“Bayraq dirəyi texniki göstəricilərinə görə çox mürəkkəb qurğudur. Hazırda təlimata uyğun olaraq ümumi texniki baxış keçirilir və işlər qiymətləndirilir”
Bu sözləri Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov “Qafqazinfo”ya bayraq dirəyinin sökülməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirən zaman deyib. O bildirib ki, bu dəfə görülən işlər ildə bir-iki dəfə keçirilənlərdən fərqlidir və əsaslı texniki baxışdır.
“Onsuz da hər il bir-iki dəfə texniki baxış keçirilir, ancaq bu, əsaslıdır. Nəzərə alsaq ki, artıq uzun müddətdir ki, dirək fəaliyyət göstərir, ona görə də bu, öncədən planlaşdırılmış bir işdir. Məqsədimiz metal konstruksiyaların dayanıqlılığını dəyərləndirməkdir.
Bilirik ki, Bakı küləkli şəhərdir və külək zamanı dirək tərpənmək imkanına malikdir. İndi biz baxacağıq ki, metal konstruksiyaların vəzyyəti nə yerdədir. Dirək hissə-hissə sökülərək baxış keçiriləcək, tamamilə sökülmə ehtimalı yoxdur.
Əgər hər hansı bir problem ortaya çıxarsa, aradan qaldırılacaq. Ancaq bugünkü gündə hələ ki elə bir şey görülməyib. Hündürlüyündə hər hansı bir dəyişikliyin olub-olmaması ilə bağlı hazırda məndə məlumat yoxdur”.
Şöbə müdiri qeyd edib ki, vəziyyətdən asılı olaraq texniki baxış müddəti uzun və ya qısa ola bilər: “Kranların gəlməsi, ərazinin bağlanılması sadəcə hazırlıq işləri idi, ancaq bir-iki gündür ki, texniki baxış başlayıb. Əgər heç bir problem olmasa, dirək və bayraq tez bir zamanda bərpa olunacaq. Nəsə bir nasazlıq və hansısa detalın dəyişməsi lazım gələrsə, əlavə vaxt apara bilər. Ona görə, qabaqcadan dəqiq tarix vermək olmur”.
MilliYol.Az
Digər xəbərlər
loading...