Türkiyədə koksaki virusunun yayılması ehtimalları ilə əlaqədar Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında azalma müşahidə olunmayıb
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
N.Bağırov bildirib ki, indiyədək bununla bağlı hər hansı problem yaşanmayıb: "Bu virusa görə bilet geri qaytarıldığını da eşitməmişik. Türkiyə azərbaycanlı turistlərin istirahət üçün üstünlük verdiyi xarici ölkələrdən biri və əsası olaraq qalmaqdadır. Hazırda mən özüm də Türkiyədəyəm, burada elə bir problem yoxdur, hətta otellərdə yer tapmaq çətindir".
Qeyd edək ki, son günlər Türkiyədə əsasən uşaqlar arasında koksaki virusunun yayıldığı bildirilir. Azərbaycandan hazırda Türkiyəyə xeyli sayda turistin getdiyini nəzərə alsaq, bu xəstəliyin ölkəmizə keçmə ehtimalı ola bilər. Lakin onu da qeyd etmək lazımdır ki, Türkiyənin heç bir rəsmi qurumu bu virusun ölkə ərazisində aşkar edilməsi ilə bağlı məlumatı təsdiq etməyib.
Məlumat üçün bildirək ki, hüceyrədaxili parazit sayılan koksaki virusuna yoluxan insanlarda qızdırma, ishal əlamətləri, səpki özünü göstərir. Koksaki virusu qrip virusu kimi əsasən hava-damcı yolu ilə keçir. Buna görə də xəstəlik insanlar arasında sürətlə yayılır. Bu virusa məktəbəqədər və məktəbyaşlı uşaqlar daha çox yoluxurlar.
Qeyd edək ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata əsasən, bu il Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən illə müqayisədə 28,96% artıb. Yalnız bu ilin yanvar-may ayları ərzində Azərbaycandan Türkiyəyə səfər edən azərbaycanlıların sayı 243 421 nəfərə çatıb.
MilliYol.Az
Digər xəbərlər
loading...