Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov haqda ziddiyyətli xəbərlər yayılmaqdadır. Sabiq nazirin tutulduğu, ölkədən getdiyi, əlində minlərlə seks videoların olması barədə xəbərlər bir-birini əvəzləyir. Amma Eldar Mahmudovun bu gün qanun qarşısında statusu bilinmir. Onu tutduğu vəzifədən azad ediblər, amma barəsində verilən qərar haqda dəqiq məlumat yoxdur.
Ümumiyyətlə, belə tədbirin seçilib-seçilmədiyi bilinmir. Maraqlı məqam budur ki, “MTN işi” üzrə istintaqa cəlb edilən digər sabiq vəzifəlilərin statusları bəllidir. Onlar təqsirləndirilən və zamində olan şəxsdirlər. Sabiq nazir isə ictimaiyyət üçün sadəcə, istefaya göndərilmiş şəxsdir. Odur ki, MTN çetesinin başında dayanmış şəxs haqda ən müxtəlif səpkili məlumatlar yayılmaqdadır.
“Eldar Mahmudovun əlində 2800-dən çox seks videoları var...”
Eldar Mahmudovun rəhbərlik etdiyi quldur dəstəsi təkcə sahibkarları soyub-talamayıb, eyni zamanda ölkənin tanınmış şəxsləri barədə şantaj xarakterli videomateriallar toplayıb. Bu haqda virtualaz.org-a MTN-in keçmiş zabiti Ərəstun Oruclu məlumat verib. Eldar Mahmudovun qruplaşmasının əlində tanınmış və imkanlı şəxsləri, ictimai fəalları və digərlərini şantaj etmək üçün gizli çəkilişlərin olduğu haqda əvvəllər də dəfələrlə yazılıb. Lakin indi keçmiş MTN zabiti Mahmudovun “videoteka”sındakı CD-lərin konkret sayını açıqlayır. Bəs bunlar hazırda Mahmudovun və adamlarının əlində olan videolardır, yoxsa MTN-dəki qruplaşmanın ləğvindən sonra müsadirə edilənlərdir?
Məlumdur ki, Eldar Mahmudovun, Akif Çovdarovun və digərlərinin evində aparılmış axtarışlar zamanı həm də şantaj xarakterli videolardan ibarət çoxsaylı disklər, elektron daşıyıcılar müsadirə olunmuşdu. Ərəstun Oruclu açıqlamasında deyir ki, 2800 rəqəmi ona mötəbər mənbələrdən verilib, lakin başqa detallar haqda danışa bilməz. Çünki əlavə məlumatı yoxdur. “Bunlar jurnalistlər, ictimai fəallar, tanınmış şəxslər, o cümlədən yüksək vəzifəli məmurlar və ailə üzvləri barədə gizli videoçəkilişlərdir. Lakin həmin videoların hazırda harada olduğu haqda məndə məlumat yoxdur. Mənə verilən məlumat belədir ki, bunların əlində həmin sayda seks videoları olub, başqa təfərrüatları bilmirəm. Yəqin ki, bu, ciddi araşdırma mövzusu ola bilər” deyə, keçmiş MTN zabiti bildirib.
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov haqqında cinayət iddiaları günü-gündən artır. Vəzifədə olduğu dövrdə icra başçılarından, yüksək ranqlı məmurlardan, iş adamlarından haqq tələb etməsinə dair faktlar media tərəfindən cəmiyyətə çatdırılıb. Əlində olan imkanlar hesabına ayrı-ayrı məmurlardan haqq tələb edən keçmiş MTN rəhbərliyi gücü çatmadığı adamları müxtəlif üsullarla gözündən salmaqla təhdid edirmiş.
Digər iddialardan biri isə Eldar Mahmudovun icra başçılarını təhdid etməsi ilə bağlıdır. Verilən məlumatlara görə, Eldar Mahmudovun hər icra başçısı üzərində müəyyən “haqq”ı olub. İddia olunur ki, keçmiş MTN şefi hər ilin rübündə icra başçılarından haqq alırmış, çatdırılmadığı zaman isə həmin şəxslər təzyiq və təhdidlərə məruz qalırmış.
Eldar Mahmudovun ölkədən çıxışına icazə verilib?
Eldar Mahmudovun ölkədən çıxışına icazə verilib. Bu xəbəri isə politika.az yayıb. Sayt yazır ki, Eldar Mahmudovun komandası ifşa olunsa da, özünü həbs etmirlər, ona dəyib-toxunan yoxdur. Bunu sabiq nazirlə əldə olunan razılaşma ilə əlaqələndirirlər:
“Hakimiyyət dairələri Eldar Mahmudovdan mənimsədiyi 10 milyard dolları geri tələb edib. Həmin pul ödənildikdən sonra barəsində qərar veriləcəyini vurğulamışdılar. Amma gələn son xəbərə görə, Mahmudovun artıq hakimiyyətlə anlaşdığı deyilir. Məlumatda vurğulanır ki, sabiq nazir tələb olunan məbləği ödəyib. Və ölkədən çıxışı üçün icazə istəyib. Hakimiyyət dairələri də bunun yaxın vaxtlarda reallaşdıracaqları barədə vəd veriblər. Belə ki, ən yüksək səviyyədə müzakirə aparıldıqdan sonra bununla bağlı qərar veriləcəyi gözlənilir. Belə bir versiya var ki, Mahmudovun ölkədən çıxmasını onun səhhəti ilə əlaqələndirəcəklər. Belə ki, o, səhhətində problem yarandığı və xaricdə müalicə alması lazım gəldiyi bəhanəsi ilə ölkədən çıxarılacaq. Əvəzində isə Mahmudov bundan sonra hakimiyyət əleyhinə danışmayacaq. Üstəlik, əlində olan arxivini də iqtidar mənsublarına verəcək. Əks təqdirdə, nəinki ölkədən çıxa biləcək, ümumiyyətlə, həbs olunub, ən ağır formada cəzalandırılacaq”. (musavat.com)
MilliYol.Az
Digər xəbərlər
loading...