Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, Qarabağa qanunsuz səfər etmiş Aleksandr Lapşinin əfvi və Nardaran məhbuslarının 14 nəfərinin cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi prezident İlham Əliyevin ölkədə barışa və vətəndaş cəmiyyətinə yönəlik mesajı kimi qiymətləndirilir; bu, həm də anti-Azərbaycan qüvvələrinə verilmiş tutarlı cavabdır.
Azərbaycan prezidenti İlham Əliyev 11 sentyabrda verdiyi üç mühüm qərarla son günlər xeyli gərginləşmiş kimi görünən ölkə gündəmini dəyişdi. Prezidentin həm “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün müraciətə müsbət cavabı, Qarabağa qanunsuz səfərə görə məhkum edilmiş Aleksandr Lapşinin əfv ilə bağlı sərəncamı və eyni gündə məhkəmədə Nardaran məhbuslarının 14 nəfərinin cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi əlbəttə ki, təsadüfi deyil.
Əvvəla, bu addımları hər şeydən öncə prezident İlham Əliyevin ölkədə barışa və vətəndaş cəmiyyətinə yönəlik mesajı kimi qiymətləndirmək lazımdır.
Prezident İlham Əliyev mediaya münasibətdə çox həssasdır. Onun jurnalist Rasim Əliyevin döyülərək ölməsindən sonra sərt mövqe ortaya qoymasını və günahkarların cəzalandırılmasını yada salmaq kifayətdir. Müalicəyə ehtiyacı olan neçə-neçə jurnalistin müalicəsinə dövlət başçısı səviyyəsində dərhal reaksiya verilməsini də yaddan çıxarmaq olmaz. Prezidentin mediada tanınmış simalardan olan M.Əliyevin həbsinə reaksiya verəcəyi də əslində gözlənilən idi. Hamıda belə bir ümid vardı ki, M.Əliyevin vergi borcuna görə həbsinə son sözü prezident deməlidir...
Tanınmış media kapitanı Mehman Əliyevin həbsindən sonra cəmiyyətdə və media ictimaiyyətində həm də belə bir rəy vardı ki, yaranmış vəziyyət Azərbaycanın beynəlxalq nüfuzunu zədələyir və prezidentin məsələyə müdaxiləsi çox ləngiyə bilməz. Hadisələrin gedişatı göstərdi ki, doğrudan da bəzi beynəlxalq dairələr bu həbsdən həm də fürsət gözləyirmiş kimi Azərbaycana qarşı təzyiq kimi istifadə etməyə başladılar. Etiraf edilməlidir ki, Mehman Əliyevin həbsi Azərbaycanı istəməyən qüvvələrə də bəhanə vermişdi və artıq çox çirkinləşmiş kampaniyada media kapitanının həbsi arxa plana keçmişdi.
Həm ziyalıların, həm M.Əliyevin müraciətini nəzərə alaraq həbs-qətimkan tədbirinin dəyişdirilməsi bu baxımdan həm də anti-Azərbaycan qüvvələrə verilmiş cavabdır. Bu qərar mümkündür ki, həmin “şər maşınlarını” dayandırmasın, amma onların əlində “jurnalisti tutdular” kimi ciddi bəhanə artıq yoxdur.
Prezident bu humanist davranışı ilə medianın məhz onun qoruması və qarantiyası altında olduğuna da aydın mesaj verdi. Zənnimizcə, bu, hərdən “qaşınmayan yerdən qan çıxarmağa” həvəsli olan, jurnalistlərə “yadplanetli adam” kimi baxan bəzi məmurlara da tutarlı cavab oldu.
Nardaran hadisələri zamanı həbs edilən 14 nəfərin də azadlığa buraxılmasının arxasında şübhə yoxdur ki, prezident İlham Əliyevin iradəsi dayanır. 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı 2 polis əməkdaşı, 4 kənd sakini həlak olmuşdu, bir neçə nəfər isə ağır yaralanmışdı. Nardaran kəndi də məhz prezidentin iradəsi ilə radikal dindar qüvvələrin əsarətindən azad edildi, kənd yeni həyatına qovuşdu. Əməliyyat nəticəsində yüzdən çox adam saxlanılsa da, onların bir hissəsi azadlığa buraxıldı. Amma bəziləri barəsində məhkəmə hökmü çıxarıldı ki, onlardan daha 14 nəfəri sentyabrın 11-də azadlığa qovuşdu.
11 sentyabr dünyada radikal dindarların Amerikada törətdiyi dəhşətli terrorla assosiasiya olunur. Radikal dindarların qurbanı olmuş əksər Nardaran məhbuslarının 11 sentyabrda azadlığa buraxılması tarix baxımından sırf təsadüf də ola bilər. Həbsdəki gənclərin bir vaxtlar radikal dindarların əsl cəhənnəmə çevirdiyi, indi isə büsbütün yenilənmiş qəsəbəyə qayıdışı onlara verilmiş şansdır. Azərbaycan prezidentinin iradəsinə əsaslanmış bu məhkəmə qərarı da cəmiyyətə bir həmrəylik jesti kimi qiymətləndirilməlidir. Nardaran məhbuslarının azadlığa buraxılması üçün dünyadan çağırışlar da yox idi. Onların azadlığa buraxılması dövlətin vətəndaşına verdiyi şansdır ki, bu qərarın altında prezidentin imzası olmasa da, kimin hökmü olduğuna şübhə yoxdur.
Aleksandr Lapşini isə prezident imzaladığı əfv sərəncamı ilə azad etdi. Üç ölkənin vətəndaşı olan Lapşinin həbsi və cəzalandırılması üçün prezident İlham Əliyevin cəsarətli və prinsipial addımları təkcə Azərbaycanda deyil, digər ölkələrdə də rəğbət doğurmuşdu.
Hamı üçün aydın idi ki, Azərbaycan qanunlarını heçə sayaraq Qarabağa səfər etmiş bloggerin həbsi xüsusilə vətəndaşı olduğu iki ölkədə-İsraildə və Rusiyada ciddi rezonans doğuracaq. Belə də oldu... Amma prezident ona nail oldu ki, Lapşin qolları bağlı Azərbaycana ekstradisiya edildi. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu Lapşin buradakı məhkəməsində etiraf etdi. Lapşinin cəzalandırılması barədə hökmdən Qarabağ torpaqlarından ermənilərin xeyrinə güzəşt istəyən beynəlxalq güclər də öz payını aldı. Lapşinin əfv edilərək İsrailə ekstradisiyası Azərbaycanın həm də beynəlxalq humanizm prinsiplərinə, qəbul etdiyi konvensiyalara sadiqliyini nümayiş etdirmiş oldu.
MilliYol.Az
Digər xəbərlər
loading...