Bu gün Yasamal Rayon Məhkəməsində "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin barəsində olan həbsin girovla əvəz edilməsi ilə bağlı verilmiş vəsatətə baxılıb
"Report"un məlumatına görə, vəsatətə hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb. Vəsatət təmin edilməyib.
Qeyd edək ki, Vergilər Nazirliyi "Turan İnformasiya Agentliyi” MMC-də yoxlama aparıb. Vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədi ilə aparılan səyyar vergi yoxlamasının nəticələrinə əsasən, xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq zamanı məlum olub ki, "Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyev qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürüb və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulan funksiyaları özü yerinə yetirməklə "Qrant haqqında” qanununun tələblərini pozub. Onun 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmayan qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunan məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.
M.Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
MilliYol.Az
Digər xəbərlər
loading...