Zahid Oruc: "Eldar Mahmudov bütövlükdə ortadan götürülməyib"
Cahangir Hacıyevin xanımı Zamirə Hacıyeva barədə həbs qərarının verilməsini ekspertlər birmənalı qiymətləndirmir. Hazırda Zamirə Hacıyeva Azərbaycanda deyil. Onun Londonda olduğu bildirilir. Cahangir Hacıyevin vəkili isə bildirib ki, Zamirə Hacıyeva barədə verilən həbs qərarı formal xarakter daşıyır. “…Zamirə Hacıyeva on ildən artıqdır, xarici ölkədə yaşayır və oranın vətəndaşıdır. O, xarici ölkə vətəndaşı olduğu üçün ekstradisiyası da mümkün deyil. Buna görə də həmin qərar formal xarakterlidir”,- deyə Aqil Layıcov bildirib.
Amma bu ərəfədə baş verən daha bir olay maraq doğurur. Bu ərəfədə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əlində ölkənin tanınmış adamları və məmurlar barədə xeyli sayda intim video olması barədə məlumat yayılıb. Bu məlumatın həqiqət, yaxud yalan olduğunu söyləmək çətindir. Lakin ehtimal olunur ki, məlumatın Cahangir Hacıyevin xanımı barədə həbs qərarının ictimailəşməsindən sonra dövriyyəyə buraxılması təsadüfi deyil. Məlumat üçün deyək ki, Cahangir Hacıyev Eldar Mahmudovla qudadır. Mümkündür ki, bu məlumat Eldar Mahmudovun hakimiyyətə mesajıdır. Ekspertlər də hesab edir ki, məlumatı ötürən mənbə bu işdə maraqlı ola bilər.
Əgər bu mülahizələr əsaslıdırsa, o zaman yaxın vaxtlarda sensasion faktların şahidi ola bilərik.
Deputat Zahid Oruc bildirdi ki, MTN-də aşkarlanaraq məhv edildiyi bildirilən disklərlə bağlı yayılan məlumatın mötəbərliyinə şübhə etməsə də, lakin həmin qurumda çalışmadığından kasetlərin və ya başqa məlumatların necə şifrələndiyini, saxlanıldığını təyin etmək çətindir. Z.Oruca görə, amma o həqiqətdir ki, kəşfiyyat orqanları müəyyən məlumata sahib ola bilirlər. Və məhz bu cür fəaliyyətlərinə görə də, sanki bir ilahi qüdrət əldə edirlər: “Məhz bu müşahidənin hesabına sanki hamını nəzarətdə saxlayırlar. Xüsusi xidmət orqanlarının kriminal bandaya çevrilməsi tək Azərbaycanda baş vermir. Məxfi orqanlarla bağlı skandallar dünyanın hər bir ölkəsində baş verib. Azərbaycan praktikasında həm iqtisadi, həm təhlükəsizlik, həm maliyyə sferasında, yəni üç cəbhədə ona görə böyük avantüralar yaşamışıq ki, Eldar Mahmudov Cahangir Hacıyevlə qohum olub. Bu fəaliyyət də dövlət əleyhinə bir cəbhə kimi formalaşıb. Yəni bir qurumun rəhbəri Azərbaycanın dövlət resursları üzərində çox asanlıqla qərar verə bilirsə, daha sonra hamını imkanlarına görə, müxtəlif çətir altında məlumat toplamaq adı ilə onların şəxsi həyatlarına nüfuz ediblərsə, sonradan bunu da dövlətin mənafeyi ilə əlaqələndiriblərsə, deməli, çox mürəkkəb bir şəbəkə formalaşıb. Harada Azərbaycanın maraqlarının başlayıb, harada isə Eldar Mahmudovun maraqlarının bitdiyini təyin etmək mümkün olmayıb”.
“Ciddi araşdırma aparılmalıdır”
Z.Oruc onu da bildirdi ki, Z.Hacıyevanın barəsində həbs qərarının verilməsi ilə dövriyyəyə digər informasiyaların çıxarılması arasında paralelliyi araşdırmaq dövlət təhlükəsizlik qurumunun vəzifəsidir. Z.Oruc hesab edir ki, E.Mahmudov bütövlükdə ortadan götürülməyib: “Eldar Mahmudov uzun müddət şifrəli və məxfi kod altında olan informasiyalarla işləyib. Bu onun birbaşa kompetensiyası idi. Bu məqam hələ də ayrı-ayrı insanlar üzərində bir xof elementi olaraq qalmaqdadır”.
Z.Orucla mətbuatda irəli sürülən daha bir fərziyəyə aydınlıq gətirməyə çalışdıq. Söhbət Binəqədidə süni örtüklə üzlənmiş binada baş verən yanğının təsadüfi olmadığı ilə bağlı fikirlərdən gedir. Hətta belə bir fikir var ki, MTN-də baş verənlərlə yanğın arasında bir əlaqə var. Z.Oruc bildirdi ki, belə bir əlaqənin olmasına şübhə etmir. Z.Oruc hesab edir ki, eyni zamanda Avropa Oyunları ərəfəsi baş verənlər və bir sıra başqa hadisələr sübut edir ki, cərəyan edən olaylar təsadüfi olmayıb: “Xüsusən hökumət içərisində guya qruplaşmaların olduğu, mənafe savaşlarının getdiyi, Eldar Mahmudovun vəzifəsindən çıxarılandan sonra belə guya baş nazir gətiriləcəyi ilə bağlı versiyalar səslənirdi. Bu həmin cinayətkar şəbəkələrin işi idi”.
“Binəqədidə binadakı yanğın törədilmişdi”
Z.Oruc hesab edir ki, Binəqədidəki bina yanğını öz-özlüyündə baş verə bilməzdi. Binəqədidəki binanın üzlənməsində istifadə olunan üzlüyün Türkiyə və Almaniyada geniş istifadə olunduğunu deyən Z.Oruc qeyd etdi ki, binadakı yanğın insani vasitələrlə həyata keçirilib: “Binəqədidəki yanğın hər hansı qığılcımın, qısaqapanmanın nəticəsi deyil. Prokurorluq orqanının işçisi olmadığımdan bütün söylədiklərim öz düşüncələrimdir”.
Bu faciəvi terror hadisəsinin törədilməsində məqsədin nə olduğuna və bu hadisənin arxasında hansı qüvvələrin dayanmasına gəlincə isə, Z.Oruc vurğuladı ki, burada məqsəd müxtəlif hədəflərin vurulması olub. “Burada daxildə güc göstərən qüvvələrlə yanaşı, xarici agentura şəbəkəsi də işləyib. Hər halda bina örtük ilə arasındakı boşluqda yaradılan istilik effektləri, yanğına kömək edən vasitələrlə alovlanıb. Buna mənim heç bir şübhəm yoxdur. Üç dəfə – həm Sumqayıtda, həm də Bakının müxtəlif nöqtələrində bu istiqamətdə addımlar atılıb”.
“O zaman, Sizin fikrinizcə, 2015-ci il aprelin 10-da Nobel prospektində baş verən yanğın da təsadüfi deyilmiş” sualına Z.Orucun cavabı belə oldu: “O hadisə haqqında konkret informasiyam yoxdur. Amma bu olaydan öncə Bakının ucqarlarında iki dəfə oxşar hadisə baş verib. Lakin insan itkiləri olmadığından ictimai narahatlıq yaratmayıb. Parlament üzvü kimi biz bu məlumatları ictimailləşdirmək hüququna sahibik. Sovet NKVD-si qılıncla xeyli insanların taleyini sındırmışdı. Bizim MTN-çilər taleləri sındırmaqla yanaşı, onların tamahları da iti olub. Amma Beriya bu qədər külli miqdarda vəsaitlərə sahib olmamışdı. Müəyyən şəxslər zamanında əldə etdiyi vəsaitlərlə özünün, yaxın qohumlarının təhlükəsizliyini təmin edəcəyini düşünürsə, yanılırlar. Bu vəsaitlərdən istifadə edərək, müxtəlif KIV-lərə məlumat ötürəcəklərini, dövlətdən oğurladıqları hesabına ömürlərinin axırlarına qədər firavan yaşayacaqlarını hesab edirlərsə, bu yanlışdır. Dövlətin görən gözü hazırda daha aydındır və onların hərəkət marşurutlarını izləməyə imkan verir”(azadlıq.info).
MilliYol.Az
Digər xəbərlər
loading...