Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. MilliYol.Az xəbər verir ki, toplantının əsas müzakirə mövzusu Topaz Premyer Liqasının 2016/17 mövsümündə neçə komandanın iştirak edəcəyi ilə bağlı olub.
İclasda AFFA prezidenti Rövnəq Abdullayev, momitənin üzvləri - Rauf Əliyev, Kazbek Tuayev, İsgəndər Cavadov, Vaqif Sadıqov və Qurban Qurbanov iştirak edib. Elşad Nəsirov, Mahir Məmmədov, Elmar Məmmədyarov və Firudin Qurbanov toplantıya qatılmayıb. Həmçinin iclasa AFFA-nın baş katibi Elxan Məmmədovla PFL prezidenti Ramin Musayev qatılıb.
Müzakirələrdən sonra çempionata əlavə komandanın buraxılmaması qərara alınıb. Beləliklə, 2016/17 mövsümündə Premyer Liqa 8 komandanın iştirakı ilə keçiriləcək. Bunlar “Qarabağ”, “Qəbələ”, “İnter”, “Neftçi”, “Zirə”, AZAL, “Kəpəz” və “Sumqayıt” olacaq.
"Xəzər Lənkəran"la "Rəvan"ın məsələsini müzakirə etdik. Onların böyük miqdarda cərimələri olduğu üçün Premyer Liqada saxlanılmaları qeyri-mümkündü. Əks təqdirdə, AFFA da FIFA tərəfindən cəzalandırıla bilər" deyə iclasdan sonra Rövnəq Abdullayev bildirib.
İcraiyyə Komitəsinin iclasından sonra açıqlama verən AFFA başçısı növbəti mövsümlər üçün planlardan danışıb: "Qərara alındı ki, çempionat müvəqqəti olaraq 8 komandanın iştirakı ilə keçirilsin. Ancaq baş katibliyə tapşırıq verdik ki, gələn ilə Premyer Liqa üçün 4 komanda hazır olsun. Yəni, 2017/2018 mövsümündə çempionat 10, imkan olsa 12 komandanın iştirakı ilə keçirilsin. Regionlardakı klubların lisenziya almaları üçün işlər görüləcək. “Zaqatala” klubu artıq ictimailəşib. Dedim ki, o kluba diqqət ayrılsın. Bundan əlavə, "Mil-Muğan" da ictimai səviyyədədi. Onun da gələn ilə hazır olmasını tapşırdım".
AFFA həmçinin legionerlər üçün tələb olunan rüsumu da azaldıb: "Qərar alındı ki, legioner rüsumu 5 min manata salınsın. Milli üzvləri olan legionerlər üçün isə çempionatda iştirak pulsuz olacaq. Bunu ona görə etdik ki, klublar daha səviyyəli legionerlər gətirsinlər. Eyni zamanda qərara alındı ki, PFL tərəfindən tətbiq olunan cərimələr 20 faiz azaldılsın".
Rövnəq Abdullayev həmçinin bildirib ki, 2016/17 mövsümündə I divizionda yeni klub çıxış edəcək: "Növbəti mövsümdən I divizionda "Səbael" klubu iştirak edəcək. O rayondakı stadion bu komandanın ixtiyarına veriləcək və "Səbael" ictimai səviyyəli klub olacaq".
MilliYol.Az
Digər xəbərlər
loading...