Amberin Zaman
“Al-Monitor”
İran ordusunun Baş Qərargah rəisi Məhəmməd Baqirinin Türkiyəyə üçgünlük səfəri regional rəqiblərin ümumi təhdidlər qarşısında fərqli baxışlarını necə tez aradan qaldıra biləcəyini nümayiş etdirib.
1979-cu inqilabından bəri ilk dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar üçün iranlı qonağı altına geniş qırmızı xalı sərilib. Baqiri və digər 9 İran generalı türk vəzifədaşları Hulusi Akar, müdafiə naziri Nurəddin Canikli və MİT rəhbəri Hakan Fidanla görüşüb.
Tərəflər hərbi əməkdaşlığı inkişaf etdirməyə razılaşıblar. İranın xarici işlər nazirinin müavini İbrahim Rahimpour isə artıq Ərdoğanın İrana səfər edəcəyini açıqlayıb.
Xatırladaq ki, İran və Rusiyanın dəstəklədiyi Suriya prezidenti Bəşər Əsədin devrilməsi üçün sünni-ərəb üsyançıları himayə edənə qədər Ərdoğanın çevrəsindəki ən mürəkkəb simalardan biri olan Fidanı iranpərəst adlandırırdılar. Bundan əlavə, Rusiyanın təzyiqinə baş əyərək Türkiyə Hələbin süqutuna göz yumub.
Türkiyənin ən böyük narahatlığı – ABŞ-ın dəstək verdiyi YPG-nin artan təsiridir. Rəsmi Ankara Əsədin bu məsələdə kömək etməsi üçün İranın nüfuzundan istifadə etməyə çalışır. Öz növbəsində, İran Türkiyənin iraqlı kürd müttəfiqlərinin gələn aya planlaşdırılan referendumdan imtina etməsi üçün Ankaraya bel bağlayır.
İranın “Mehr” xəbər agentliyinə verdiyi müsahibədə türk alimi Bilgehan Alagöz deyib: "Türkiyənin və İranın dayanıqlı olduğu dövrdə coğrafiyamızda müstəqil kürd dövləti üçün yer yoxdur".
Türkiyə və İran səs-küylü plebisitə qarşı çıxır. Doğrudur, Ankaranın bu xəbərdarlıqlarını Ərdoğanın milliyyətçi bazanı susdurmaq üçün sadəcə ritorik hesab edənlər var.
Əsasən şiə İran və sünni Türkiyə Qərb qüvvələrinin, yəni ABŞ və İsrailin, onları zəiflətmək və parçalamaq üçün kürdlərlə gizli sövdələşmə aparmasından dərin narahatlıq keçirir. Kürdlərlə bağlı paranoya ənənəvi rəqibləri – İraq və Suriyadakı fərqli mövqelərə baxmayaraq, – həmrəy etmək üçün kifayət qədər güclüdür.
Həqiqətən, bəzi aparıcı İran rəsmilərinin fikrincə, İraq Kürdüstanındakı gələcək referendum İranı hərbi müdaxiləyə təşviq etmək məqsədli məkrli sxemdir və bu, cavab vermək üçün ABŞ-a bəhanə verər.
Türkiyə, öz növbəsində, Birləşmiş Ştatların İŞİD-ə qarşı YPG-ni silahlandırmasını özünə təhdid sayır. YPG, avqustun 15-də Türk ordusuna silahlı hücumun 33-cü ilini qeyd edən Kürd Fəhlə Partiyası (PKK) ilə sıx bağlıdır. ABŞ-ın atəş enerjisindən istifadə edərək, YPG nəzarət altında olan əraziləri üç dəfədən çox artırıb. Türkiyə sərhədi boyunca PKK-yə sanki heykəl ucaldıb. Buna görə də Türkiyə Suriya ilə 823 kilometrlik (511 mil) sərhədində beton divar qurdu. Bu aydan etibarən İranla 560 kilometrlik (348 mil) sərhəddə də bənzər beton baryer qurulur. Bu, PKK və iki ölkəni ayıran dağlıq ərazidə qaçaqmalçılara sədd çəkmək üçündür.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasiminin sözlərinə görə, rəsmi Tehran sərhəddə təhlükəsizlik və sabitliyi artıracaq bütün tədbirləri alqışlayır.
Hökumətyönlü “Yeni Şafak”ın baş redaktoru İbrahim Karagül Ankaranın bugünkü mövqeyini belə şərh edir: "Türkiyə Respublikası tarixinin ən böyük təhlükəsi ilə üzləşir. Çünki ilk dəfə çoxmillətli cəbhə ilə qarşı-qarşıyadır… Bu halda Dəməşq hökuməti, İran və Rusiya ilə daha geniş, daha dərin və daha uzunmüddətli müqavilələr bağlanılmalıdır".
“Daily Sabah” qəzetinin xəbərinə görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu önümüzdəki günlərdə Türkiyəyə səfər edəcək. Şoyqu ötən ay Suriya məsələsini müzakirə etmək üçün Ərdoğanla görüşüb. “Əl-Qaidə” ilə əlaqəli olan “Hayat Təhrir əl-Şam” (HTS) xadimlərinin bundan əvvəl Türkiyənin dəstəklədiyi ”Əhrar əl-Şam” üsyançılarını İdlibdən çıxarmasından sonra bu bölgənin taleyi yenə müzakirə olunacaq.
ABŞ, həmçinin HTS ilə əlaqədar narahatlıqlarını gizlətmir və Türkiyə ilə yeganə sərhəd qapısı olan Öncüpinarı qapatması üçün Ankaraya təzyiq edir. Ərdoğan isə deyir ki, müxalif üsyançıların nəzarətində olan qapıdan yalnız humanitar yardımların keçidinə icazə verilir.
Şoyqunun və ABŞ-ın müdafiə naziri Ceyms Mattisin bu həftə Ankaraya planlaşdırılan səfərləri xəbər möhtəkirlilərini coşdurub. İddialardan biri budur ki, guya Baqirinin iştirakı ilə Suriyadakı əsas tərəfdaşlar arasında sülh razılaşması imzalanacaq.
Avqustun 14-də Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin blokadaya aldığı Qətərə mal göndərmək üçün İran ərazisindən istifadə planlarını açıqlayıb. Türkiyə və İran bu mübahisədə Qətərin tərəfindədir. Səudiyyə Ərəbistanı isə YPG-nin nazı ilə oynayır. İranın içərisində də kürdlər İraq Kürdüstanı ilə sərhədlər boyunca dağlıq ərazilərdən həmlələr edirlər.
Türkiyə – İranın Avropaya qapısıdır, ticarətin beşdə biri bu ərazi hesabına həyata keçir. Beynəlxalq Böhran Qrupu son hesabatında qeyd edib: "2015-ci ildə nüvə razılaşması və İranın iqtisadiyyatına sanksiyalardan asılı olmayaraq, hər iki ölkə təxminən 10 milyard dollarlıq ikitərəfli ticarəti artırmağı davam etdirir və eyni zamanda, geostrateji fərqlilikləri qoruyur".
İran mətbuatı avqustun 14-də xəbər verib ki, Türkiyənin “Unit İnternatinal”ı Rusiyanın "Zarubejneft" və İranın "Ghadir Investment Company" şirkətləri ilə İranda neft və təbii qaz hasilatına dair 7 milyard dollarlıq müqavilə imzalayıb. Türkiyə təbii qazının beşdə birini şərq qonşusundan alır. Eyni zamanda, Türkiyə, İraq Kürdüstanı Regional Hökuməti ilə 2013-ci ilin noyabr ayında imzalanan sazişlə İraq Kürdüstanının geniş təbii qaz ehtiyatlarını gözləyir. Referenduma etirazlarına baxmayaraq, Türkiyə İraq kürdləri ilə olan dostluğunun strateji və iqtisadi faydalarını "dadmağa" meyillidir.
MilliYol.Az
Digər xəbərlər
loading...