"Xüsusi xidmət orqanlarında kompromat material bazası o zaman toplanır ki, dövlətə vacib olan mühüm məsələlər üçün müvafiq əməliyyat axtarış tədbirləri, izləmə və istintaq zamanı işə yarayır".
MilliYol.Az xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.
İlham İsmayıl keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əlində 2800-dən çox adamın seks videosunun, kompromat xarakterli pornoçəkilişlərin olmasına münasibət bildirib.
Ekspertin sözlərinə görə, əgər belə materiallar həqiqətən varsa, bu, artlıq qeyri-qanuni şantaj və təhdiddir: "Əgər belə materiallar kimlərinsə şəxsi həyatına müdaxilə və şantaj xarakteri daşıyırsa, bu, elə sözün həqiqi mənasında şantajdır. Bu cür materialların toplanması keçmiş MTN-ə xarakterik iş deyildi. Deməli, Eldar Mahmudov nazirliyin bütün gücündən, əməliyyat-texniki imkanlarından şəxsi maraqları üçün istifadə edib.
Əgər kimlərinsə haqqında kompramateriallar, videolar varsa və bunlar hələ də müəyyən şəxslərin əllərində saxlanılırsa, çox təhlükəli məqamdır. Doğrudan da 2800 sayda disk və kasetlər varsa, bunlar hamısı qanunazidd əməllərin nəticəsidir. Məsələ odur ki, artıq ortada şantajdan qorxmaq məsələsindən söhbət gedir".
Təhlükəsizlik eksperti söyləyib ki, bu videolar, görüntülü yazılar kimlərin əllərindədirsə, onları tapıb zərərsizləşdirmək və bu qorxu, şantajdan qurtulmaq lazımdır: "Bu işi görən kimlərdirsə, kompramateriallar kimlərin əlində cəmləşibsə, həmin adamları bu gün tapmaq lazımdır və bu şantajdan qurtulmaq lazımdır. Əks təqdirdə, biz bu videoların bir-bir, iki-iki ortaya çıxmasının şahidi olacağıq".
İlham İsmayıl hesab edir ki, həqiqətən də Eldar Mahmudovun və ona yaxın olan dairələrin əlində belə videoların olduğu haqda məlumatlar inandırıcıdır.
Təhlükəsizlik eksperti deyib ki, keçmiş nazir Eldar Mahmudov bu günə qədər hələ də həbs edilmirsə, deməli, bu cür şantaj videolarından qorxan, çəkinən yüksək vəzifəli şəxslər və məmurlar var: "Yəqin ki, həqiqətən şantaj videoları var və mövcuddur. Çünki od olmayan yerdən tüstü çıxmaz. Bu günə qədər də Eldar Mahmudovun həbs olunmaması, bəlkə də, elə buna görədir. Çünki həmin şantaj elədiyi, haqqında intim həyatına aid kompramateriallar əldə etdiyi vəzifəli şəxslər bu gün Eldar Mahmudovu həbs etdirə və ya edə bilmir. Ehtimal ki, Eldar Mahmudovun əlindəki videolar məmur heyəti, zəngin şəxslər, ictimai nüfuzu olan və yüksək vəzifə tutanlarla bağlıdır".
İlham İsmayılın sözlərinə görə, bəlkə də, bu videoların bir neçə nüsxəsi xarici ölkələrdə, ayrı-ayrı adamlarda saxlanılır və nə zamansa, hansısa yüksək vəzifəli şəxslərin şantaj edilməsi məqsədilə ortaya çıxarılacaq: "Amma indiki halda həmin videolar daha çox yüksək vəzifəli məmur heyəti haqqında ola bilər. Bəlkə də, bu materialların bir neçə nüsxəsi ayrı-ayrı şəxslərə ötürülüb. Yəni başqa yerlərdə gizlin şəkildə ehtiyat kimi saxlanılır. Ola bilsin ki, hətta xaricdə saxlanılsın. Çünki belə materiallar yaxın gələcəkdə nə vaxtsa hansısa yüksək vəzifəli şəxslərin, məmurların şantaj olunmasında istifadə edilə bilər. Buna görə də bu gün Eldar Mahmudovun həbs edilməməsində maraqlı olan şəxslər də var".
MilliYol.Az
Digər xəbərlər
loading...