"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan qərarından apellyasiya şikayəti verilib
Bu barədə virtualaz.org saytına vəkil Fuad Ağayev deyib. İşə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumatda bildirilir ki, aparılan istintaq zamanı “Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyevin qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürməsi və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirməklə “Qrant haqqında” qanunun tələblərini pozub, 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə külli miqdarda, yəni 148,310 min manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60,080 min manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib. M. Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb, ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
MilliYol.Az
Digər xəbərlər
loading...