Avropanın 8 ölkəsi - Estoniya, Latviya, Litva, Polşa, Xorvatiya, Slovakiya, Macarıstan və Çexiyanın Ədliyyə nazirliklərinin rəhbərləri kommunizm cinayətlərinin araşdırılmasının təşkil edilməsinin zəruriliyini əks etdirən Bəyannamə imzalayıblar
Bəyannamə Estoniyanın paytaxtı Tallinndə keçirilən “XXI əsrdə Avropada cinayətkar kommunist rejimlərin irsi” konfransı çərçivəsində imzalanıb.
Reyting.az saytı xarici KİV-lərə istinadla xəbər verir ki, Bəyannamənin Estoniya, Latviya, Litva, Polşa, Xorvatiya, Slovakiya, Macarıstan və Çexiyanın Ədliyyə nazirliklərinin rəhbəri tərəfindən imzalanması kommunizm cinayətlərinin araşdırılmasının təşkili istiqamətində ilk addım da hesab oluna bilər.
Bəyannamədə deyilir ki, kommunist diktaturası zamanında Avropada yüzminlərlə insan edam edilib, məhkəməsiz öldürülüb, işgəncələrə məruz qalıb, yurdlarından deportasiya olunub və həbsxalara salınıblar.
Bəyannamədə qeyd edilir ki, Mərkəzi və Şərqi Avropanın kommunist rejimlərinin çöküşündən 25 il keçməsinə baxmayaraq beynəlxalq ictimaiyyət kommunistlərin cinayətlərini araşdırmayıb. Baxmayaraq ki, İkinci dünya müharibəsindən sonra nasizmin cinayətləri dərhal araşdırılıb.
Bəyannaməni imzalayanlar hesab edirlər ki, kommunist rejimi qurbanlarının xatirəsi bu araşdırmanın başlanmasını tələb edir.
Bəyannamə müəllifləri 23 avqustu totalitar və avtoritar rejim qurbanlarının anım günü kimi elan olunmasını da istəyiblər və bu addımın bütün totalitar və avtoritar rejim qurbanlarının xatirəsinə hörmət olacağını qeyd ediblər.
Avropanın 8 dövlətinin bu təşəbbüsünü şərh edən politoloq Xəqani Cəfərli Reyting.az-a deyib ki, kommunist rejimlərin cinayətlərinin araşdırılması ilə bağlı fikirlər hələ 2008-ci ildə səslənməyə başlayıb: “O zaman Avropa Parlamentinin 400 nəfərdən artıq üzvü Birgə Bəyannamə imzalayaraq 23 avqustu stalinizm və nasizm qurbanlarının xatirə günü kimi (European Day of Remembrance for Victims of Stalinism and Nazism) qeyd olunmasını istədilər. 23 avqust tarixi təsadüfi seçilməyib. Məhz 23 avqust 1939-cu ildə Avropanın Sovet İttifaqı ilə Hitler Almaniyası arasında təsir zonalarına bölünməsinə səbəb olan Molotov-Ribbentrop anlaşması imzalanıb”.
X.Cəfərlinin sözlərinə görə, Qərbdə belə bir fikir hakimdir ki, məhz Molotov-Ribbentrop anlaşması İkinci dünya müharibəsinin başlanmasına səbəb olub.
Politoloq qeyd edib ki, 23 avqustun stalinizm və nasizm qurbanlarının xatirə günü kimi qeyd edilməsi ilə bağlı Avropa Parlamenti 2 aprel 2009-cu ildə Bəyannamə də qəbul edib. “Həmin Bəyannamədə 23 avqustun stalinizm və nasizm qurbanlarının xatirə günü kimi qeyd edilməsi təklif edilirdi. ATƏT Parlament Assambleyası 3 iyul 2009-cu ildə qəbul etdiyi “Parçalanmış Avropanın birləşməsi: XXI əsrdə ATƏT regionunda insan hüquqlarının və vətəndaş azadlıqlarının təşviq edilməsi” (Divided Europe Reunited: promoting human rights and civil liberties in the OSCE region in the 21st century) adlı Bəyannamədə də 23 avqustun stalinizm və nasizm qurbanlarının xatirə günü kimi qeyd edilməsi təklifi xatırlanırdı”.
X.Cəfərli hesab edir ki, Avropa dövlətlərinin kommunist rejimlərinin cinayətlərinin araşdırılması tələbi 2008-ci ildə, kommunist rejimlərin cinayətlərinə qiymət verilməsi tələbi ilə başlayan proseslərin yeni mərhələsidir və Avropanın sözdən əmələ keməsini göstərir.
MilliYol.Az
Digər xəbərlər
loading...