Fazil Mustafa: “Mehman Əliyev buraxılmasa, Azərbaycanla bağlı hesabata onun həbsi barədə bənd daxil ediləcək”
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda sentyabr ayında Bakıya səfər edəcəklər.
Bu barədə AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak öz twitter səhifəsində yazıb. O bildirib ki, Azərbaycanla bağlı hesabatın ilkin versiyası cari ilin oktyabrında Strasburqda AŞ PA-nın sessiyası çərçivəsində təqdim olunacaq və müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycan üzrə növbəti hesabatı hazırlayırlar.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, həmməruzəçilərin dəqiq hansı gün gələcəyi, səfər proqramları barədə hələ məlumatı yoxdur. Deputatın sözlərinə görə, ilkin olaraq onu söyləmək mümkündür ki, həmməruzəçilər ənənəvi olaraq Avropa Şurasının təmsilçiləri ilə, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti ilə, QHT rəhbərləri, bəzi müxalifət təmsilçiləri və iqtidar təmsilçiləri ilə görüşürlər və bu dəfə də belə görüşlər olacaq.
AŞ PA məruzəçiləri Bakıya gələnədək “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev azad olunmasa, bu həbs hadisəsinin hazırlanacaq hesabata daxil edilib-edilməyəcəyinə gəlincə, F.Mustafa dedi ki, başqa variant gözlənilmir, Mehman Əliyev azad olunmasa, onun məsələsi AŞ PA məruzəçilərinin diqqətində olacaq. Çünki ATƏT-in, ABŞ Dövlət Departamentinin Mehman Əliyevin həbsi ilə bağlı bəyanatı var: “Adətən bu iki qurumun bəyanatı oldusa, mütləq Avropa Şurası həmin məsələyə konkret münasibət bildirir. Hesab edirəm ki, Avropa Şurası avtomatik olaraq onların bəyanatı kimi bəyanat verəcək. Ola bilsin ki, Azərbaycanla bağlı hesabata da Mehman Əliyevin həbsi ilə bağlı bənd daxil ediləcək”.
Bu məsələnin Azərbaycanla bağlı hesabata daxil edilməsinin ölkəmizin beynəlxalq nüfuzuna təsirinə gəlincə, deputat dedi ki, ümumiyyətlə, hər bir jurnalistin həbsi ölkə üçün müəyyən problemlər yaradır: “Biz bunu dəfələrlə görmüşük. Beynəlxalq nüfuzu olan jurnalistlərə isə daha həssas yanaşılır. Mehman Əliyev kifayət qədər ciddi ekspert kimi qəbul olunurdu, mətbuat sahəsində də peşəkarlığı ilə fərqlənirdi, beynəlxalq arenada da bir sıra tədbirlərə qatılan, orada məruzələr eləyən şəxsdir. Hətta ATƏT-in rəhbərliyi tərəfindən onun həbsi barəsində verilən açıqlamada Mehman Əliyev mütəfəkkir adlandırılıb. Bu, o deməkdir ki, onun fikirləri Avropa məkanında kifayət qədər diqqət çəkən fikirlərdir. Bu da Mehman Əliyevin personasına ciddi yanaşıldığını göstərir. Ona görə də onunla bağlı məsələ, hər halda, digər jurnalistlərlə bağlı məsələ səviyyəsində olmayacaq, daha ciddi olacaq. Bu, indidən hiss olunur. Əgər Mehman Əliyev o vaxta qədər buraxılmasa, onun həbsi məsələsi Avropa Şurası məruzəçilərinin hesabatlarında Azərbaycana irad kimi əksini tapacaq. Bu həbslə bağlı müəyyən problemlər olacaq”.(musavat.com)
MilliYol.Az
Digər xəbərlər
loading...