“Mənfur düşmənlərimiz və havadarları çalışırlar ki, işğal prosesini bir az da uzatsınlar”
“O səbəbdən ki, yetişən gənc nəsil o torpaqları görməyib, havasından udmayıb suyundan içib, çörəyindən yeməyib. Düşünürdülər ki, məhz bunlara görə Dağlıq Qarabağ münaqişəsini öz xeyirlərinə həll edə bilərlər. Amma yanıldılar”.
Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov Cəbrayılın 24-cü işğal gününə həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, müasir dövrdə dövlətləri tarixdən silmək çox asandır.
Bu gün dövlətlərin xəritəsini dəyişmək üçün heç də kənardan müdaxiləyə ehtiyac yoxdu. Müasir zəmanəmizdə daxildən “böl, parçala və idarə et” prinsipi aktualdır. Minillik dövlətçilik ənənələri olan dövlətlər var. Ad çəkmək istəmirəm. Son bir neçə il ərzində İslam mədəniyyətinin mərkəzi sayılmış, uzun əsrlər yaşı olmuş həmin dövlətlər parça-parça oldular.
Daxildə qardaş qırğını, məzhəb ayrı-seçkiliyi başladı. Bir qrup başqa bir qrupu çox rahatlıqla qətlə yetirib partlatdı, məhv elədi. Biz bunlardan dərs çıxarmalıyıq. Milli birlik və bərabərliyimizi, həmrəyliyimizi qoruyub saxlamalıyıq. Müasir dünyada etnik millətçilik, radikallıq, məzhəbçilik ən təhlükəli hallardır. Bir hərbçi olaraq mənim üçün ermənidən daha təhlükəli məsələ budur. Aydındır ki, silahlı qüvvələrimiz, güclü dövlətimiz var.
Məqamı yetişəndə düşməni qarşımıza alıb əzəcəyik. Dediyim digər məsələlər daha təhlükəlidir. Biz bunu 1990-cı ilin əvvəllərində yaşadıq. Cəbrayıl rayonunun işğal olunmasının səbəblərindən biri də budur. Azərbaycanda xaos vardı. Daxildə hərc-mərclik hökm sürürdü. Etnik ayrı-seçkilik baş qaldırmışdı. Azərbaycan daxilində müxtəlif dövlətlər qurmağa çalışırdılar. Bunların nəticəsi olaraq Azərbaycan işğala məruz qaldı. Gənclərimizə aşılamalıyıq ki, bir daha tarixi səhvlərə yol verməyək. Bu gün dini radikalizm ən təhlükəli məsələlərdən biridir. Gənclərə, yaxınlarımıza, dostlarımıza anlatmalıyıq ki, Azərbaycan üzərindən mənfur əməllərini həyata keçirmək istəyən qüvvələrə yol verməməliyik. Bu cür məsələləri ciddiyə almalıyıq. Dövlətimizi təhlükələrdən qorumalıyıq”.
Ramil Səfərovun sözlərinə görə, hər il işğal günündə o torpaqlara qayıtmaq istəyi artır.
“Hər işğal günündə bizim o torpaqlara qayıtmaq istəyimiz daha da artır. Gənclərimiz işğalla heç zaman barışmayacaqlar. Son bir neçə ildə baş verən hadisələr onu göstərdi ki, nəinki işğalla barışmırlar, artıq səbr kasaları dolub. Bu onlar üçün böyük dərsdir. Məsələyə inzibati, coğrafi ərazi konteksdən baxmayaq. İşğal olunmuş rayonlara qayıtmağa heç bir şübhəm yoxdur. Biz işğaldan sonrakı prosesə diqqət etməliyik. Necə edək ki, bir daha işğallara və təhlükələrə məruz qalmayaq. Biz dövlətimizi qurmuşuq. Dünya davam etdikcə bunu qoruyub saxlamalıyıq”.
MilliYol.Az
Digər xəbərlər
loading...