Londonda keçirilən 16-cı Dünya Atletika Çempionatında qızıl medal qazanaraq tarixi uğura imza atan Ramil Quliyev Azərbaycanda həbs olunmaqla hədələnib. MilliYol.Az xəbər verir ki, bu barədə atlet Türkiyənin "Hürriyət" qəzetinin idman yazarı Fatih Saboviçlə söhbətində bildirib.
Qəzet yazır ki, 2010-cu ildə "Fənərbaxça"ya keçən, bir il sonra Türkiyə vətəndaşlığı almaq istəyən Ramili gənclər və idman naziri "həyata keçirilməsi mümkün olmayan tələblər" irəli sürməkdə ittiham etmişdi. Daha sonra isə atlet Azərbaycanı təmsil etməkdən imtina etmişdi. "Hürriyət"in yazarı yazır ki, həmin vaxt Ramil Azərbaycan vətəndaşlığından çıxarılmaq və ölkəyə qayıdarsa həbs olunmaq təhlükəsi ilə üzləşib.
Qeyd edək ki, dünən prezident İlham Əliyev Ramili təbrik edib və Azərbaycanın onunla fəxr etdiyini bilidirib: "İlk növbədə səni yüngül atletika üzrə dünya çempionu adını qazanmağın münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan. Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan. Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda səninlə fəxr edirik".
Onu da qeyd edək ki, Ramil Dünya Atletika Çempionatında 200 metrə qaçış yarışlarında 20,09 saniyəlik nəticə götərib. Bununla da o, Useyn Boltun 2009-cu ildən davam edən hegemonluğuna son qoyub.
MilliYol.Az
Digər xəbərlər
loading...