Kreml başçısından edilən demokratiya xahişi kimin adından olub...
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev həbs olunduqdan sonra cəmiyyətin ən müxtəlif kəsimlərindən, həmçinin bir sıra beynəlxalq təşkilatlardan, ABŞ Dövlət Departamentindən onun müdafiəsi ilə bağlı bəyanatlar gəldi və proses davam edir.
Diqqətçəkən məqamlardan biri də Mehman Əliyevin müdafiə edilməsi, həbsdən azad olunması çağırışları ilə yanaşı, onun 4 il öncə Rusiya prezidenti Vladimir Putinə xahiş məktubu hazırlaması və məktubda Putinin demokratik sistem qurduğunu dolayısı ilə bildirməsi məsələsinin ortaya çıxarılması bağlı oldu.
Sosial şəbəkədə tanınmış politoloqlardan biri bu hadisəni xatırladaraq Mehman bəyi müdafiə edənlərə bu məqamı unutmamağı tövsiyə edib: “Dörd il öncə, avqustun 2-də Azərbaycandan Rusiya prezidentinə şanlı bir məktub ünvanlanmış, başqa bir dövlətin başçısından Azərbaycanda keçiriləcək seçkilərlə bağlı dolayısıyla dəstək istənilmişdi. Hətta postsovet məkanında demokratik proseslərə ən böyük əngəl olan, istiqlalımızı, müstəqil inkişafımızı həzm edə bilməyən bir ölkənin neoimperialist başçısının ünvanına ”demokratiya", “hüquqi dövlət tərəfdarı” kimi ağlasığmaz epitetlər də ifadə olunmuşdu o məktubda. Ola bilsin ki, o məktubun altındakı imzanın müəllifini kimlərsə unudub, yaxud unutmaq və unutdurmaq istəyib. Amma mən unutmamışam. Belə şeylər unudulmur. Mən də sözügedən məktubun müəllifinin - Mehman Əliyevin həbsdə olmasının tərəfdarı deyiləm. Amma 4 il öncə həmin məktuba görə müəllifi haqlı olaraq xəyanətdə suçlayanları və indi “azad media”nın müjdəçisi kimi qələmə verənləri də başa düşə bilmirəm. Bu mövqenin adı nədir? Eyni adam 4 il fərqlə necə “xəyanətkar” və “qəhrəman” olur, görəsən? Ədalətli olmaq və ədalətli olmağa çalışmaq...bunlar ayrı-ayrı şeylərdir. Mövqeyinizi və yerinizi müəyyənləşdirin, biz də işimizi bilək. Mənim üçün daha çox başqa bir dövlətin başçısından siyasi dəstək istəyən şəxs kimi bu adamın isə tez bir zamanda azadlığa qovuşmasını arzulayıram".
Facebookdakı bu yazıdan sonra söhbətin hansı məktubdan getdiyi, belə bir məktubun nə üçün hazırlandığı, göndərildiyi və içində nələrin yazıldığı barədə müzakirələr getməyə başlayıb. Araşdırmamız zamanı bəlli oldu ki, haqqında söhbət gedən məktub 2013-cü il avqustun əvvəllərində o zaman prezident seçkilərində iştirak etmək adı ilə yaradılan Milli Şuranın adından hazırlanıb və bu barədə dövri mətbuatda, saytlarda məlumatlar yayılıb. Rusiya prezidenti Vladimir Putinə ünvanlanmış məktub-müraciəti Milli Şuranın İctimaiyyətlə əlaqələr komissiyasının sədri Mehman Əliyev imzalayıbmış.
Müraciətdə Rusiya prezidentindən xahiş edilir ki, dünya şöhrətli kinorejissor, yazıçı Rüstəm İbrahimbəyov Azərbaycan demokratik qüvvələrinin Milli Şurasının Azərbaycan prezidentliyinə namizədidir və onun seçkidə iştirakına Rusiya vətəndaşlığının olması imkan vermir. İbrahimbəyovun vətəndaşlığına xitam verilməsi üçün rəsmi müraciət olub. Onun vətəndaşlığına xitam verilməsi prosedurasının sürətləndirilməsi istənilir.
Müraciətdə deyilir ki, müxalif qüvvələrin və vətəndaş cəmiyyətləri təşkilatlarının hüquqi və demokratik dövlət qurmaq ümidləri məhz bundan asılıdır. Məktubun sonunda qeyd edilir: “Biz əminik ki, dövlət başçısı kimi bu hisslər cənab Putin, Sizə yaxındır və biz istəyirik ki, onlar Rusiyada olduğu kimi Azərbaycanda da reallığa çevrilsin”.
Putinə müraciət hazırlandığı zaman da bu hadisə cəmiyyətdə ciddi rezonans doğurubmuş. Mehman Əliyev hətta ona olan iradlara cavab da veribmiş. Mehman Əliyev Putinə müraciətin şəxsi xahişi olmadığını, müraciətin Milli Şuranın Rusiya prezidentinə rəsmi müraciəti olduğunu deyib: “Mən, sadəcə olaraq, məndən edilən xahişi yerinə yetirmişəm və müraciətin mətnini hazırlayaraq həmin günlərdə Moskvada olan Eldar Namazova göndərmişəm”.
Araşdırma zamanı o da bəlli oldu ki, müraciətə qarşı Kremldən heç bir cavab olmayıb. (musavat.com)
MilliYol.az
Digər xəbərlər
loading...