamlarını buradan uzaqlaşdırmaqla kifayətlənməyib, hətta İTV-də əsas vəzifə tutan kadrlarının barəsində də tədbirlər görüb. Belə ki, o, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktor müavini Elçin Həsənovun köməkçisi Vüqar Nəzərovun da İTV-dən çıxarılmasına nail olub. Buna səbəb isə V. Nəzərovun E. Dünyamalıyevin yaxın adamlarından biri olmasıdır.
Məlumat üçün bildirək ki, V. Nəzərov E. Dünyamalıyevin "İdman Azərbaycan”a rəhbərlik etdiyi vaxtda burada çalışıb və onun əsas işlərini görən adam kimi tanınıb.
MilliYol.Az
Digər xəbərlər
loading...