“Putin həm Azərbaycan prezidenti İlham Əliyevlə, həm də Ermənistan prezidenti Serj Sarkisyanla görüşməklə real vəziyyəti araşdırır”
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AzVision.az-a müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyəti şərh edib, eləcə də Minsk Qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqlandın problemin həllinə dair təklif etdiyi 6 prinsiplə bağlı önəmli məqamlara aydınılıq gətirib. Həmin müsahibəni təqdim edirik:
- Tofiq müəllim, amerikalı həmsədr Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qeyd etdiyi 6 elementi necə dəyələndirirsiniz?
– Hoqlandın təklifi çox yaxşıdır. Hesab edirəm ki, bu, həm də ABŞ-ın mövqeyini əks etdirir. Bundan qabaq müxtəlif bəyanatlar olub. Şəxsən mən həmin bəyanatları tənqid etmişəm. Çünki mükəmməl olmayıb. Hoqlandın bəyanatı isə bəzi məqamlara işıq salır. Əgər bizə Lavrovun planının incəlikləri məlum olsaydı, bu bəyanatla fərqini görə bilərdik. Hesab edirəm ki, bu, çox maraqlı olardı. Əgər Lavrovun planı ilə bu mövqe arasında fərqlər varsa, deməli, biz açıq şəkildə ABŞ-ın münaqişənin həllində fəallaşmasının ilkin siqnallarını alırıq.
- Hoqlandın bəyanatında belə bir yanaşma var: “Rəsmi Bakının nəzarətində olmayan sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti status verilməlidir ki, bu, minimum olaraq ərazinin təhlükəsizliyini və özünü-idaərçiliyi təminat altına alsın”. Burada müvəqqəti status deyildikdə nə nəzərdə tutulur?
– Azərbaycan və Ermənistanın mövqeyi fərqlidir. Həmsədrlər və Azərbaycan tərəfi reallığa əsaslanaraq istəyir ki, məsələlər mərhələli şəkildə həll olunsun. Ermənistan isə məsələlərin paket şəkildə, yəni eyni vaxtda həllinə tərəfdardır. Bu, reallıqdan uzaq təklifdir. Burada əsas məqsəd ondan ibarətdir ki, ümumiyyətlə danışıqlar nəticə verməsin.
Müvəqqəti status dedikdə orta variant nəzərdə tutulur. Bunun fərqi nədən ibarətdir? Əslində, üsul mərhələlidir. Yəni, məsələlər addımbaddım həll olunacaq. Amma, bu müddət ərzində atılacaq addımların hüquqi statusu müvəqqəti xarakter daşıyacaq. Qeyd edim ki, bu, siyasi status deyil. Buna daha çox müvəqqəti hərbi-texniki status deyə bilərik.
Məsələn, işğal olunmuş rayonlardan erməni qoşunları çıxacaq və bu ərazilər azad olunacaq. Bu zaman ora mülki əhali qayıda bilər. Hansısa bir müddətdə Azərbaycan tərəfi öhdəlik götürə bilər ki, əraziyə ağır silahlar yerləşdirməyəcək. Müvəqqəti status həm də o deməkdir ki, sülh sazişinin icrası müddətində müvəqqəti, amma hər iki tərəfdən qəbul olunmuş, həmsədrlər tərəfindən dəstəklənən və sülhməramlı qüvvələrin olduğu bir vəziyyətdir. Yəni, siyasi yox, hərbi-texniki məsələlərin cəmi müvəqqəti status təşkil edəcək. Siyasi status isə qanun imkanına malik olmalıdır. Minsk konfransından sonra müəyyən qanunlar qəbul olunacaq və siyasi status yaradacaq. Sonda isə yekun status.
- Hoqlandın açıqladığı elementlərdə Laçın dəhlizi ilə bağlı məsələ xüsusi qeyd olunub. Buna erməni tərəfi kəskin narazılıq ifadə edir. Bu məsələyə bizim mövqeyimiz necədir?
– Laçın dəhlizinin qalması müvəqqəti statusun bir elementidir. Hər halda Azərbaycan tərəfi bunu bu kontekstdə qəbul edir. Yekun siyasi status olmayana qədər yerli və mərkəzi hökumət orqanlarının səlahiyyətləri bu və ya digər formada məhdudlaşdırılacaq. Ermənistan isə bildirir ki, sülh olana qədər onlar Laçın dəhlizi vasitəsilə Qarabağdakı ermənilərlə əlaqə saxlasınlar. İnanmıram ki, biz o qərara gələcəyik ki, bu ərazilər Laçın rayonundan alınıb, ermənilərə veriləcək. Laçın dəhlizinin statusu müvəqqətidir.
- Digər bir məsələ sülhməramlıların yerləşdirilməsi ilə bağlıdır.
– Hüqiqi baxımdan başa düşməliyik ki, bunun proseduru nədən ibarətdir. Sülhməramlı proseslər BMT nəzdində olan bir məsələdir. Sadəcə olaraq bəzi məqamlarda BMT digər təşkilatlara bu funksiyasını verə bilər. Yəni, BMT səlahiyyətlərinin bir hissəsini istisna olaraq ATƏT-ə verə bilər. Beynəlxalq praktikada belə təcrübə mövcuddur. Amma, ATƏT-in sülhməramlı missiyanı həyata keçirməklə bağlı təcrübəsi yoxdur.
BMT-nin təcrübəsi ondan ibarətdir ki, bu qərarı qəbul etmək üçün sülh sazişi lazımdır. Konfliktdə de-fakto iştirak edən tərəflər öz razılığını bildirdikdən sonra sülhməramlı missiyanın yerləşdirilməsi ilə xüsusi bir razılaşma-memorandum imzalanır. Bundan sonra ərazidə bu və ya digər formada sülhməramlı missiya fəaliyyətə başlaya bilər. Sülhməramlı missiyanın başlaması ATƏT-in qərarı ilə yox, BMT-nin xüsusi qətnaməsi ilə mümkündür. Beynəlxalq təcrübə belədir və müzakirə olunan yollar bundan ibarətdir.
- Bu yaxınlarda Soçidə Ermənistan və Rusiya prezdentlərinin görüşü keçirilib. Görüşdə çox güman ki, əsas müzakirə mövzularından biri Qarabağ münaqişəsi olub. Nədənsə, detallar hələ də açıqlanmayıb. Sizcə, hazırda Rusiyanın mövqeyi kimin xeyrinədir, bizim, yoxsa Ermənistanın?
– Rusiya bu və ya digər formada Ermənistanın qarşısında şərt qoyub. Biz müzakirə etdiyimiz məsələdə ABŞ-ın mövqeyi açıqlanır. Bu mövqe məhz Ermənistan tərəfindən qəbul olunmur. Deməli, hər hansı inkişafa nail olmaq, müharibə riskinin qarşısını almaq üçün Ermənistana bu və ya digər formada təzyiq olunmalıdır. De-fakto Ermənistana təzyiq edilmir. Aprel döyüşlərindən sonra imkan vardı ki, münaqişənin həllində inkişafa nail olunsun. Amma, baş vermədi. Əksinə, Rusiya tərəfindən Ermənistana silah göndərilir. Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyi müxtəlif bəyanatlar verərək danışıqları təmas xəttində atəşkəs rejiminin qorunması istiqamətinə yönəldib. Sarkisyanla görüşdə xarici işlər nazirləri iştirak etmədi. Belə görünür ki, Putinin bu məsələdə xarici işlər naziri ilə fikir ayrılığı mövcuddur. Ona görə də Putin özü bu məsələ ilə şəxsən məşğul olmaq istəyir. Putin həm Azərbaycan prezidenti İlham Əliyevlə, həm də Ermənistan prezidenti Serj Sarkisyanla görüşməklə real vəziyyəti araşdırmaq və hansısa qərara gəlmək istəyir.
MilliYol.Az
Digər xəbərlər
loading...