Qazax rayonunun Xanlıqlar kəndinin sakinlərinin kredit problemi hələ də həll olunmayıb.
Sakinlərin adına kredit götürən kənd bağçasının keçmiş müdirəsi Xatirə Əsgərova həbs edilsə də, kənd sakinləri “kredit bataqlığı”ndan xilas ola bilmir.
X.Əsgərova məsuliyyəti öz üzərindən atmaq üçün götürdükləri pulları Pərvanə Səfərova adlı kənd sakininə verdiyini deyib. Bundan sonra P.Səfərova həbs olunub və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin adına kredit götürülən kənd sakinləri isə P.Səfərovanı tanımadıqlarını, krediti yalnız X.Əsgərova üçün götürdüklərini deyirlər.
Kredit fırıldağı ilə bağlı musavat.com-da bir neçə dəfə geniş yazılar dərc edilib. Problem ictimailəşəndən sonra X.Əsgərova saxlanıldı. Onun ifadəsi əsasında isə P.Səfərova həbs edildi.
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Qazax rayon təşkilaını sədri Nizami Haqverdiyev musavat.com-a hadisənin yeni təfərrüatları barədə məlumat verib.
Onun dediyinə görə, hazırda məhkəmə prosesi davam etdirilir və X.Əsgərova səhhətinin ağır olduğunu əsas gətirərək, ev dustaqlığına çıxmağa çalışır: “Bütün sübutlar, zərərçəkmişlərin ifadələri göstərir ki, Pərvanə Səfərovanın heç bir günahı yoxdur. Bütün kreditlər Xatirə Əsgərovaya verilib. Lakin Xatirəni məsuliyyətdən yayındırmağa çalışırlar. Bu işin əsas günahkarlarından biri də “Zaminbank”ın Qazax rayon şöbəsin müdiri Məzahir Mirzəyevdir. Vətəndaşların adına krediti təşkil edən də məhz odur. Ancaq məhkəmə proseslərində onun adının çəkilməsinə icazə verilmir. Məzahir də onun üstünə şikayətə gedən sakinlərə deyir ki, mənə heç kim, heç nə edə bilməz. Lazım olan yerlərə pulumu vermişəm. İş mən istəyən kimi də həll olunacaq”.
N.Haqverdiyev deyir ki, problem ictimailəşdiriləndən sonra bəzi sakinlərin kreditlərinin bir hissəsi bağlanıb, bəzilərindən alınan nağd pullar isə geri qaytarılıb: “Ümumilkdə 230 nəfər zərərçəkmiş var. Ancaq bunların çox cüzi bir hissəsinin problemi həll olunub. Xatirənin nağd pul aldığı kənd sakinlərinin pulunun bir hissəsi qaytarılıb. Rayon prokurorunun köməkçisi həmin pulları sakinlərə verib. Amma bu pulu haradan və kimdən alıblar, bilinmir. Pərvanə Səfərovanı çox adam tanımır. Ancaq onun barəsində həbs-qətimkan tədbiri seçildi və dərhal iş kəsildi. Hamı bilir ki, o, günahsızdır.
Başqa maraqlı bir məqam da var, Xatirə Əsgərova məhkəmədə dedi ki, o, sadəcə sakinlərin adına kredit təşkil edib. Qarşılığında isə ona ancaq faiz verilib. Yəni, pulların onda olmadığını deyir. Xatirənin kürəkəni icra hakimiyyətində işləyir. Onun ikimərkətbəli obyektləri var. İcra hakimiyyətindən aldığı maaşla bunu necə əldə etmək olar? Camaat da belə düşünür ki, bu obyektlər məhz onlardan alınan pulların hesabına tikilib. Camaat çıxılmaz vəziyyətdə qalıb. Bəzilərinin maaş kartı dondurulub, bəziləri məhkəməyə verilib. Bir neçə nəfəri Məzahir Mirzəyev həbs etdirdi. Ancaq camaatda pul yoxdur. 7-10 günlük həbsdən sonra məcbur olub buraxdılar”.
Xatırladaq ki, X.Əsgərova kənd sakinlərin əksəriyyəti ilə qohum olub. İnsanların ona olan etimadından sui-istifadə edərək onların adlarına “Zaminbank”, “Beynəlxalq Bank”, “Kredaqro” Qeyri-Bank Kredit Təşkilatı, “Finca-Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı və “Kapital Bank”ın Qazax şöbələrindən kredit götürüb. Hətta bəzi kənd sakinlərinin adına bu bankların hamısında kredit rəsmiləşdirilib.
2012-ci ildən kreditlkəri ödəyə bilməyən X.Əsgərovanın əməlləri ifşa olunarkən o, aldığı pulu Pərvanə Səfərova adlı Qazax rayon sakininə verdiyini deyib. Bununla da məsuliyyətdən yayınmaq istəyib.
Sakinlərin əksəriyyətinin “Zaminbank”a borcu var. Bankın Qazax rayon şöbəsinin müdiri Məzahir Mirzəyev onlara hansı yolla olursa-olsun, kreditləri ödətdirəcəyini deyir.
Qeyd edək ki, hazırda P.Səfərova və X.Əsgərova həbsdədirlər. Qazax Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) maddəsi ilə açılan cinayət işindən sonra P.Səfərova və X.Əsgərova həbs ediliblər. P.Səfərova Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. X.Əsgərovanın məhkəmə prosesi isə davam etdirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...