9 yaşı vardı.
Cəhalət qaranlığının hər yeri bürüdüyü, xürafat bataqlığının xirtdəyəcən çıxdığı illər idi.
Əmisi Mirzə Məhəmməd Tağı “Şəbeh” adlı dini tamaşa hazırlamış, əsir qız uşağı rolunu da qardaşı oğluna tapşırmışdı.
Özü isə Sümür rolunu oynayacaqdı.
Tamaşa başlayır.
Sümürün əsir qızın üstünə hücum çəkdiyi səhnəsi oynanılarkən gözlənilməz hadisə baş verir: 9 yaşlı uşaq qorxu içində, qışqıraraq tamaşanı izləyən qadınların arasındakı anasına doğru qaçır.
Ətrafdakılar cin atına minirlər: bir dini tamaşadan çox dini mərasimə çevrilən “Şəbeh”in pozulması onların ovqatını əməlli-başlı təlx edir, qəzəbləndirir!
***
Bir il sonra – 1903-cü ildə, 10 yaşında ikən gimnaziyaya daxil olur, burada keçirilən tədbirlərin birində müəlliminə yaxınlaşıb, şeir demək istədiyini söyləyir. Müəllim onun bu cəsarətindən fərəhlənir, izn verir.
Şəstlə səhnəyə çıxır, öncə həyəcandan əlləri, ayaqları əssə də, tez də özünü ələ alır, Lermontovun “Şairin ölümü” şeirini deyir.
Çox sonralar özü bu haqda yazacaqdı: “Şeiri söyləyəndə elə bilirdim dilim ağzımda şişibdir. Bədənim gah qızıb, gah soyuyurdu. Ancaq bütün diqqətim şeirin sözlərində, məna və məzmununda idi. Bu məni bir tərəfdən sakit edir, bir tərəfdən daha da coşdururdu. Yavaş-yavaş hiss etdim ki, tamaşaçılardan çəkinmirəm”.
***
Beləcə, gələcəklə bağlı bütün arzuları, xəyalları da dəyişir. Hər nə qədər atası onu çinovnik, ya da tacir kimi görmək istəsə də, o artıq həmin cəhalət illərində kütlənin həqarətlə yanaşdığı aktyorluq sənətinin sehrinə düşür.
***
Aradan illər keçir, həmin uşaq böyüyür və bütün həyatını Azərbaycan teatrının və kinosunun yüksəlişinə həsr edir. Böyük Cəfər Cabbarlı onun haqqında yazırdı: “O, məktəb görməmiş, sənət və onun üsullarını öyrənməmişdir. Lakin o, bir talantdır. O özü-özünə doğulmuş bir sənətkardır. Sənət onunla bərabər doğulmuşdur. Sənət onun qanında, iliyindədir”.
***
Azərbaycan teatr səhnəsində Hamleti ilk dəfə o oynamışdı – 1926-cı ildə.
Qısa ömründə nəfəs verdiyi rollar arasında Otello da vardı, Şeyx Sənan da. Oqtay Eloğlu da vardı, Don Kixot da, Iblis də vardı, Maqbet də.
Kino tariximizin ilk uğurları adlandıra biləcəyimiz “Bismillah”ı, “Hacı Qara”nı da o çəkmişdi, “Şaxsey-vaxsey”i də, “Məhəbbət oyunu”nu da.
***
Və 1937-ci ilin amansız, dəhşətli repressiya küləkləri ondan da yan keçmir.
Soyuq bir dekabr günü evində həbs edilir, əks inqilabi millətçi təşkilat yaratmaqda ittiham olunur, “xalq düşməni” kimi damğalanır.
Bu hələ harasıdır?! Onu, hətta artıq “ifşa edilmiş” Hüseyn Cavidin, Mikayıl Müşfiqin əsərlərini yaymaqda da suçlayırdılar.
Öncə dirəşir, sənətlə məşğul olmaqdan qeyri suçunun olmadığını inadla təkrarlayır. Amma nə fayda!
Ağılalmaz işgəncələr görür, sonda “günahlarının” bir hissəsini “etiraf edir”.
Adı rejissoru olduğu filmin titrlərindən sildirilir.
Bir il sonra – 1938-ci ilin oktyabrında haqqında güllələnmə hökmü çıxarılır. Noyabrda isə həmin qansız, vicdansız hökm yerinə yetirilir.
***
Bütün bunlar Azərbaycan mədəniyyətinin unudulmaz adlarından biri olan, ilk kinorejissorumuz Abbas Mirzə Şərifzadənin qısa həyat öyküsüdür.
Iki gün öncə onun Bakıda yaşadığı tarixi binanı buldozerin ağzına verərək dağıtdılar. Illərdir Bakını özünəməxsus koloritindən, şəhər ruhundan, keçmişindən, daş yaddaşından qoparıb öz zövqsüz, şit, hər cür estetikadan uzaq “yeni Dubay” projelərinin qurbanına çevirənlər daha bir mənəvi vandalizmə qol qoydular.
Əminəm ki, bunu duyunca ustad sənətkarın qəbirdə sümükləri sızlamışdır.
Quşqum yox ki, 37-ci ildə fiziki varlığına son qoyulan bu böük sənət adamının indi də ruhu incidilmiş, əzilmişdir. Əsla təəccüblü deyil: indi ölkəyə ağalıq edənlər 80 il öncə repressiya, işgəncə küləkləri əsdirənlərin mənəvi davamçıları, varisləridir.
Və nə yazıqki, tıpkı o vaxtkı kimi, yenə də əlimizdən bütün bu yaşananları qorxa-qorxa, boynu bükük halda izləməkdən başqa heç nə gəlmir.
Elnur As
Digər xəbərlər
loading...