“Uzun illərin sınağından çıxmış testin ləğvindən danışmaq yersiz və tezdir”
Azərbaycanın müasir təhsil tarixində ən öyünüləsi sistem qəbul imtahanlarının testlə həyata keçirilməsidir. Bundan savayı ciddi uğurlara imza ata bilmədiyimiz, bu sahədə nəinki dünya, heç region çapında önə çıxmadığımız halda DİM sədrinin ali məktəblərə tələbə qəbulunda test sisteminin ləğv ediləcəyi, iki ildən sonra “yeni imtahan modeli” tətbiq olunacağı ilə bağlı açıqlamalar ciddi məyusluq və narahatlıq doğurur. Odur ki, mən də qəbul imtahanında dəyişiklik zərurəti ilə bağlı əsassız qənaəti bölüşməyərək, onu rədd edir və gələcəyi düşünən hər kəsi etiraz səsini ucaltmağa səsləyirəm. Mayası korrupsiya ilə yoğrulan hazırkı hakimiyyəti ali məktəblərə tələbə qəbulundə 25 ildən sonra geriyə yönələn, rüşvətə yol açan dəyişikliklərə yol verməməyə çağırıram.
Eyni zamanda bilmək istərdik ki, nə baş verdi ki, DİM tələbə qəbulunda testdən imtina etməyə hazırlaşır? Əgər test sisteminin nöqsanları varsa (təbii ki, var), onda gəlin onları müzakirə edək, təkmilləşdirmək üçün yollar arayaq. Yoxsa, eyni məktəbdə oxşar proqramlarla təhsil alan şagirdlərə nədən fərqli qiymətləndirmə üsulu tətbiq olunmalıdır? Məgər, kurikukium tətbiq edilən hansı ölkədə test sistemi sıradan çıxıb?
İctimaiyyəti narahat edən suallar çoxdur. Onları cavablandırmaq üçün təhsil işçilərinin iştirakı ilə müstəqil ekspert müzakirələrinə ehtiyac vardır. Belə müzakirələrdə ölkənin səciyyəvi xüsusiyyətlərini də nəzərə alınmalıdır.
Ekspert müzakirələri aparılmadan, “yeni imtahan modeli” bəlli olmadan uzun illərin sınağından çıxmış testin ləğvindən danışmaq yersiz və tezdir.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb
MilliYol.Az
Digər xəbərlər
loading...