YAP-dan Əli Həsənovun nəvəsinin həbsi haqda: "Hamıya xəbərdarlıq edildi ki, ailə üzvlərinizə nəzarət edin"
Yeni Azərbaycan Partiyası (YAP) hakim partiyanın sədr müavini və baş nazirin müavini Əli Həsənovun Bakıda dəhşətli qəza törədən nəvəsi Nail Allahverdiyevin həbsinə münasibət bildirib.
YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə AzVision.az-a açıqlamasında deyib ki, qəza törədən sürücünün həbs olunması Azərbaycanda qanunun hamı üçün eyni olduğunu bir daha sübut etdi.
“Bu hadisə kimliyindən, kiminlə qohum olmağından asılı olmayaraq qanunun aliliyi, törətdiyi əmələ görə hər kəsin qanun qarşısında cavab verməli olduğunu göstərir. Azərbaycanda qanun hamı üçün eynidir. Burada kiminləsə qohumluq və ya hansısa xidmətlər heç vaxt nəzərə alınmayacaq.
Vəzifədə və nüfuzda olan hər bir kəs ailə üzvlərinə görə mənəvi məsuliyyət daşıyır. Onların davranışı, hərəkəti, atdığı addımlara görə vəzifə tutan şəxslər hüquqi olmasa da, mənəvi məsuliyyət daşıyırlar”.
Millət vəkili vurğulayıb ki, sürücü N.Allahverdiyevin həbsi məmurlara növbəti xəbərdarlıqdır: “Hamıya xəbərdarlıq edildi ki, öz ailə üzvlərinizə nəzarət edin. Onların hərəkətlərinə görə, mənəvi cavab verməyi bacarın. Gənclərimizi qanuna hörmət etmək, hamı üçün eyni olan qaydalara riayət etmək və cəmiyyətdə hər kəsin hüququnun qorunmasına hörmətlə yanaşmaq ruhunda tərbiyə etmək lazımdır. Hadisəyə görə dövlət tərəfindən verilən rəsmi reaksiyalar cəmiyyət tərəfindən müsbət qəbul olunur. Hesab edirəm ki, bu, bir çox hərəkətlərin qarşısını almağa və səhv yolda olan gəclərmizi öz səhvini dərk edərək atdığı addımlardan nəticə çıxarmağa gətirib çıxaracaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...