“Ramil Quliyev qayıtsa da, qəbul etməyəcəyik. Bu adam fəraridir. Fərari ilə nə etmək olar?”
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 6 il öncə Lent.az-a verdiyi müsahibədə bugünkü dünya çempionu Ramil Quliyevdən danışmış, onun ünvanına ağır ifadələr işlətmişdi. Bu gün məsələnin aktuallığını, Ramil Quliyevin dünya şempionu olmasını nəzərə alaraq, həmin müsahibənin Ramilə aid hissəsini musavat.com-a istinadən dərc edirik:
- Azərbaycanlı sprinter Ramil Quliyev milli komandamızda çıxış etməkdən imtina edib. O, yığmamıza hazırkı məşqçilər heyətinin və federasiya prezidenti Çingiz Hüseynzadənin istefası təqdirində qayıdacağını bildirib…
– Bilirsiniz, bu məsələnin medianı bu dərəcədə maraqlandırmasının səbəbini başa düşmürəm. Bu insan qaçıb gedib. Fəraridir. Qaçan adam özünə haqq qazandırmaq üçün nə istəsə, deyə bilər. O, Bakıda olanda bu məsələləri demirdi, narazılığını bildirmirdi. Bakıda olduğu vaxt ən son müraciəti Türkiyənin “Fənərbağça” klubunun adından çıxışına icazə istəməsi oldu. Müraciətinə razılıq verildi. Özü Türkiyəyə getməmişdən öncə ora ailəsi – anası və qardaşı, hətta şəxsi məşqçisi Oleq Muxin köçüb. Yəni, bu, əvvəlcədən planlaşdırılmış bir iş idi. Gedən kimi də ərizə yazıb müraciət edərək vətəndaşlığını dəyişmək istəyib. Bu, nə deməkdir?
- Bəlkə Türkiyə Atletika Federasiyası Ramil Quliyevin başını tovlayıb?
– Xeyr. Türkiyə variantı olmasaydı, başqa ölkələrin təkliflərini qəbul edəcəkdi. Bizdə olan məlumata görə, o, Rusiya ilə də danışıqlar aparıb. Bir sözlə, bu adam Azərbaycandan qaçmaq istəyib. Səbəbini Allah bilir. Bu adama ölkəmizdə atletlər arasında ən çox diqqət yetirilirdi.
Farmakologiyası, yarışları, məşqləri və toplanışları yüksək səviyyədə idi. Bakıda olduğu vaxt heç bir narazılıq bildirmirdi. Lakin indi məlum olur ki, bu adamın hələ çoxdan Azərbaycandan köçüb-getmək, başqa yerdə yaşamaq arzusu olub. Arzusunu həyata keçirdi. İndi isə özünə haqq qazandırmaq üçün istənilən şeyi deyə bilər.
- Hətta Sizin istefanızı da tələb edə bilər?
– Məncə, bu, onun öz ağlının məhsulu deyil. Onunla qaçan məşqçisi var, qohumları oradadırlar. Türkiyə tərəfdən kimsə onu hər hansı formada qıcıqlandıra, nə isə deyə bilər. Dediyi sözlər isə mənim üçün heç bir əhəmiyyət daşımır. Hesab edirəm ki, ümumiyyətlə, məsələni bu dərəcədə şişirtməyin əhəmiyyəti yoxdur. Yenə deyirəm: Bu adam sadəcə, fəraridir. Bu adam əsgərlikdə qulluq etməlidir. Ola bilər ki, bu, gözünün qabağına gəlib və qaçıb. Bu adam təhsil aldığı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını atıb-qaçıb. 4-cü kursda təhsil aldığı halda, qış semestr imtahanlarını verməyib. Gəlib xahiş etsin ki, buna icazə verək, gedib Türkiyə klubunda çıxış etsin, sonra da Azərbaycan yığmasından imtina etsin. Bunlar əvvəlcədən planlaşdırılmış işlər idi. Bir əsas məqam da var ki, bu adam Türkiyəyə yollandığı 2010-cu ildə Azərbaycan yığmasının heyətində bir rəsmi yarışda belə iştirak etməyib. Müxtəlif bəhanələr gətirib. Əsasən, sağlamlığından şikayətlənib. Sonradan isə onun kommersiya yarışlarında iştirak etməsindən xəbər tutmuşuq. Bakıda ola-ola Avropa çempionatından imtina edib, lakin bir həftə sonra kommersiya turnirlərinə qatılıb. Bu da onun bir ölkə yığmasından digərinə keçmək üçün Beynəlxalq Olimpiya Komitəsinin qoyduğu ən azı 3 illik fasilə müddətini daha tez başa vurmaq istəyini sübuta yetirir.
- Artıq Ramil Quliyevdən imtina etdiyinizi demək olar?
– O, qayıtsa da, qəbul etməyəcəyik. Bu adam qaçıb, fəraridir. Fərari ilə nə etmək olar? Hara qayıdır o? Bilir ki, qayıtsa, əsgərliyə getməlidir.
- Hər halda dünya çempionatında Useyn Bolt və digər məşhur sprinterlərlə mübarizədə 7-ci yer heç də zəif nəticə deyil. Dünyada belə atletlər hərtərəfli təmin olunurlar. Ramil Quliyevin təminatı hansı səviyyədə idi?
– O da Bolt kimi, kommersiya yarışlarında iştirak edirdi. Qazandığını da özü götürürdü. “Neftçi”dən maaş, Milli Olimpiya Komitəsindən təqaüd alırdı. Bütün farmakoloji xərclərini federasiya çəkirdi, mükafatlar verirdi. Azərbaycanda heç bir idmançının almadığını o, alırdı. Türkiyədə isə ona yalnız “Fənərbağça” klubu pul verir. Özü də hər startına 5000 dollar. Azərbaycanda o dərəcədə imkanlı klub yoxdur. Lakin çıxış etdiyi bütün yarışlardan qazandığını özü götürürdü. Federasiyaya, məşqçisinə vermirdi ki… Heç onun nə qazandığından da xəbərimiz yox idi. Bu, məni heç maraqlandırmırdı da. Nə qədər qazanır-qazansın, özü bilər. Özünün pul qazanmasına rəğmən, təhsil haqqını federasiyamız ödəyirdi. Şəxsən mən ildə 300 manat akademiyaya ödəyirdim. Heç öz gücünə ali məktəbə daxil ola bilməmişdi. İmtahandan minimum 100 bal toplamalı olduğu halda cəmi 7 bal yığmışdı. Onun perspektivli idmançı olduğunu nəzərə alaraq, məktublar yazdıq, xahiş etdik ki, akademiyaya qəbul etsinlər. Nəticədə bal toplaya bilmədiyi üçün pullu fakültəyə qəbul etdilər. İndi də durub bu məsələ ətrafında ajiotaj yaratmaq lazım deyil. O, göydən düşməmişdi, Azərbaycanda yetişmişdi, azərbaycanlı məşqçilər yetişdirmişdi. Yenə ölkəmizdə yeni, ondan da yaxşı idmançılar yetişəcək. Allah qoysa, daha güclü atletlərimiz olacaq. Amma bir adam ki, qaçmaq istəyir, onu zorla saxlamağın adı yoxdur.
- Ramil Quliyev deyib ki, atası və şəxsi məşqçisi Eldar Quliyevin infarkt keçirərək ölməsində də ona göstərilən haqsızlıqların rolu olub…
– Danışır da… Nə istəyirsə, danışacaq. Bəlkə də atasının ölümünü gözləyirdi ki, Türkiyəyə qaçsın. Amma atası sağ olsaydı, onu ölkədən getməyə qoymazdı. Rəhmətlik Eldar Quliyevlə heç bir problemimiz yox idi. Bütün təlim-məşq toplantıları və yarışlara o, oğlu ilə birgə yollanırdı. İkisinin də xərcini biz çəkirdik.
- Bu yaxınlarda şahmatçımız Vüqar Həşimovla( Allah rəhmət eləsin- AzPolitika.info) da bağlı problem yaranmışdı. Həşimov onunla Teymur Rəcəbov arasında ayrı-seçkiliyə etiraz edirdi. Yüksək səviyyəli idmançılarımızın azlığını nəzərə alaraq, məsələyə bu prizmadan yanaşmaq olarmı ki, onları belə asanlıqla itirmək olmaz?
– Bu gün bütün idman növlərində əcnəbilər Azərbaycanda çıxış etmək istəyirlər. Məsələn, dünyanın ən güclü qadın voleybolçuları ölkəmizin klublarında cəmləşib. Amma yenə də bizim idmançılar arasında hansısa narazılığın baş verməsi mümkündür. Şəxsi münasibətlərdən yaranan məsələləri ümumi idmanın inkişafında gedən proseslərə qatmaq olmaz. Şəxsi zəmində çox şey yaratmaq olar. İdmançı məşqçi ilə, öz həmkarı ilə yola getməyə, federasiyadan, nazirlikdən narazı ola bilər. Amma idmançının vətənini atıb getməsi tam başqa şeydir.
- Bəs belə narazılıqları olsa, ayrı-seçkilikdən şikayətlənsələr və onları eşidən olmasa, nə etməlidirlər?
– Mən də belə narazılıqlar eşidirəm. Bir valideyn gəlir ki, oğlum yaxşı futbolçudur, komandaya götürmürlər, sıxışdırırlar. Mən onlara bir şeyi deyirəm: “Bu gün Azərbaycanda məşqçilər, federasiya rəhbərləri çıraqla yaxşı idmançı axtarırlar, xeyli pul xərcləyərək, xaricdən idmançı gətirirlər. Mənim öz idmançım olsa, onu itirməyə, xeyli pul xərcləyib, kənardan idmançı gətirməyə razı olaram?” Məntiqlə düşünmək lazımdır da… Demək, bu, sənin şəxsi ambisiyandır. Futbol oynayırsan, hamıdan yaxşı çıxış edirsən, amma səni heyətə salmırlar. Söz-söhbət yaranır, siz də yazırsınız. Vüqar Həşimovla Teymur Rəcəbovun hər biri yüksək səviyyəli, dünyada tanınmış şahmatçıdır. Aydın məsələdir ki, bunların arasında rəqabət var və olacaq. Yüzlərlə belə misal göstərmək olar. Bu rəqabət vaxtı biri hiss edir ki, ona özündən yaxşı baxırlar. Bu situasiyanı başqa cür də həll etmək olar. Əgər kimsə sənə başqa cür yanaşırsa, yerindəcə yoluna qoymalısan.
- Hansı formada?
– Hamı necə, sən də elə. Ümumi qaydalarla yaşamalısan. Axı səni nəyə görə istəməməlidirlər? Kim istər ki, Vüqar Həşimov Azərbaycanı tərk etsin? Vüqar qələbə qazananda hamı sevinirdi. Onun pisliyini heç kim istəmir. Ola bilsin, Rəcəbovla nə isə şəxsi məsələləri var. Bu, olacaq. Həmişə olub. Bütün dünyada olub. Yadımdadır ki, Vasili Smıslovla Mixail Tal və Mixail Botvinnik düşmən idilər. Bu da normaldır. Rəqabət gedir də… Amma əlbəttə, burada müəyyən hədlər var. Federasiya isə münaqişədə olan idmançıları razı sala bilmirsə, ikisindən birinin tərəfini saxlamalıdır. Yaxud da şərait elə gətirə bilər ki, ikisi də qovulsun. Bunu Həşimovla Rəcəbova aid etmirəm. Lakin Vüqar Həşimovla Ramil Quliyevin məsələlərini eyniləşdirmək olmaz. Hafiz Süleymanov adlı ağırlıqqaldıran var idi. 1989-cu ildə SSRİ yığmasının tərkibində dünya çempionatına yollandı. Çempion oldu. Amma vətənə qayıtmadı. Bolqarıstana, oradan da Türkiyəyə yollandı. Süleymanovu SSRİ-də bütün adlardan, mükafatlardan məhrum etdilər, neçə adamı işdən çıxardılar. Sonra elə oldu ki, dövran dəyişdi, SSRİ dağıldı, yenə hər şey öz yerinə qayıtdı. Dövran dəyişməsəydi, Hafiz Süleymanov bu gün də satqın və fərari sayılacaqdı. Yaxud Naim Süleymanoğlu Bolqarıstandan Türkiyəyə qaçdı. O, Bolqarıstanda pis münasibətdən şikayətlənmirdi. Sadəcə, türk olduğunu deyirdi. Ramil Quliyev də heç olmasa, Türkiyəyə gedəndən sonra türk olduğunu desəydi, yenə başa düşmək olardı. Amma axı Quliyevdə türk qanı yoxdur.
- Niyə?
– Var, amma müəyyən qədər. Ad və soyadca azərbaycanlı olsa da, ilk yarışına 13-14 yaşında ikən Azərbaycanda yaşayan rus diasporunun komandasında çıxıb. Atası azərbaycanlıdır, anası isə başqa millətdəndir.
P.S. Necə deyərlər,şərhə ehtiyac yoxdur. Amma görəsən, Ramilin anasının başqa millətdən olduğunu deyən Hüseynzadənin Keniyadan gətirib Azərbaycan bayrağı altında beynəlxalq yarışlara göndərdiyi Hayle adlı qadının ata-anası da təmiz azərbaycanlıdırmı? (azpolitika.info)
MilliYol.Az
Digər xəbərlər
loading...