Gədəbəydə gənclər rayon ərazisində yol polisinin tələbinə tabe olmadığı üçün həbs ediliblər. Bir neçə gün öncə polislə əlbəyaxa olmaqdan belə çəkinməyən gənclər dəmir barmaqlıqlar arxasında düşdükdən sonra əməllərini xatırlamadıqlarını deyirlər
Görüntülər avqust ayının 25-də Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı ilə Gədəbəy Rayon Dövlət Yol Polisi əməkdaşlarının birgə keçirdiyi reyddə qeydə alınıb. Həmin vaxt yol polislərinin qanuni tələblərini yerinə yetirməyən sürücü, Söyüdlü kənd sakini Samir Ələkbərov və onun sərnişini - Gədəbəy şəhər sakini Pənah Bayramlı asayiş keşikçilərini təhqir etməkdən belə çəkinməyiblər. Hadisədən sonra ərazini tərk edən hər iki şəxs məsuliyyətdən yayınmağa çalışıb. Ancaq Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan gənclər cəzadan yaxa qurtara bilməyiblər.
Gədəbəy Rayon DYP bölməsinin rəisi Seymur Quliyev insident haqda danışarkən deyib: “Gədəbəy şəhər sakini Bayramlı Pənah Ramiz oğlu və Ələkbərov Samir Fərhad oğlu sonuncuya məxsus “Toyota” Prado markalı, 99 FN 962 dövlət nömrə nişanlı avtomobillə polisin qanuni tələbinə əməl etməyərək, tədbir yerindən yayınıblar. Sonradan həmin şəxslər saxlanılaraq, barələrində rayon məhkəməsinin qərarı ilə 30 gün müddətinə inzibati qaydada tədbir görülüb”.
Saxlanılan Pənah Bayramlı həmin gün yaxın qohumunun toy məclisində xeyli miqdarda spirtli içki qəbul etdiyini etiraf edib. Sərxoş olduğundan baş verənləri yaxşı xatırlamayan gənc peşman olduğunu da gizlətməyib: “Mən toyda içmişdim. Bilmirəm, necə oldu, bu hadisə baş verdi. Əməlimdən çox peşmanam”.
Sürücü Samir Ələkbərov isə hadisə vaxtı sərxoş olmadığını deyib. Ələkbərov, sadəcə, əsəblərini cilovlaya bilmədiyini və bu səbəbdən də arzulamadığı hadisə ilə qarşılaşdığını qeyd edib: “Mən ayıq olmuşam. Sadəcə, bir anlıq əsəbiləşdim. İstəmədən oldu, çox peşmanam”.
İçkinin və əsəbin toruna düşən hər iki şəxsin sonrakı peşmançılığı isə faydasız olub.(ARB TV)
MilliYol.Az
Digər xəbərlər
loading...