Bakı metropoliteninin sabiq şefi barəsində yazılanlarla bağlı Musavat.com-a danışıb
Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin Prezident sərəncamı ilə vəzifəsindən azad edilməsindən artıq 40 gün keçir. Lakin hələlik 11 il Yasamal rəhbərlik etmiş sabiq başçının yerinə təyinat yoxdur. Bu arada rayona kimin başçı təyin olunacağı ən çox müzakirə olunan məsələlərdəndir.
Bəzi xəbər saytlarının yazdığına görə, ölkə rəhbərliyinin iradəsinin ziddinə olaraq, Hacı Cavad Məscidini sökdürdüyü üçün işdən qovulan İbrahim Mehdiyevin yerini tutmaq uğrunda çox ciddi mübarizə başlanıb. Ulus.az yazıb ki, Bakının ən böyük və ən strateji rayonlarından olan Yasamal, hakimiyyətdaxili klanların öz nəzarəti altına almaq istədiyi əsas ərazilərdən biri hesab olunur: “Bu rayonun "qiyməti” son illər daha da artıb. Rayonda irimiqyaslı söküntü və tikinti işlərinin həyata keçirilməyə başlaması "qaz vurub qazan doldurmaq” niyyətində olan klanların Yasamala olan marağını daha da artırıb. Klanlar öz adamlarının başçı təyin edilməsinə nail olmaqla, rayonda aparılacaq söküntü-tikinti işlərini də nəzarət altına almaq, ərazidə həyata keçirəcəkələri bina, ticarət mərkəzləri, otel tikintiləri ilə böyük pullar qazanmaq niyyətindədirlər”. Yazıda iddia olunur ki, İbrahim Mehdiyevin qəfil gedişi klanları “hazırlıqsız” yaxaladığından, onların namizədlərinin kim olduqları barədə dəqiq məlumat yoxdur. Ancaq Yasamal rayon İcra Hakimiyyətinin başçısı postu uğrunda bir neçə namizədin artıq mübarizəyə başladığı dəqiqdir. Məlumata görə, onların arasında ən “sürprizi” isə Metropoliten İdarəsinin sabiq rəisi Tağı Əhmədovdur.
“AzPolitika.info”nun xəbərinə görə, Tağı Əhmədovun Yasamal rayonuna başçı gəlmək üçün bütün variantlardan istifadə etdiyi bildirilir. “Hazırda YAP Yasamal rayon təşkilatına rəhbərlik edən Əhmədov, həm partiya xətti ilə, həm də mənsub olduğu klanın vasitəsilə icra başçısı postuna öz namizədliyini verdirməyə çalışır”-xəbərdə deyilir.
Bildirilir ki, Tağı Əhmədovdan başqa Yasamal rayon İcra Hakimiyyətinin başçısı postuna hazırda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri işləyən Tahir Budaqovun da adı əsas namizədlər sırasında çəkilir. Onun icra başçısı təcrübəsinin olması şansını daha da artırdığı vurğulanır. Ancaq 7news.az yazıb ki, prezidentə başqa şəxslərin təqdimatının veriləcəyi də istisna deyil.
Maraqlısı odur ki, T.Əhmədovun Yasamala icra başçısı təyin olunacağı ilə bağlı xəbər ilk dəfə deyil yayılır. Ötən ay “Ölkə.az” etibarlı mənbədən əldə etdiyi məlumata əsasən yazmışdı ki, hakim partiya onun yerinə məsləhətli kadr olaraq Tağı Əhmədovun adını təqdim edib. Təqdimat zamanı Tağı Əhmədovun uzun illər gördüyü çoxsaylı xidmətləri və Heydər Əliyev siyasətinə sadiqliyi qeyd olunub.
Eyni zamanda qeyd edilib ki, Tağı Əhmədov YAP Yasamal rayon təşkilatının sədri olaraq da rayon əhalisi ilə sıx görüşlər keçirib, rayon sakinlərinin müəyyən rəğbətini qazanıb.
Xatırladaq ki, Tağı Əhmədov ölkə Prezidentinin 2014-cü ildə imzaladığı sərəncamla Bakı Metropoliteninin rəisi vəzifəsindən azad edilib. Hazırda isə Tağı Əhmədov Azərbaycan Dama Federasiyasının vitse-prezidenti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədridir. Sabiq metropoliten rəisinin icra başçısı olmaq şansı heç də az deyil. Belə ki, T.Əhmədov 2015-ci ilin iyunundan YAP-ın Yasamal təşkilatının sədridir.
Ancaq nədənsə cənab Əhmədov barəsində yayılan xəbərlərə reaksiya vermir. Bu gün yayılmış son məlumatla əlaqədar T.Əhmədova telefon açdıq. “Tağı müəllim, bəzi xəbər saytları yazıb ki, siz Yasamal rayonuna icra başçısı təyin olunacaqsınız. Doğrudurmu”-sualına belə cavab verdi: “Allah qoysa, xəbəri eşidəndə bu barədə daha geniş yazarsan”(?-red.) T.Əhmədov bunu deyib telefonu söndürdü. Ona görə də düzü, dəqiq bilə bilmədik, cavabı rişxəndlə dedi, yoxsa bu, onun ciddi reaksiyası idi. Gözləyək...
MilliYol.Az
Digər xəbərlər
loading...