Regionlarda rayon təhsil şöbələrinin özbaşınalıqları barədə dəfələrlə şikayət məktubları dərc etmişik.
Qubada işləyən müəllimlər Quba Təhsil Şöbəsindən A24.Az-ın redaksiyasına şikayət məktubu göndərib. Şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırırıq:
“Bu məktubu Quba müəllimləri adından ünvanlayırıq. Belə ki, Quba Təhsil Şöbəsinə gələn regional maliyyə yoxlaması Loğman Müslümovun təmir, tikinti, mal- material, dəftərxana ləvazimatı, qanunsuz siniflərin açılması və digər hallarla bağlı yüz minlərlə pulun mənimsənilməsi faktını üzə çıxarıb. Bu cinayət faktlarından yayınmaq üçün Loğman Müslümov yoxlamaya külli miqdarda pul təklif edib və həmin pulları müəllimlərin boğazından çıxarmağa çalışır. Belə ki, ümumilikdə rayon məktəblərinin üzərinə 300 min manat pul qoyub. Bu da 3000-ə yaxın müəllimi olan rayondan hərəyə 100 manat pul deməkdir. Baxmayaraq ki, bu vəsaitləri idarə müdiri tam olaraq özü mənimsəyib. Amma bu pulları müəllimlərə ödətdirir. Məzuniyyətdə olan müəllimlər geri çağrılaraq, pul tələb edilir və verməyəcəkləri təqdirdə növbəti dərs ilində dərs saatlarının azaldılacağı və ya işlərinin yoxlanacağı ilə hədələnib, şantaj olunur. Bu barədə dəfələrlə müəllimlər Təhsil Nazirliyinə müraciət etsələr də, müvafiq qurum bu məsələyə reaksiya verməyib və vəziyyətin aydınlaşdırılması üçün heç bir iş görməyib. Dövlət orqanlarından əlimiz üzüldüyü üçün sizə müraciət edirik. Xahiş edirik, bu məsələni aydınlaşdırasınız və cənab Prezidentimiz və nazirimiz bu əməllərdən xəbərdar olunsunlar. Sonda qeyd edək ki, ümumi orta məktəblərə 2-3 min manat, tam orta məktəblərə isə 3-5 min manat arası haqq qoyulub. Hazırda Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2 saylı regional müfəttişliyi Qubada Təhsil Şöbəsində yoxlama aparır və pul yığımı kampaniyası davam edir”.
A24.Az Quba rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb. Şöbə müdiri Loğman Müslümov bildirib ki, təhsil müəssisələrində pul yığmaq qadağan edilib: “Müəllimlər məzuniyyətdədir. Məktəbdə pul yığmağa öyrəşməmişik. Müəyyən adamlar var ki, diaqnostik qiymətləndirmədə aşağı bal yığıblar və qərəzli mövqe tuturlar. Təhsil şöbəsi olaraq heç kimdən pul tələb etmirik və yığmırıq. Maliyyə Nazirliyinin yoxlaması var. Bir neçə məktəbdə problemlər var. O da həll edilir. Artıq vəsait dövlətə qaytarılacaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...