Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə yüksək səviyyəli inkişafından və müxtəlif formatlarda keçirilən görüşlərin ikitərəfli münasibətlərə verdiyi töhfədən məmnunluq ifadə olunub. Bu xüsusda, ikitərəfli əsasda olduğu kimi Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatında da əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunaraq, gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər iki dövlət arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndiriblər.
Görüş əsnasında iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əhəmiyyəti, habelə ticarət-iqtisadi əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın vacib rolu qeyd edilib.
Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin tezliklə istifadəyə veriləcəyi qeyd olunaraq, bu layihənin region və onun hüdudlarından kənarda inkişafa və tərəqqiyə xidmət edəcəyi bildirilib. Eyni zamanda iki ölkənin nümayiş etdirdiyi qəti siyasi iradəyə uyğun olaraq, Trans-Anadolu (TANAP) layihəsinin də müəyyən olunmuş vaxt çərçivəsində icra olunacağına əminlik ifadə olunub.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi və Ermənistanın qeyri-konstruktiv siyasəti barədə məlumat verib. O, münaqişənin həllində irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...