Elə bilirsiniz yazmaq asan işdir? Qətiyyən, ağlında mövzu, əlində material var, amma bilmirsən ki, hardan başlayasan
Mən də iki gündü xəyalımda bu yazını yazıb-pozuram. Həm zövq alıram, həm də zövq verirəm. İndi isə keçək əsas məsələyə. Ağıldan bəla bir dostum bu yaxınlarda mənə belə bir əhvalat nəql etdi ki, bəs pivə süfrəsinin şah əsəri olan bildirçini Hövsandan alır: "Məsələ bildirçinin dadında deyil, onu hazırlayan yaşlı bir kişidədir. Çox maraqlı adamdır".
Necə yəni, maraqlı adam var və onu dostum tanıyır, amma mən yox. Necə biri olduğunu maraqlananda dedi ki, "Deyirlər 25 ildən çox azadlıqda olmayıb və özünəməxsus kitabxanası var". Dediyinə görə elə kitablar var ki, onları hətta 5 dəfə oxuyub.
Bu çoxdan ağlımda olan bir layihəmə başlamaq üçün təkan oldu. Axtardım, araşdırdım. Məlum oldu ki, elə dostumun yaxın dostu Hövsanda yaşayır və həmin "kitab qurdu"nu tanıyır. Onun da icazəsini alıb, fotoqrafımızla yollandıq Hövsana.
İlk dəfə idi ki, Hövsana gedirdim. Şəhərdən çox uzaq olmasa da, şəhərin ab-havasından əsər əlamət yox idi. Yaşıllıqdan məhrum boz kənd. Yox boz rəng uyğun gəlmir, sarı kənd. Yeni tikilən evlərdən hiss olunur ki, kənd yeni böyüyür. 1 manata minib gəldiyimiz taksidən "Pekarni"nin yanında düşdük və bizi orda qarşılayıb lazım olan ünvana doğru apardılar. İki döngə döndük və balaca bir qarajın qarşısında dayandıq. Əvvəlcədən xəbərdar olunmuşduq ki, həmsöhbət olmaq istədiyimiz Müseyib dayının ağır xasiyyəti var və istədiyi vaxt üstümüzə acıqlana, bizimlə danışmaqdan imtina edə bilər. Mən söhbət etmək vəzifəsini öz üzərimə götürmüşdüm: "Siz məni onun yanına aparın, qalan şeylər mənim boynumadır".
İnsanları ələ verən onların gözləridir. Məsələn, siz çox cavan görsənə bilərsiniz, amma gözləriniz mütləqdir ki, sizi ələ verəcək. Sizin adınızdan dil açıb danışacaq. İlk dəfə qarşılaşdığım bu 65 yaşlı, saç-saqqalı ağarmış, əynində qara idman şalvarı və bir düymə ilə bağlanan jiletdən başqa heç nə olmayan bu kişinin gözləri ona danışmağa imkan vermədən: "Mən çox vicdanlı bir ömür yaşamışam, hə, nə olsun ki, indi bədənimin yarısı işləmir, amma oturub ölümün nə vaxt gələcəyini yox, həyat yoldaşımın ruhuna hopmuş utancaqlığı ilə mənə bir stəkan çay gətirməyini, məni yeməyə dəvət etməyini gözləyirəm. Mən bu balaca qaynadılmış noxud qoxusu ilə nəfəs alan qarajdan heç yerə çıxa bilmirəm, amma gözlərimdə vicdanlı xoşbəxtlik var, xəbəriniz olsun".
Müseyib dayının 65 yaşı var. Hamı onu "svarşik Müseyib" deyə tanıyır. İçəri keçirik: "Mən tez üşüyən biriyəm, siz keçin başda oturun, ora sərindi. Başa düşmürəm, siz bura nəyə gəlmisiniz? Paltarım da yaman pis gündədir. Xəstə olandan sonra əynimə paltar da geyinə bilmirəm. Elə bil boğur məni".
Bəlkə də bu mənzərənin, Müseyib dayının sizin üçün heç bir önəmi yoxdur. Amma sizi əmin edirəm ki, əlinizə alıb oxuduğunuz bütün əsərlərdən daha önəmlisi, sizə təsir edən xarakterləri real olaraq görmək çox önəmlidir. Məsələn, siz bədii əsərdə belə bir təsvir oxuya bilərsiniz: "Pürrəngi çaydan bir qurtum aldı və gözlərini yumdu. Limonla çayın qarışıq dadını bütün hüceyrələrinə hopduraraq stəkanı nəlbəkiyə qoydu və əli ilə üzünə toxunub, yaşadığı bu həyata görə bütün kainata şükür etdi". Bu təsvirlə biz bir obraz canlandırırıq və o obrazı axtarmağa, həyatımızın bir yerinə qoymağa çalışırıq. Amma Hövsanda balaca bir qarajın içində bir dünya olduğunu bilib, onu əsər kimi oxumaq lazımdır. (Müdirim yenə şikayət edəcək ki, öz fikirlərini reportaja əlavə etmə, bunun üçün köşə var. Siz bunu mənim gəncliyimə bağışlayın - L.N.).
Müseyib dayı həyat yoldaşına səslənib "Qonaqlarımız var, bizə çay verə bilərsənmi?" deyir.
- Müseyib dayı, uzun müddətdir bu kitabları oxuyursunuz?
- Məni gərək bağışlayasınız, istidi deyə belə geyinmişəm. Son illərdə xəstəlik məni yıxdı, daha oxuya bilmirəm. Gözlərim çox zəifləyib, heç nə görmürəm. Bax orda gördüyün bütün kitabları oxumuşam (kitab rəfini göstərir). Drayzerın "Dahi" əsərini bir neçə dəfə oxumuşam. Mənim aləmimdə təzə yazıçı olan Çingiz Abdullayevdən də bir neçə əsər mütaliə etmişəm. Özüm almışam onları. Baxın, kitablardan hansını istəyirsiniz götürün. Mənim heyfim gəlir o kitabları atmağa. "Dahi" əsəri çox xoşuma gəlib, qızım. Çingiz xanı, Batı xanı da oxumuşam. Hamsı qalıb orda. Danışa da bilmirəm. Şəkər xəstəsi olmuşam, insult keçirmişəm. 15 ildir bu hala düşmüşəm. Yaşıdlarım hətta qaça da bilir, mən isə...
- Buranı çoxdan işlədirsiniz?
- Bura mənim evimdir. Düz deyirəm, əvvəllər qaraj idi. Mən əvvəllər "suvarşik" (qaynaqçı) işləyirdim burda. Sonra əlim tutuldu. Daha işləyə bilmədim. Uşaqlar dedi ki, pivə satmaq olar burda, mən də onlara qulaq asdım.
Bir kənarda köhnə Azərbaycan filmlərində yaxşı içib piyan olan və sonra da hamını tərifləyən o kişilər ki var, bax onlardan biri də qarşısında bir bakal pivə ilə kənarda dayanıb nə baş verdiyini anlamağa çalışırdı. Məsələ ona aydın olan kimi ilk sözü:
- Məni çəkməyin ha (sükut)... İndi çəksəniz, məni də televizorda göstərəcəklər? (çox məsum sualdı) Müseyib dayı bizə arxadı, bunu da deyin. Deyin ki, o bizə çox kömək edir. Hər işdə arxamızda olub.
Müseyib dayı çox ağır hərəkətlə arxaya dönüb:
- Ə bəs deyirdin çəkməsinlər? Az danış, uşaqlara mane olma. Mən uzun müddətdir buranı işlədirəm, amma pivə içməyi heç xoşlamıram. Bura ən çox hisə verilmiş bildirçinlə balıq almağa gəlirlər. Birdə görürsən şəhərdən gəlib bir "karopka" (qutu) yığıb aparırlar. İndi siz deyirsiniz ki, bunları necə belə dadlı hazırlayırsan? Bax, mən bu dadı almaq üçün düz 3 il 200 kilodan da çox balıq, bildirçin məhv etmişəm.
Biz söhbət edəndə üzünü örpəyi ilə örtmüş bir xanım əlində sarı rəngdə, bəlkə də cehiz gətirdiyi sini ilə bizə çay gətirdi. Müseyib dayı zarafatyana səs tonu ilə:
- Bəs məni niyə yaddan çıxarırsan ki? Bəlkə mən də çay istəyirəm. Xanım heç nə demədən, Müseyib dayıya gülümsəyib, qarajdan çıxdı. Evdə bişmiş şirniyyatla kiçik bir çay süfrəsi ətrafında söhbətimizə davam edirdik. Gözüm həmsöhbətimin qolundakı tatuya sataşdı. Qolunda tank, əlinin üzərində isə yarımçıq günəş var idi.
- Bu tatuları nə zaman etdirmisiniz? Hansısa xatirəsi varmı?
- Əsgərlikdə etmişəm. Mən "Dalnıy Vostok"da (Uzaq Şərq) hərbi xidmətdə olmuşam. Günəş ilk orda çıxırdı. Tank sürürsdüm. Müharibə görməmişəm, amma o vəziyyətdə çox olmuşam. Gözləyirdik ki, indi gələcəklər.
Heç bilmirəm bu sual ağlıma hardan gəldi, niyə gəldi. Təcrübəsizlikdənmi? O gözlərdə itməyən parıltıdanmı.
- Xoşbəxtsiniz?
- Əlbəttə, xoşbəxtəm. Həyat yoldaşımla 39 ildi bir yerdəyik. Yaxşı övladlarım var. Bilirsən, onlar da mənə çox kömək edir. Bir də görürsən dostum üçün darıxıram, maşınla məni istədiyim yerə aparır. Mən bu kiçik yerimdə suyumla, çörəyimlə çox rahatam. İçin rahatdırsa, deməli xoşbəxtsən. 16 yaşımdan o gördüyünüz kitablardan da çox kitab oxumuşam. Gecə məktəbini oxumuşam. Ali təhsilim yoxdur. Bax burda gördüyün bütün köhnə evlərin tikilməsində atamın köməyi olub. Mənə kitab oxumağı da atam təqlin edirdi. Əvvəllər belə rahatlıqla kitab tapmaq olmurdu. Atam sifariş edirdi, sonra gedib poçtdan alırdı o kitabları. Ən çox da Puşkini oxuyurdu. Yevgenin də kitabları var orda. Əvvəllər burda zavodda işləyirdim, sonra başladım qaynaqçı işləməyə.
Bayaqdan beynimdə dolaşan sualı nəhayət ki, özümdə cəsarət tapıb soruşdum.
-Müseyib dayı, deyirlər ki, siz 25 il həbsdə olmusunuz?
Gülümsədi və:
- Sən onlara fikir vermə, hərə bir söz deyir onsuzda...
Fotoqraf xanımımız Müseyib dayıya:
- Ay dayı, bəlkə pivə süzəndə şəklinizi çəkək?
Bir az təlaşlandı, sonra asta səslə:
- Məni hamı "Suvarşik Müseyib" kimi tanıyır. İndi əlim işləmir deyə pivə satıram. Demirəm ki, bu pis işdi. Amma mənim öz adım var, gərək ona söz dedirtməyim.
- Müseyib dayı, sizi yormuruq?
- Yorsan deyəcəm ki, ay qızım, məni yorursan.
Üzünü bizi gətirən həmyerlisinə tutub
- Dur qızlara balıq ver, heyif bildirçin olmadı. Amma hazır olan kimi sizə göndərəcəm.
Deyəsən, dayını artıq yormuşduq, bu köhnə qarajdan uzaqlaşmaq vaxtı idi. Fotoqrafımız söz verdi ki, tezliklə öz dostları ilə yenə bura qayıdacaq. Müseyib dayı öz qayğılı gözləri ilə bizi yola saldı...
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...